Foto 18:29 11.12.2019

Ramiz Rövşənə həsr olunan konsertin məşqi (VİDEO/FOTO)

Dekabrın 18-də Heydər Əliyev Sarayında "Qəfil gün doğsa bir gecə" adlı konsert proqramı keçiriləcək. 

Gecədə Xalq şairi Ramiz Rövşənin şeirlərinə bəstələnən mahnılar və muğam parçaları səsləndiriləcək. Musiqi tərtibatı "Hicaz" qrupuna məxsus olan konsertdə Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynov çıxış edəcək.

Qaynarinfo xəbər verir ki, axşam.az muğam ifaçılarının məşq etdiyi məkana yollanaraq, videoreportaj hazırlayıb. İfaçılar hazırlıq prosesindən, tədbirdə səsləndirəcəkləri muğamlardan bəhs ediblər.

N.Teymurova Ramiz Rövşən yaradıcılığına müraciət etməsinin səbəblərini açıqlayıb:

"Ramiz Rövşənin şeirlərinə vurğunam. Çıxış etdiyim konsertlərdə, qatıldığım verilişlərdə hər zaman çalışmışam ki, kimsə olsun və onun şeirini səsləndirsin. 3 aya yaxındır məşqə başlamışıq. Eyvaz Həşimov bu məsuliyyətli işi öz üzərinə götürdü. Hamısı ilk dəfə səslənəcək şeirlər və musiqilərdir. Tamaşaçılar bunları ilk dəfə bizim ifamızda dinləyəcəklər".

Xanəndə tərəf müqabili kimi Ehtiram Hüseynovu seçməsindən söz açıb:

"Sevilən ifaçıdır. Arada tədbirlərdə birlikdə oxuyurduq. Ona görə də bu konsertdə də birlikdə çıxış etmək qərarına gəldik. Eyvaz bunları gözəl formada hazırladı. Musiqini şeirlərə otuzdurmaq asan deyildi. Ramiz müəllimin şeirlərinə belə ifalar yaraşardı.

"Hicaz" qrupu ilə birləşib, çalışdıq gözəlliyi tamaşaçıya çatdıraq. Elə janr var ki, ilk dəfə müraciət edirəm.

Layihələrimdə istəmişəm ki, musiqimiz hər zaman səviyyəli formada təqdim edilsin. İnanıram ki, bu dəfə də bacardım". 

"Hicaz" qrupunun bədii-rəhbəri Eyvaz Həşimov isə məsuliyyətli işə imza atdığını söyləyib:

"Ramiz Rövşən şeirlərini məktəb illərimizdən oxuyuruq. Əgər musiqilərlə onun şeirlərinə ziyan verdiksə, Allah bizi bağışlasın. Bu planı 7-8 ay əvvəl düşünmüşdük. Sonra Ehtiram təklif etdi ki, bunu gerçəkləşdirək. Biz şeirin musiqisini axtarırıq.

Ramiz Rövşəndən hələ heç bir irad eşitməmişik. O da görülən gözəl işin tərəfdarıdır. Bircə istəyi olub. O da "Lal" kompozisiyası. Bunu sırf Ramiz müəllim özü istəyib".

Ehtiram Hüseynov isə həyəcanlı olduğunu gizlətməyib:

"Ramiz Rövşən yaradıcılığı mənə doğmadır. Hər zaman onun şeirlərindən muğam ifa etmişəm. Onun şeirlərinə çox mahnılar yazılıb. Bizdəkilər isə tam fərqlidir. Məsuliyyətli işdir, həyəcanlanıram. Həm də bu, mənim ilk solo konsertim olacaq. 

Musiqiləri oxumaq böyük məsuliyyətdir. Həm də xoşdur. 13 mahnıdır. Bir qismini mən, bəzisini Nəzakət xanım oxuyacaq. Bəziləri də duetdir. Həyəcanlanıram ki, görəsən, tamaşaçı necə qəbul edəcək".