Şahin Cəfərli

Blogger
Yazılar
31
Radikal dini cərəyanlar necə ön plana keçdi?

Radikal dini cərəyanlar necə ön plana keçdi?

Şahin Cəfərli
Politoloq

Müstəqilliyin ilk illərində Azərbaycanda siyasi partiyalar inkişaf edirdi.

Qeyri-hökumət sektoru da bütün qüsurları və fəaliyyətindəki xoşagəlməz hallarla bərabər, yüksəlişdə və nəticədə aktiv vətəndaş cəmiyyəti formalaşmaqda idi.

Bu qurumların bir çoxu həm də bir növ diskussiya klubu funksiyasını yerinə yetirirdi, siyasi maariflənməyə və siyasi mədəniyyətin yaranmasına töhfə verirdi. Bu mənada Müsavatın rolunu ayrıca qeyd etməliyəm. (Şahidi və iştirakçısı olduğum üçün.) "Azadlıq"ın məşhur çayxanası da orada gedən söhbətlərin səviyyəsindən asılı olmayaraq, xüsusi qeyd olunmalıdır. Gənclər başda olmaqla, toplumun fəal kəsimi bu müzakirə, mübahisə və siyasi rəqabət mühitinə böyük diqqət və həvəs göstərirdi.

Sonra vaxt gəldi, siyasi iqtidar bu durumu özü üçün ekzistensial təhdid olaraq görməyə başladı. Siyasi partiya institutu, QHT sektoru böyük ölçüdə sıradan çıxarıldı. Müxalifətçilik ölkədə heç bir perspektivi olmayan, hələ üstəlik çox təhlükəli bir məşğuliyyət növünə çevrildi. Belə bir vəziyyət dinə yönəlməni, daha doğrusu, Azərbaycana ixrac olunan müxtəlif dini cərəyanlara və təbliğata marağı artırdı. (SSRİ-nin dağılmasından sonra əhalinin yenidən öz dininə qayıtmasını, ibadətlərini sərbəst icra etməyə başlamasını nəzərdə tutmuram, bu, normal prosesdir.) Bir tərəfdən radikal sələfi cərəyanlar bura ayaq açdı, digər tərəfdən də ölkədəki məzhəb çoxluğunu daha asanlıqla təsiri altına alan və zahirən büruzə verməsə də, başqa dövlətin maraqlarını yeridən şiə esxatologiyası və siyasi teologiyası zehinlərə tədricən hakim kəsildi. Dünyəvi baxışların hakim olduğu siyasi partiya və QHT institutunun sıradan çıxdığı və ya zəiflədiyi bir dönəmdə müəyyən maddi maraq vəd edən, bu maraq olmasa belə, ən azı axirət, cənnət ezoterikası ilə, əsatirlərlə insanları etkiləyən, cəlb edən təbliğat önə çıxdı. İnsanlar başqa ölkələrdəki dini, hətta mülki avtoritetlərə böyük sevgi ilə bağlandı və həmin obrazlarla duyğusal əlaqə qurdu.

Başa düşürəm ki, "aparılan siyasətin nəticəsində belə oldu" demək tam doğru olmaz, istənilən halda bu cür maraq və yönəlmələr olacaqdı, din sahəsində uzun illərin boşluğunu bu sahədə hazır və güclü institutlara malik olan xarici çevrələr doldurmağa çalışacaqdı. Amma doğru siyasət qurulsaydı, daha konkret desək, ölkədə siyasi proses və hüquqlar boğulmasaydı, Azərbaycan pulu, yuxarılarda qohumu, adamı olmayan vətəndaşları üçün xoş gələcək vəd etməyən bir ölkəyə çevrilməsəydi, ümidsizlik cəmiyyəti sarmasaydı, zərərli kənar təsirlərin miqyası bu şəkildə olmazdı və bu təsirlər əlverişli zəmin tapa bilməzdi. Əgər insanlar vətənlərində öz gələcəklərini görmürlərsə, ölkə içərisindəki dini liderlər islamın hökmlərini normal və savadlı şəkildə şərh, izah edən nüfuzlu din xadimi kimi deyil, zəngin və korrupsioner iş adamı kimi toplumda tanınaraq tamamilə hörmətdən düşübsə, ənənəvi media səviyyəsiz kontentlə doldurulubsa və ölkənin gerçək problemləri orada sərbəst müzakirə olunmursa, onda diqqətlərin ölkə xaricinə yönəlməsi, mənəvi və maddi ehtiyacların oradan ödənilməyə çalışılması təbii və qarşısıalınmaz proses olur.

Bu vəziyyətdən ideal və qısamüddətli çıxış yolu yoxdur. (Varsa da, mən bilmirəm.) Amma siyasətin dəyişməsi artiq qaçılmaz zərurətdir. Siyasi partiyalara yenidən sərbəstlik verilməlidir, vətəndaş cəmiyyətini və siyasi fəallığı məhv etməyə, müxalifətçiliyi hörmətsiz və təhlükəli fəaliyyət növünə çevirməyə yönəlmiş siyasətə son qoyulmalıdır. Təhsil siyasətinə ümummilli problem kimi köklü şəkildə yenidən baxılaraq bu sahədə real islahatlara başlanmalıdır. Birdən-birə Qərbi Avropa səviyyəsində olmasa da, tədricən və ehtiyatla da olsa, demokratikləşmə prosesinə start verilməli, konstitusion hüquqlar bərpa edilməlidir. Bunları etmədən xalqın, dövlətin (elə hakimiyyətin özünün də) gələcəyi qeyri-müəyyənlikdə və risk altında qalacaq.

OXŞAR XƏBƏRLƏR

X  No Image