Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının plenar iclasının ilk günündə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edərək ölkəsinin 6 aylıq sədrlik dövrünün prioritetlərini açıqlayıb.APA-nın məlumatına görə, çıxışından sonra parlamentarların suallarını cavablandıran nazir, Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanla münasibətlərə də toxunub: “İyunun 18-də G8 dövlət başçıları sammitində ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsinin rəhbərləri birgə bəyanat verdilər. Biz Ermənistan olaraq bu bəyanatdakı müddəaları bütünlüklə qəbul edirik. Lakin Azərbaycan tərəfi tamam başqa dildə danışır. Biz 3 həmsədr ölkə rəhbərinin verdiyi bəyanatla həmrəy olduğumuzu bildiririk və bu münaqişənin yalnız sülh yolu ilə həll edilə biləcəyini düşünürük. Hesab edirik ki, son 4 ildə verilmiş bəyanatlardakı müddəalar Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həlli üçün əsas ola bilər. Bu müddəalar arasında hansılarınsa digərlərindən üstün olması istiqamətindəki cəhdlər münaqişənin həll olunmasını mümkünsüz edəcək. Biz xalqları müharibəyə deyil, sülhə hazırlamağın vacibliyi fikri ilə də tam razıyıq. Amma təəssüf ki, Azərbaycan tərəfi bunun tam əksini sərgiləyir. Münaqişənin həllində gücdən istifadə etmək heç bir həll yoluna gətirib çıxara bilməz və yalnız danışıqlar yolu sülhü və stabilliyi təmin etməyə imkan verə bilər. Beynəlxalq hüququn yalnız bir prinsipinə istinad edən Azərbaycandan fərqli olaraq, Ermənistan gücdən istifadə etməmə, hüquqi bərabərlik, xalqların öz müqəddəratını təyinetmə hüququ kimi beynəlxalq hüquq normalarına və prinsiplərinə sadiqdir”.
Qaynar.info
Şərhlər