Sənət 18:54 06.08.2020

“Qurdlar məhəlləsinin bir çox evlərini yerində gördüm”

Səməd Ağaoğlunun anım günüdür.

***
Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlu 1909-cu il aprelin 23-də Bakıda doğulub, bir neçə aylıq körpə ikən ailəsi Türkiyəyə köçüb. Doqquz yaşına qədər atasının İstanbulun Molla Gürani səmtindəki evində yaşayıb. 1918-ci ildə baş verən yanğından sonra ailəsi Saraçhanedə bir evdə məskunlaşıb. İlk təhsilini İstanbulda, Fevziyyə məktəbində alıb, sonra ailənin Ankaraya köçməsi (Keçiörən məhəlləsi) nəticəsində Ankara liseyində oxuyub. S.Ağaoğlu 1921-1931-ci illər arasında Keçiörəndə yaşayıb.




1927-ci ildə Ankara liseyindən məzun olan S.Ağaoğlu atasının təkidi ilə Ankara Universitetinin hüquq fakültəsinə qəbul olub. Əhməd bəy də ona dərs deyənlər arasında idi. Səməd bəy xatirələrində atasının ondan imtahan götürməsinə yer ayırıb: "… Qarşısında ilk imtahan verdiyim gün salon atanın oğlunu imtahan etməsini görmək üçün gələn tələbələrlə dolmuşdu. Bir çox sual soruşdu. Cavab verərkən Başkomandanlıq Qanunu mövzusuna görə Sakarya müharibəsindən bəhs etməyim lazım gəldi. Müharibənin hansı gün baş verdiyini soruşdu. Tərəddüd edərək söylədim. Bir neçə saniyəlik duruxmağım onu qəzəbləndirdi və bağırdı: "Bu tarixi bilməyən, hətta oğlum da olsa, nəzərimdə məmləkətə bağlı olmayan adamdır”. O gecə evdə anama "oğlun əla qiymət aldı, amma xeyli azarladım, tərlətdim” dedi. Dərsə girəndə əvvəlcə mənə baxar, sinifdə olub-olmadığımı yoxlayardı”.


Hüquq fakültəsində oxusa da, ədəbiyyata marağı daha güclü olub, universitetin birinci kursunda ikən tələbə yoldaşları ilə birlikdə "Hep Gençlik” adlı dərgi nəşr ediblər. Behcet Kamal Çağlar, Əhməd Mühip Dranas və Hifzi Oğuz Bekata ilə birlikdə 1929-cu ildə "Gənc türk ədəbiyyatı birliyi” adlı cəmiyyət qurublar, Məhəmmədəmin Yurdaqul bu təşkilatın fəxri sədri olub.


AĞAOĞLU AİLƏSİ


1930-cu ildə Ankara Hüquq Fakültəsindən məzun olan S.Ağaoğlu təhsilini davam etdirmək üçün Fransanın Strasburq şəhərinə gedib. Burada iki il təhsil aldıqdan sonra yay tətilində Türkiyəyə qayıdıb. Elmi işi ilə bağlı yenidən Strasburqa dönmək üçün Ədliyyə Nazirliyinə müraciət edib. Nazir Yusuf Kemal Tengirşenk onun müraciətini müsbət qarşılayıb. Lakin Türkiyədə həmin vaxt hökumət dəyişikliyi olub, yeni Ədliyyə naziri Rüştü Saraçoğlu onun yenidən imtahan verməsini istəyib. Bu imtahanı daha öncə verən Səməd bəy etiraz etdiyi təqdirdə bu cavabı alıb: "Cibində vaxtilə rus pasportu daşımış bir adamın oğlunu Avropaya göndərmərəm”.


Hadisəni öyrənən Əhməd bəy nazirə məktub yazıb: "Bundan illər öncə "İttihad və Tərəqqi” müfəttişi olaraq İzmirdə bir məktəbi təftiş etdiyim zaman gənc bir müəllim mənimlə görüşərək Avropada təhsil almaq istədiyini söylədi. İstanbula qayıtdığım vaxt mən bu dəliqanlıya istədiyi imkanı təmin etdim. Yola düşərkən əlimi öpən bu gəncə "Bərxudar ol” dedim. Bu gənc o qədər bərxudar oldu ki, iqtidara gələn kimi onu Avropaya göndərən adamın oğluna bu sözləri sərf etdi”.
Bu məktubdan sonra utanan nazir onun müraciətini dəyərləndirmək istəsə də, Səməd bəy qəbul etməyib, Strasburqda tanış olduğu Nəriman Babaoğlu ilə ailə quracağı üçün geri qayıtmayıb. S.Ağaoğlu Strasburqda diplom ala bilməsə də, "Strasburq xatirələri” adlı əsərini yazıb.
 


Səməd bəy 1931-ci ildə İzmirin yerli ailələrindən Mehmet Ali Münir Babaoğlunun qızı Nəriman xanımla evlənib, Ankaraya köçüb. 1933-cü ildə anasının vəfatından sonra İstanbula atasının yanına gəlib, lakin bir il sonra yenidən Ankaraya qayıdıb. Səməd bəyin Nəriman xanımla evliliyindən Həsən Tektaş, Mustafa Kamal adlı iki oğlu, Fatma Sitarə adlı qızı olub.
S.Ağaoğlu 1934-1946-cı illər arasında dövlət idarələrində müxtəlif vəzifələrdə çalışıb. 1946-cı ildə millət vəkilliyinə namizəd olub, amma qazana bilməyib. Amma yenidən dövlət işinə qayıtmayıb, sərbəst vəkil, partiya müfəttişi kimi çalışıb, mətbuatda yazılar yazıb. Bu illərdə "Türkiyədə kiçik sənət məsələləri” (1939),
 
"Türkiyədə iş hüququ tarixi” (1939), "Türkiyənin iqtisadi təşkilatında iş odaları, ticarət odaları və ticarət borsaları” (1943), "Qüvveyi-milliyyə ruhu” (1944), "Türkiyədə suçlu cocuqlar” (1947), "İki partiya arasında siyasi fərqlər” (1947) kimi broşüra və ilk kitablarını çap edib. "Zürriyyət”, "Böyük ailə”, "Qatırın ölümü”, "Müəllim Qafur” kimi hekayə kitabları da nəşr olunub.


