“Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan haqq yolundan geri çəkilməyəcək”
“Azərbaycan dövlətinin qarşılaşdığı təcavüzün nəticələrinin aradan qaldırılması üçün tələb olunan böyük maliyyə vəsaiti bizim BMT-nin qlobal çağırışlarına daha çox töhfə vermək imkanlarımızı məhdudlaşdırır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrə həsr olunmuş müzakirələrdə çıxışında deyib.
R. Mehdiyev bildirib ki, dünyanın ən əhatəli və nüfuzlu qurumu olan BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi hələ də icra olunmur: “İki gün əvvəl Minsk qrupu həmsədr ölkələrin başçıları Vladimir Putin, Barak Obama və Fransua Ollandın yaydıqları bəyanat Azərbaycan və Minsk qrupu həmsədrlər tərəfindən irəli sürülmüş yeniləşmiş Madrid prinsiplərindən, demək olar ki, kənara çıxmır. Lakin Ermənistan bunu qəbul etmir. Onun buğunku siyasəti regionda vəziyyəti gərginləşdirir və bütün yollarla yaranmış status-kvonu saxlamağa çalışır.
Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan dövləti öz haqq yolundan geri çəkilməyəcək. Zaman Ermənistanın xeyrinə işləmir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xüsusilə Cənubi Qafqaz regionunda Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına daha geniş üfüqlər açar və humanitar böhran girdabında çapalayan Ermənistanın da sivil dünya ilə inteqrasiyasına daha münasib şərait yaradardı. Güclü iqtisadi təməl olmadan diasporun maliyyə yardımları hesabına yaşayan dövlət hansı perspektivdən söhbət aça bilməz. Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var. Əksinə indiki status-kvonun davam etməsi Ermənistanı böyük regional layihələrdən kənarda saxlayır, iqtisadi tənəzzülünü sürətləndirir və onu Davamlı İnkişaf üçün təhlükə mənbəyi olaraq saxlayır.
BMT bu həqiqəti nəzərə almalı və Cənubi Qafqazın Davamlı İnkişafı naminə işğalçıları Azərbaycan torpaqlarından çıxarılmasını, özünün 4 qətnaməsinin sülh və təhlükəsizliyin təmin olunması üçün həlledici sözünü deməlidir”.
Şərhlər