Xəbər lenti

Qurban Qurbanov:
İdman 00:30 30.11.2018

Qurban Qurbanov: "Həqiqəti deyirəm, sıfırdan başlamalıyıq"

"Çox üzücü məğlubiyyət oldu. Bu gün rəqibin gücünü tam bildik. Bəlkə də, ən yaxşı oyunlarından birini keçirdilər. Belə komandalara qarşı yaxşı oynamaq istəyirik. Amma bəzən buna imkan vermirlər. Çox sürətli oynayırlar. Yaxşı danışacaq bir şey yoxdu. Hər şey bu gün bizim tam gücümüzü və rəqibin nə qədər üstün olduğunu göstərdi”.
 
Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "Sportinq" klubuna 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib. 

Komandasının oyunundan narazı qalan baş məşqçi rəqibin hərtərəfli üstün olduğunu bildirib: "Rəqib hərtərəfli bizdən üstün oynadı. Desəm ki, hər hansı mövqedə yaxşı oynadıq, düzgün olmaz. Portuqaliyanın ən yaxşı uşaq futbol klubu "Sportinq"di. Onların oyunçu seçimi həddən çox yüksək səviyyədədi. Onların topla işləməsini hamınız gördünüz. Avropa futbolu bizim üçün bundan da yuxarı səviyyədədi. Özümüzü aldatmalı deyilik. Çox komponentlərdə zəifik. Bəzən xarakter, istək hesabına nəticə qazanmışıq. Rəqib səndən üstün olanda isə çox səhvlər edirsən və rəqib bu xətaları bağışlamır". 

Qurbanov bildirib ki, hər şeyə real baxmaq lazımdı: "Həqiqəti deyirəm, hər şeyə real baxmalıyıq. Bu gün inkişaf barədə düşünsək, sıfırdan başlamalıyıq. Bu cür böyük klubların, onların çempionatının hansı səviyyədə olduğunu hamımız görürük. Onlar bizdən qat-qat yüksəkdədilər. Kiçik futbol ölkəsi kimi, belə görüşlərdə təcrübə qazanırıq. Futbolçularımız belə rəqiblərin səviyyəsini canlı görəndə, özü üzərlərində daha çox çalışmalıdılar. Hətta eyni səviyyəli komandaların oyununda da belə hesablar olur. Məsələn, Premyer Liqada, La Liqada bunları müşahidə etmişik. Məni ən çox üzən Bakıda belə hesabla uduzmaqdı. Ümumiyyətlə, Bakıda bütün matçlarda qalib gəlmək istəyirəm. Amma reallıq da budu. Böyük inkişaf olmalıdı ki, gələcəkdə belə rəqiblərlə müqavimət apara bilək. Hər halda, yaxşı oyunlarımız da az olmayıb. Güclü rəqiblərlə mübarizə aparmağı bacarmışıq. Amma Avropada futbol get-gedə çox sürətlə inkişaf edir".
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->