Ceyhun Alışlı

Blogger
Yazılar
8
Çörək hamıya ÇATIB, onlardan savayı...

Çörək hamıya ÇATIB, onlardan savayı...

Ceyhun Alışlı
AzərTAc

 
Elə dövrdə yaşayırıq, demək olar ki, hər gün nədənsə ya təəccüblənirik, ya da təsirlənirik... Sosial şəbəkələr bizi nə darıxmağa qoyur, nə də karıxmağa: şükür ki, informasiya qıtlığından əziyyət çəkmirik, bolluğundan çəksək də... İnsanlar, belə demək mümkünsə, hər şeylərini özləri ilə birlikdə buraya daşıyıblar. Bəşər övladının həm içinin, həm də çölünün "rəngi”ni görmək mümkündür burada. Hər bir insana məxsus səhifə öz mülkiyyətidir, etik çərçivədən çıxmamaqla hislərini bölüşməkdə azaddır. Təəssüf ki, bəzən xəbərdən söyüşədək qayda-qanun məfkurəsindən kənar, elə həm də məsxərə və məzhəkə dolu "ağıllı” postlarla da qarşılaşırıq. Elə bil, bir çoxları, sosial şəbəkələrdəki səhifələrinə yaradıldığı gündən qaydasızlıq, açıq-saçıqlıq və  çərçivəsizlik "don”u biçib. 

ŞƏBƏKƏLƏRin qaydaları çox vaxt təhlükəli olur: dost da yaradır, düşmən də - yaxınlaşdırır, uzaqlaşdır, tanıdır və tanıtdırır... bütün mənalarda... Hamısı önəmlidir, tanımaq daha çox önəmlidir. İnsan öz həyat və yaşayışını tanımaqla nizamlayır. 

Görkəmli çex yazıçısı Karel Çapek deyirdi ki, insanlar ancaq bildiklərini danışsaydılar, təsəvvür edin, necə sükut olardı.
 
Bu dəfə ŞƏBƏKƏLƏR yenə də sükutu pozdu: insanlar bildiklərini deyil, gördüklərini danışırdılar. Bəşər övladına 15 min il əvvəl məlum olan ÇÖRƏK, sanki yenidən "kəşf” edilmişdi. Millətə, Xalqa hər zaman "xarakter” yaratmaq üçün növbədə gözləyənlər, yenə də iş başındaydılar. Bu dəfə çörəkdən YARATMAQ istəyirdilər. 

 Nazirlər Kabineti yanında Operativ Qərargahın  koronavirusa görə müəyyənləşdirdiyi qaydalara əsasən, ölkəmizdə ikigünlük sərt karantin rejimi tətbiq olunduğundan, ilk dəfə marketlərə də şamil edildi. Nədənsə, ikigünlük tədarükləri üçün buraya üz tutan vətəndaşların alış-veriş məsələsinin müzakirəsinə bir az çox diqqət ayrıldı. Xüsusən, insanların "çörək növbəsi”ndə bir-birlərinə imkan verməməsi və çörək "qamarlama”ları müzakirəyə çıxarıldı. Kimi dedi, "aclıq ilə toxluğun arası bir parça çörəkdi”, kimi dedi "acın gözü çörəkdə, toxun gözü hənəkdə”... Sanki insanlara imkan verilmirdi ki, çörəklərini süfrələrində yesinlər.  

 Bizdə çörək kasıbın da, varlının da evində birinci gətirilib, axırıncı götürülür. Məsələn, 30 kvadratmetrlik bir marketin yerləşdiyi ərazidə elə 30 ailə yaşayırsa və hər ailədə ən azından üç nəfər varsa, nəticədə 90 nəfərin ikigünlük istifadə edəcəyi çörəklərin sayı, minimum  4 çörəkdən 120-yə bərabərdir. Gün ərzindən çörək marketlərə iki dəfə, nadir hallarda üç dəfə gətirilir, o da tələbatdan asılı olaraq. Bu, o deməkdir ki, satıcı gün ərzində - səhər və  günorta 60 çörək qəbul etməlidir. Gəlin, müqayisə aparaq, adi günlərdə 30 kvadratmetr sahəsi olan bir marketdə, əlbəttə ki, bir günə 50-60 çörək satıla bilər. 

 Lap 80-100 çörək də satıla bilər, yalnız belə hallarda. Nəzərə alaq ki, 30 ailə hər gün həmin dükandan çörək almaya da bilər. Ya yaşayış yerinə yaxın digər marketə gedə, ya işdən evə gələndə yolüstü hansısa bir yerdən ala, ya da evdə bişirtdirə bilərdi. Mənim yaşadığım ünvanda sakinlərin alver etdiyi 3 market fəaliyyət göstərir. Elə hamı kimi, mən də günün ikinci yarsında marketlərin birinə daxil olduqda, bütün ərzaqların düzülüşü  pozulmamışdı. Hətta az da olsa, çörək də qalmışdı. Marketlərə çörək, tələbata uyğun, satıla biləcəyi sayda verilir. Əminəm ki, bu dəfə marketlər çörəyi həmişəkindən  artıq alıblar. Çünki sahibkar iki gün ərzində satacağı ərzağa gündəlik nə qədər tələbat olduğunu yaxşı bilir. Digər müqayisələri özünüz düşünün. 
Açığı, çörəkdən çox istifadənin tərəfdarı deyiləm. Kimin nə qədər çörək yeməsi, öz işidir. Kimə çörək çatmırsa, onu özünə və balasına ÇATDIRMAQ üçün necə davranacağı da öz işidir. İnsanın evində yeməyə heç nəyi olmaya bilər, ancaq çörək mütləq olmalıdır ki, kiminsə özünün və balasının mədəsi boş qalmasın. Çörək - gücdür, elə kasıb da həmişə GÜCünü çörəkdən alır. İndi kimsə durub, həmin marketdən məqsədli və məqsədsiz bir "çörək videosu” paylaşıb, o da  düşüb bəzilərinin əlinə, şəbəkələrdə sağdan da döşüyürlər, soldan da... Düşünün, bəlkə, ümidini elə o çörəyə bağlayan beş, on nəfərin haqqına girirsiniz... 

Adama elə gəlir ki, burada çörək alanlar deyil, çörək ANLAŞILMIR. 

Əndişələnməyin, çörək hamıya ÇATIB, sizdən savayı...


 

OXŞAR XƏBƏRLƏR