Xəbər lenti

İdman 12:54 22.11.2020

Qurban Qurbanov: “Artıq qaçqın komandası deyilik"

"Artıq qaçqın komandası deyilik, bu statusu daşımırıq”.

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin İhlas Xəbər Agentliyinə açıqlama verib.

Qaynarinfo xəbər verir ki, 48 yaşlı mütəxəssis Ağdamın işğaldan azad olunmasına münasibət bildirib. Qaçqın komanda adının artıq "Qarabağ”ın üzərindən götürüldüyünü deyən Qurbanov bunun sevincini bütün komanda olaraq birlikdə yaşadıqlarını söyləyib: 

"Biz "Qarabağ” klubu olaraq Azərbaycanda o zonanı təmsil edirdik. Artıq rəsmən "Qarabağ” Ağdam olaraq vurğulanacaq. Futbolçularımızla birlikdə bu günü bayram etdik. Hər kəs çox sevinirdi, bir-birini təbrik edirdi. Bir anda kollektiv daxilində pozitiv mühit yarandı. Bu günü yaşadığımız üçün Allaha şükürlər olsun. Başda Ali Baş Komandanımız olmaqla, Ordumuz, əsgərlərimiz bu sevinci bizə yaşatdı. Xəyallarımızı gerçəkləşdirdilər. Özüm və komandam adından hər birinə təşəkkür edirəm”.

Qeyd edək ki, Ağdam 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən, həmin vaxtdan "Qarabağ” ev oyunlarını Bakıda keçirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?