Xəbər lenti

Rəqəmsal gələcəyin gəldiyi beş ölkə: Orda yaşamaq yaxşıdırmı?
Texnologiya 21:12 21.07.2019

Rəqəmsal gələcəyin gəldiyi beş ölkə: Orda yaşamaq yaxşıdırmı?

Hansı ölkələrdəki internetin sürətinə paxıllıq etmək olar? Şirkəti onlayn qeydiyyatdan keçirmək və ya yerli mobil nömrə almaq hansı ölkədə daha tez başa gəlir?

Evdən çıxmadan və ya kafedə oturub bizneslə məşğul olmaq hansı ölkədə mümkündür?

Yerli sakinlərin diliylə sizə rəqəmsal gələcəyin artıq gəldiyi ölkələr haqqında məlumat veririk.

Kommunikasiya imkanları dünya ölkələrinin mədəniyyətinə təsir edir, onları dəyişir. Bir çox yerlərdə rəqəmsal element gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.

Yüksək sürətli internet, mobil qurğular sayəsində onlayn fəaliyyət və qeyri-nağd ödəmələr qlobal iqtisadiyyatı irəli aparır.

Bəzi ölkələr onlayn xidmətləri daim yaxşılaşdıraraq və onları hamı üçün əlçatan səviyyəyə gətirərək digərlərinə nisbətən rəqəmsal gələcəyə daha sürətlə yaxınlaşırlar.

Ekspatların qlobal "İnterNations" cəmiyyəti yeni nəsil kommunikasiyalarını tətbiq edən əsas ölkələr haqqında məlumat vermək üçün "Digital Life Abroad" ("Xaricdə rəqəmsal həyat") təşkilatının hesabatını dərc edib.

Sənəddə onlayn xidmətlərin inkişaf və keyfiyyət səviyyəsi baxımından yüksək ixtisaslı emiqrantlara iş imkanı yaradan ölkələrin 5 kateqoriya üzrə reytinq cədvəli əks olunub.

Biz bu siyahıda ilk yerləri tutmuş bəzi ölkələrin vətəndaşlarıyla söhbət etmişik. Onlar bizə bir ayağı gələcəkdə olan ölkələrdə yaşamağın üstünlüklərindən danışıblar.

Estoniya

Ümumi reytinqdə birinci yer

"İnternetin əlçatanlığı" və "onlayn dövlət" xidmətlərində liderlik edən Estoniya ümumi hesabda birinci yeri tutub.

Bu ölkə SSRİ-nin tərkibindən çıxıb müstəqil olandan sonra rəqəmsal infrastruktura ciddi ölçüdə investisiya qoyur.

Hökumətin sponsorluq etdiyi "e-Estonia" proqramı seçkidə onlayn səs vermək, onlayn bankinq və onlayn səhiyyə xidmətlərindən istifadə etmək, hətta "e-residency" ( Estoniya vətəndaşlığı olmayanlara öz şirkətini yerli şirkət kimi qeydiyyatdan keçirə bilmək üçün virtual vətəndaşlıq yaradan sistem) qazanmaq imkanı yaradır.


1991-ci ildən etibarən Estoniya rəqəmsal infrastruktura, o cümlədən, onlayn səhiyyə xidmətlərinə investisiya qoyur

Bu gün "e-Estoniya" proqramı "rəqəmsal köçəriləri" və xarici biznesmenləri öz şirkətlərini bir Avropa İttifaqı ölkəsində qeydiyyatdan keçirmək fürsətinə görə cəlb edir. Bu isə, şübhəsiz ki, Estoniya iqtisadiyyatı üçün faydalıdır.

"Burda internetə çıxış əsas insan haqlarından biri hesab olunur. Hətta Saaremaa kimi gözəl mənzərəli adalarda da internet var" - avstriyalı biznesmen, hazırda Estoniyanın paytaxtı Tallində yaşayan Alexandra Nima belə deyir.

"Rezident kimi qeydiyyatdan keçməkdən tutmuş şirkət açmağa qədər burda hər şey maksimum çox sürətlə baş verir".

Bu cür kommunikativ imkanlar az qala telefon zənglərini də keçilmiş mərhələ halına gətirir.

"Çat vasitəsilə bir şey istəmək mənə daha asan gəlir. Ya da bir mağazanın bayram günlərində açıq olub-olmayacağını zənglə yox, "Viber"lə yazaraq öyrənirəm" - Tallin sakini, "Obyte" kriptovalyutası platformasının yaradıcısı Tarmo Annus belə deyir.

