Xəbər lenti

"Hamınızı yasıma dәvәt elәyirәm" - Vaqif Sәmәdoğlu
Sənət 22:13 27.10.2014

"Hamınızı yasıma dәvәt elәyirәm" - Vaqif Sәmәdoğlu


Bir neçə gün əvvəl “Aydın yol” qəzetində Vaqif Səmədoğlunun məqaləsi çap olunub. 

Oxucularımız üçün maraqlı ola biləcəyini nəzərə alaraq, həmin yazını təqdim edirik:

"Nədən başlayım? 75 yaş mənim üçün çox azdır. Yaşamaq istəyirəm, çox yaşamaq istəyirəm, Nüşabə xanımı daha çox görmək, səsini daha çox eşitmək istəyirəm.  

Həyatım elə gətirib ki, dünyanın bir çox tanınmış insanlarını görmək mənə nəsib olub. 1951-ci ildə Kreml sarayında Yeni il şənliyi keçirilirdi. Yaxşı yadımdadır, Çexoslovakiyadan olan bir qızla vals oynayırdım. Birdən çaxnaşma düşdü, darvaza açıldı və Kommunist Partiyasının o vaxtkı rəyasət heyəti içəri daxil oldu. Əvvəllər mənə elə gəlirdi Stalin İçərişəhərin qoşa qala qapısından da keçməz, başı tirə dəyər. Sən demə, Stalin balaca bir kişiymiş. Ağ hərbi forma geyinmişdi, gözümü ondan çəkə bilmirdim.

Mən yaşda az adam olar ki, Boris Pasternakla araq içsin, Fadeyevlə, İlya Erenburqla görüşsün.

Azərbaycanda indi klassik dediyimiz insanların çoxuna “əmi” demişəm. Yaxşı xatirimdədir, bu muzeydə (Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi nəzərdə tutulur – red.) Nizami Gəncəvinin portretinin müzakirəsi keçirilirdi. Birdən Zeynal Xəlil dedi ki, bu portretdəki kişilər hamısı çox gözəldir, nə bilirik, bəlkə Nizami adi adam olub? Atam da razılaşdı, dedi kişi düz deyir də, bəlkə Nizami Gəncəvi elə Zeynala oxşayıb – ikisi də gəncəlidir axı...

Həyatımın ən parlaq səhifələrindən biri Moskva konservatoriyasında oxuduğum dövrdür. Təsəvvür eləyin, dəhlizlərlə gedirsən və bilirsən ki, nə vaxtsa bu dəhlizlərdən Çaykovski, Raxmaninov keçib.

Son vaxtlar əlim nə qələm tutur, nə də piano çala bilirəm. Diktofon da mənlik deyil, bir neçə dəfə cəhd elədim, alınmadı. Get-gedə xatirələr elə qəlizləşir, elə qəddarlaşır ki, ha çalışırsan səni sevindirən yaxşı bir xatirə yada salasan, mümkün olmur. Xatirələrin qəddarlığı, sualların artması, cavabların tükənməsi məni incidir. Daha heç bir suala cavabım yoxdur. Görünür, ölümün müdrikliyi də budur, dünyaya suallarla gəlib, ömür boyu bu sualların cavabları ilə mübarizə aparıb, elə suallarla da ölürük. Suallara məğlub oluruq… Bu, dəhşətli məğlubiyyətdir.

Amma rahat ölürsən, çünki bilirsən ki, sənin kimi başqaları da bu suallara cavab tapa bilməyib. Bütün suallara cavab tapılsaydı, Allahın necə olduğunu, kim olduğunu və harada olduğunu bilərdik. Görünməsə də, bir işarə verərdi.

Üç-dörd ay əvvəl məşhur gürcü kinorejissoru, dostum Otar İoseliani Parisdən zəng vurmuşdu, ağlaya-ağlaya dedi ki, Vaqif, istəmirəm Gürcüstan kapitalizmin cənginə keçsin. Elə bunu deyib dəstəyi asdı… Milli azadlıq hərəkatı oldu, meydanlara çıxdıq, mübarizə apardıq, amma indi görürəm ki, kapitalizmin bizə verdiyi azad ticarət, demokratiya özü də dəhşətli və cavabsız suallarmış.

Bilirsiniz, deməyə nə qədər söz var? Amma bu sözlərin qarşısını xərçəng adlanan bir açar bağlayıb, danışmağa qoymur. Yaxşı ki, düşünməyə, arzulara mane ola bilmir.

Mən bilmirəm ölüm yaxındır, ya uzaq, mən bilmirəm ölüm istidir, ya sazaq. Bircə onu bilirəm ki, mən ölsəm, Nüşabə yazıq olacaq...

Ölümdən qətiyyən qorxmuram, inanın səmimiyyətimə. Bilmədiyim şeydən niyə qorxmalıyam ki? Üstümə quduz it gəlsə, qorxaram, bilərəm ki, quduzdur. Üstümə ac pələng şığısa, gizlənərəm. Amma ölümdən qorxmuram. Bilmirəm axı necədir, siması nədir…

O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm.

Nə deyim? Ölüm haqdır. Bəxtimdən yas məclisləri də ucuzlaşıb. Dünyamı dəyişsəm, hamınızı bəri başdan yasıma dəvət eləyirəm, gözüm üstə yeriniz var.

Ay Allah, bircə arzum var: öləndən sonra tək olanda kiminsə yadına düşüm. Ağlamasa da, gözləri dolsun...

Vaqif Səmədoğlu,
“Aydın yol” qəzeti, 24 oktyabr 2014-cü il"

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->