İkinci Dünya Müharibəsindən sonra təkpartiyalı sistemin Türkiyəni çağdaş dünyadan ayırdığı bəlli olduğu üçün yeni partiyanın yaradılması zərurəti daha da artdı. Nəticədə, 7 yanvar 1946-cı ildə Demokrat Partiya (DP) təsis edildi, Cəlal Bayar sədri oldu. 14 may 1950-ci ildə keçirilən seçkilərdə DP 487 millət vəkili kürsüsündən 408-ni qazandı. 22 may 1950-ci ildə Adnan Menderesin başqanlığında yeni hökumət quruldu, Cəlal Bayar isə prezident oldu.


S.Ağaoğlu 1946-cı ilin iyul ayında Demokrat Partiyaya üzv olub. 1950-ci il seçkilərində Manisadan millət vəkili seçilsə də, ilk hökumətdə ona yer verilməyib. Amma I və II Menderes hökumətlərində Menderesin köməkçisi olub. 1954-ci il seçkilərində yenidən Manisa millət vəkili seçilib, III Menderes hökumətində İşlətmələr naziri, IV Menderes hökumətində Sənaye naziri olaraq çalışıb. 1957-ci il seçkilərində yenə Manisa millət vəkili olaraq məclisə girən Ağaoğlu, V və son Menderes hökumətində əvvəl Sənaye, sonra Dövlət naziri olaraq vəzifə alıb. 1958-ci ilin sentyabrında hökumətdən ayrılıb. 1960-cı il 27 may çevrilişinə qədər millət vəkili olub.


Səməd Ağaoğlu Yassıadada

Hərbi çevriliş nəticəsində S.Ağaoğlu da mühakimə edilib, ömürlük həbs cəzasına məhkum edilib. Əvvəlcə Yassıadada, sonra isə Kayseridə həbsxanada qalıb. Daha sonra bir neçə həbsxanaya köçürülən S.Ağaoğlu 1964-cü ildə verilən əfv fərmanı nəticəsində azad edilib. 1964-1980-ci illər arasında "Dünya” və "Meydan” qəzetlərində çalışıb.

Səməd Ağaoğlu Şuşada
 

S.Ağaoğlu 1966-cı ilin 13 avqustunda xanımı ilə birlikdə SSRİ-yə səfər edib. İki ay ərzində onlar SSRİ-nin bir çox yerlərində, eləcə də, Azərbaycanda olublar. S.Ağaoğlu Bakıda və Şuşadakı qohumları ilə görüşüb. 1967-ci ildə səfər təəssüratlarını ehtiva edən "Sovet Rusiya İmperatorluğu” adlı kitabı nəşr edilib. Bu kitabında Qarabağda gördüklərindən də bəhs edib: "Atamın qartal yuvası kimi anlatdığı Qarabağ, demək olar ki, olduğu kimi qalmışdı. Anamın doğulduğu evi, atamın böyüdüyü, evləndiyi evi, Qurdlar məhəlləsinin bir çox evlərini yerində gördüm”.



Ardınca Səməd Ağaoğlu Qarabağda Sovet hökumətinin bir planını qeyd edib: "Qarabağda bir şey daha öyrəndim. Bu gün muxtar vilayət olan Azərbaycanın bu ərazisini Ermənistana birləşdirmək istəyirmişlər! Bu, Qarabağ türklərini bütünlükdə başqa yerlərə köçməyə məcbur edə bilər və hətta məcbur edəcək. Hara məcbur ediləcəklərini isə, əlbəttə, bir Allah, bir də Kommunist Partiyası bilir”.
S.Ağaoğlu yenidən siyasi fəaliyyət hüququ əldə etdikdən sonra Ədalət Partiyasına daxil olub. 1973-cü il seçkilərində millət vəkilliyinə namizədliyi gündəmə gəlib, lakin Süleyman Dəmirəllə anlaşa bilmədiyi üçün partiyadan istefa verib, bir daha siyasi fəaliyyətə qayıtmayıb.


Hərbi çevrilişdən sonra S.Ağaoğlu memuarlar yazıb. "Atamın dostları”, "Dostum Menderes”, "Mərmərədə bir ada”, "Tanış üzlər”, "Siyasi günlük”, "Həyat bir macəra – uşaqlıq və gənclik xatirələri” adlı memuarlarını çap etdirib.
Həyatının son illərini xatirələrini nəşr etmək, hekayələr yazmaqla keçirən S.Ağaoğlu uzun illər əziyyət çəkdiyi mədə xəstəliyi səbəbindən 6 avqust 1982-ci ildə Cərrahpaşa xəstəxanasında vəfat edib. Sürəyya Ağaoğlu xatirələrində ölüm anında Səməd bəyin Füzulinin "Məni candan usandırdı” qəzəlindən misralar oxuduğunu qeyd edib. Səməd bəy 8 avqust 1982-ci ildə ailə məzarlığında dəfn edilib.
 


Dilqəm ƏHMƏD