Amma belə total rəqəmsallaşma müəyyən təhlükələr də yaradır. Məsələn, Estoniya 2007-ci ildə kiberhücuma məruz qalan ilk ölkə olub.


Estoniya kiberhücuma məruz qalan ilk ölkədir

O dövrdə ABŞ-ın Estoniyadakı səfiri olmuş və sonradan bu haqda kitab yazmış Deyv Fillips deyir ki, "Həmin hücum internet saytlarını bloklamış, bütün rəqəmsal infrastrukturu iflic etmişdi. Bank kartları və mobil telefonlar işləmirdi".

Sözügedən hücumdan sonra NATO beynəlxalq kiberhücumlar zamanı fəaliyyət haqqında təlimat hazırlayıb. Bir neçə NATO ölkəsinin təşəbbüsüylə Tallində bu təşkilatın ortaq kibermüdafiə üzrə Ekspert Mərkəzi yaradılıb.

Finlandiya

Ümumi reytinqdə ikinci yer

Finlandiya ilki nağdsız ödəmələr olmaqla, 5 kateqoriyanın dördündə liderlik edir. İnternet bu ölkə üçün o qədər vacibdir ki, 2010-cu ildə hökumət hər bir ölkə vətəndaşının genişzolaqlı internetə çıxış hüququnu rəsmiləşdirib. Finlandiya belə bir qərarın qəbul edildiyi ilk ölkədir.

"Söz azadlığıyla birlikdə yüksək sürətli internet bizim ekosistemimizi daha dözümlü və təhlükəsiz hala gətirir" - Tamper sakini, alıcıların və müştərilərin rəylərini öyrənmək üçün hazırlanmış "HappyOrNot" ("Razısan, yoxsa yox") proqramının yaradıcısı və icraçı diektoru Heikki Väänänen belə deyir.

"Bizdə hər kəsin informasiyaya çıxışı var. Bu, bilmək və təhsil almaq üçün bərabər imkanlar yaradır və ölkənin gələcəyinə ciddi dərəcədə təsir edir".


Finlandiya hökuməti 2010-cu ildə hər bir ölkə vətəndaşının genişzolaqlı internetə çıxış hüququnu rəsmiləşdirib

Dövlət xidmətlərindən onlayn istifadənin asanlığı və bir çox xidmətin avtomatik olaraq başqa dillərə tərcüməsi bu ölkəyə gələn əcnəbi mütəxəssislərin işini yüngülləşdirir.

"İngilis dilində onlayn xidmətlər fin dilini bilməyənlərə çox kömək edir" - "Mənim evim Finlandiya" bloqunun qurucusu, səkkiz ildir Helsinkidə yaşayan şotlandiyalı Peter Seenan belə deyir.

"Bu gün siz Finlandiyada ingilisdilli saytdan istifadə etməklə həkim növbəsinə yazıla bilərsiz və ya bir işçi olaraq bu ölkədəki haqlarınızla tanış ola bilərsiz. Bura tələbə mübadiləsiylə gəldiyim 2004-cü illə müqayisədə indiki vəziyyətə böyük sıçrayış demək olar".

Finlandiyada rəqəmsal infrastruktur təhsilin inkişafına və cəmiyyətlərə nəzərən genişləndirilir. Bu, investisiyaların insanlara internetdə işləmək imkanı yaradan fiziki obyektlərə yönəldilməsindən xəbər verir.

Seenan deyir ki, "Təzəlikcə Helsinkinin mərkəzində möhtəşəm rəqəmsal funksiyaları olan kitabxana açılıb. Rayonlarda belə mərkəzlərin olması ən müxtəlif təbəqələrin təmsilçilərinə internetdən istifadə etmək, o cümlədən, idmanla məşğul olmaq və qəlyanaltı etmək fürsəti yaradır".

Maraqlıdır ki, telefonlar da daxil, bu tam "qoşulma" vəziyyətinə baxmayaraq finlərin çoxunda internet asılılığı yoxdur.
 

Yayda finlər smartfon ekranlarında qurdalanmağa yox, təbiət qoynunda zaman keçirməyə üstünlük verirlər

"Yayda finlər bağ evlərinə gedirlər və bütün dünyanı unudurlar. Belə vaxtlarda onlar, adətən, "əhatə dairəsi xaricində" olurlar" - Seenan belə deyir.

Finlandiyada yarım milyondan çox yay evi var, finlər bu evlərdə "mökkielämä" (bağ həyatı) atmosferində istirahət edirlər.

"Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) finləri dünyanın ən sağlam millətlərindən biri adlandırıb - onların üçdə ikisi ÜST-nin tövsiyələrinə əməl edərək həftə ərzində minimum fiziki hərəkət normasını (150 dəqiqə normal aktivlik və ya 70 dəqiqə enerjili aktivlik) yerinə yetirilər".

İsrail

Ümumi reytinqdə üçüncü yer

İsrail "limitsiz internetə çıxış" və "yerli mobil nömrənin asan əldə edilməsi" kateqoriyaları üzrə üçüncü yerə çıxıb. Bu dövləti innovasiya texnologiyalarının qüdrətli mərkəzi adlandırmaq olar.


İsrail əbəs yerə startaplar ölkəsi adlandırılmır: yeni kiçik şirkətlər burda göbələk kimi çoxalır

Ölkəyə verilən "Startup Nation" ("startaplar milləti") ləqəbi israillilərin xoşuna gəlir. Onların çoxu mobil telefonlarındakı sosial şəbəkə və kommunikasiya proqramlarını nadir hallarda deaktiv edirlər.

"InterNations" təşkilatının İsraildə yaşayan nümayəndəsi Mariya Pinelis deyir ki, "Hətta yaşlı adamların da smartfonu var, onlar da "Facebook"da "ilişib" qalırlar, videogörüntülü rabitədən istifadə edirlər.

Burda messencerlə əlaqə saxlayan, ABŞ-ın hansısa şəhərində yaşayan nəvəsiylə videozəng vasitəsilə danışan 60-70 yaşlı qadınlar görə bilərsiz".

"Amen V'Amen" media şirkətinin qurucusu və icraçı direktoru, Təl-Əviv yaxınlığında yaşayan Rafael Hope-un sözlərinə görə, İsraildə internet sürətli, ucuz və etibarlıdır; bunu həm iş adamları, həm də "rəqəmsal köçərilər" yüksək qiymətləndirirlər.

"Şəxsən mən əsasən ya evdən, ya da kafedən işləyirəm, bu isə o deməkdir ki, internetin əlçatanlığına inamım böyükdür" - Hope belə deyir.

"Kafelərin çoxunda pulsuz WiFi var. Bundan başqa, İsraildə internet-provayderlərin çoxu şəhərin bəzi rayonlarında öz istifadəçilərinə ödənişsiz WiFi təşkil edirlər".

Hope deyir ki, "startap" stilində yaşamaq istəyənləri, adətən, Təl-Əvivə - heç vaxt yatmayan şəhərə göndərirlər.

Ölkənin mindən çox startapı bu şəhərdədir.

"Bu durum bir çox israillinin, o cümlədən, gənclərin diqqətini cəlb edir.

Onlar cəmiyyətin bir hissəsi olmaq üçün Təl-Əvivdə yüksək mənzil icarəsi ödəməyə belə razıdırlar".


İsrail yüksək texnologiyalar ölkəsidir. Dəniz suyunun duzdan təmizlənməsi üzrə dünyanın ən iri müəssisəsi Təl-Avivdə yerləşir

Kanada

Ümumi reytinqdə yeddinci yer

Kanada bütün kateqoriyalarda, xüsusilə də dövlət xidmətlərinin əlçatanlığı və nağdsız ödəmələr üzrə yüksək yerləri tutub.

Burda rəqəmsal həyat şəhərlərdə daha çox inkişaf edib, çünki müasir texnologiyalar şəhərlərə daha tez gəlib çıxıb, internetə çıxış da şəhərlərdə daha yaxşı və daha etibarlıdır.

"Toronto kimi meqapolislər rəqəmsal həyat üçün daha əlverişlidir. Yeni və nisbətən kiçik mağazalar texnologiyalardakı yeniliklərə, o cümlədən, smartfonların köməyilə ödəniş edilməsinə daha tez adaptasiya olurlar" - "Penguin and Pia" saytında bloq aparıcısı olan kanadalı Eric Wychopen belə deyir.

Kanadada internet xidmətləri digər ölkələrə nisbətən bahadır. Çünki telekommunikasiya sahəsi xeyli təmərküzləşdirilib, bəzi rayonların təminatı zəif təşkil olunub.


