"Bizim üçün hər oyun vacibdi. Onlardan biri də sabahkı matçdı. Hamımız qələbə gözləyirik. Lakin əsas məsələ öz futbolumuzu sərgiləməkdi".
Qaynarinfo xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də Avropa Liqasının qrup mərhələsinin III turunda Cənubi Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.
Baş məşqçi zədəlilərin durumu barədə məlumat verib: "Mahir Mədətov və Xayme Romero komanda ilə məşqlərə başlayıb. Amma son qərarı sabahkı məşqdən sonra verəcəyik. "18-lik”də olmaq ehtimalları çoxdu. Araz Abdullayev də böyük ehtimalla "18-lik"də olacaq".
Qurbanov "Avqustda qarşılaşdığınız qarşılaşdığınız APOEL-lə indiki arasında nə kimi fərqlər var" sualına belə cavab verib: "Yeni baş məşqçi gəlmişdi, komanda həddən artıq istəkli idi. Bundan narahat idik. Hansı oyun üslubunda oynayacaqlarını da bilmirdik. Bunu da təxmin etmişdik. Bizim üçün asan olmadı. Amma artıq daha çox bir yerdə olublar. Düşünürəm ki, indi daha təcrübəlidilər və biz çətinliklərə hazır olmağa çalışırıq".
Baş məşqçi komandasının qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Faizlə demək istəməzdim. Qrupdakı digər nəticələri gördünüz. Bu oyuna görə fikir bildirmək düz deyil. Son matça qədər mübarizə gedəcək. Bütün komandaların qrupdan çıxmaq şansı var. Həm "Qarabağ", həm də APOEL üçün çətin olacaq. Həddindən artıq istəkli olmalıyıq. İndi komandalar bir-birilərini daha yaxşı tanıyırlar".
Qurbanov eyni komanda ilə Avrokubokda bir mövsümdə üçüncü dəfə qarşılaşmağın həm mənfi, də müsbət cəhətlərinin olduğunu bildirib: "Psixoloji cəhətdən üstün cəhətləri var. Mənfi tərəfləri də var. Hər iki komanda üçün asan olmayacaq. Hər iki komanda bir-birini daha yaxından tanıyır, yaxşı analiz edə bilər. Həddən artıq istəkli olmalıyıq. Üstünlüyü bunda axtarmalıyıq. Oyun üslubumuzu yaxşılaşdırmalı və istəyimizi də artırmalıyıq. Çempionatda bir rəqibə qarşı eyni mövsümdə 4 dəfə qarşılaşırıq. Məcburuq ki, bu dəfə daha ciddi yanaşaq".
Şərhlər