Sağlamlıq 18:49 28.09.2019

Ürək xəstəliklərinin qarşısını alan 3 effektiv üsul

Nədənsə insanlar ürək xəstəliklərindən deyil, daha çox xərçəngdən qorxur.

Xərçəngin halları artsa da hər il ürək-damar sistemi xəstəliklərindən ölən insanların sayı xərçəngdən ölənlərdən qat-qat daha çoxdur.

Bu o deməkdir ki, ürək-damar sistemi xəstəlikləri xərçəngdən daha təhlükəli və qorxuludur. Müəyyən çox sadə qaydalara əməl etməklə ürək və damar xəstəliklərinin riskini xeyli azaltmaq mümkündür. Bu qaydalar haqqında Rusiyanın tanınmış kardiocərrahı, professor Leo Bokeriya "Veçernaya Moskva”-ya verdiyi müsahibədə danışıb.

Qaynarinfo saglamolun.az-a istinadən xəbər verir ki, həyatının əksər hissəsini ürəyin sağlamlığına həsr etmiş alimin sözlərinə görə, ürəyə ən böyük ziyan siqaretlər vurur. Bu səbəbdən siqaret çəkməkdən vaxt itirmədən imtina etmək lazımdır. Həkim elektron siqaretlərinə olan "dəb”ə  də toxunub. Bokeriyanın sözlərinə görə, bu siqaret növü adi siqaretlərdən heç də "ziyansız” deyil və bəlkə də əksinə daha ziyanlıdır.

Digər vacib qayda təmdəyərli yuxudur. Gecə yuxusu 7 saatdan az olmamalıdır. Məhz gecə vaxtı orqanizm dincəlir və bərpa olunur. Bu xüsusilə ürək-damar sisteminə aiddir ki, bütün gün ərzində ürək çox gərgin rejimdə çalışır. Həmçinin Bokeriya qeyd edib ki, hər gün təxminən eyni saatlarda (23.00-a qədər) yuxuya getmək və səhər eyni saatlarda oyanmaq ürəyin sağlamlığı üçün çox vacibdir.

3-cü qayda hərəkətlilikdir. Həkim xüsusilə yerişi tövsiyə edir. Onun sözlərinə görə, hər gün 40 dəqiqə - 1 saat ərzində orta tempdə gəzmək lazımdır.