"InterNations" təşkilatının reytinq cədvəlində Kanada 7-ci yeri tutur

"Kanada həmişə internet xidməti baha olan ölkələr siyahısının başında durur. Eyni zamanda, burdakı "yüksək sürətli" internet də ən zəif olanlardandır" - "Coinsquare" kriptovalyuta ticarət platformasının böyük əməkdaşı Tomas Yankoviç belə deyir.

Ancaq ümumi götürəndə dövlət xidmətlərinin onlayn əlçatanlığı və limitsiz internet (bu kateqoriyalar üzrə 8-ci və 11-ci yerlər) öz bizneslərini öz istədikləri yerdən yürütmək istəyən iş adamları üçün Kanadanı cəlbedici hala gətirir.

"Onlayn qeydiyyat, onlayn əməliyyatlar, onlayn mühasibat, onlayn hesablaşma və sairə - bütün bunları evdə və ya kafedə, ya da hansısa çadırda (kempinqdə WiFi varsa) oturdunuz yerdə edə bilərsiz. Bu, xərcləri azaltmaq və vaxta qənaət etmək baxımından əsl möcüzədir" - Yankovski belə deyir.

Cənubi Koreya

Ümumi reytinqdə 27-ci yer

"Cənubi Koreyada gündəlik sürətlə ötüb keçir. Meyvələrin sifarişi və çatdırılmasıyla qiymətin ödənilməsi cəmi beş saniyə çəkir" - Seulda doğulmuş Choi Ye Eun belə deyir. Onlayn bankinq və messencer xidmətlərinin qarışığından ibarət "KaKao Bank" xidmətlərinin rahatlığını Choi çox bəyənir.

Ölkə "ev internetinin sürəti" kateqoriyasında xüsusilə yüksək yer tutub. Cənubi Koreyadakı internet həqiqətən dünyada ən sürətli internet hesab olunur.

Bu, oyunlardan tutmuş videostriminqə qədər bütün onlayn əyləncələr üçün geniş imkanlar açır.

"Bu çox yaxşıdır, qatarda darıxmırıq - ya "YouTube"-da filmlərə baxırıq, ya da "İnstaqram"dakı həştəqlər üzərində "serfinq" edirik" - Choi belə deyir.

Seul sakini Lee Namoo (Martin) təsdiqləyir: "İnternetin Koreyadakı sürətinə bütün dünya paxıllıq edə bilər. Mən kəsilməyən videostriminqi, yüksək sürətli yükləmələri, videoçatlarda söhbətləşməyi adi şey kimi qəbul edirəm".


İnternetin Koreyadakı sürətinə bütün dünya paxıllıq edə bilər

Qonşu Çindən və Cənubi Koreyadan fərqli olaraq dövlət internetə daha açıq giriş təmin edir və bu vətəndaş fəallığının artmasına səbəb olur.

Choi deyir ki, "Rəqəmsal bərabərlik Cənubi Koreyada demokratiyanın inkişafına səbəb olub. Limitsiz internetin əlçatanlığı vətəndaşların sosial məsələlərdə aktivləşməsinə şərait yaradır, siyasətçilərin yanlış qərarlarına etiraz olaraq keçirilən aksiyalara toplaşmağı asanlaşdırır".

Korrupsiyada və hakimiyyətdən sui-istifadədə günahlandırılan prezident Park Geun-hye istefasına səbəb olmuş 2016-2017-ci il aksiyaları da sosial şəbəkələrin "ayağına yazılır". Koreyalıların qlobal #MeToo hərəkatına qoşulmasında və seksual təcavüzə görə həbslərin baş verməsində də sosial şəbəkələrin rolu olub.

Sürətli internet faktına baxmayaraq bəzi onlayn xidmətlərin və mobil proqramların keyfiyyəti heç də ən yüksək səviyyədə deyil.

"Elə rəqəmsal xidmətlər var ki, onlardan istifadə etmək çətindir, bəzən proqramlar donur. Şəxsi məlumatların sızdırılması halları da olub" - Lee belə deyir.

2019-cu ilin əvvəlində üzə çıxıb ki, Cənubi Koreyanın bəzi mobil şirkətləri "Android" sistemi üçün parolları və maliyyə göstəricilərini başqalarına ötürüblər. Hüquqi "Bloomberg Law" portalının reytinqində şəxsi məlumatların sızdırılması təhlükəsinə görə Cənubi Koreya ən riskli ölkə olaraq göstərilib.

Lee həm də interfeyslərinin rahatlığına görə Koreya proqramlarının Amerika variantlarından istifadə etməyə üstünlük verir - məsələn, "Amazon" və "PayPal" kimi.

Mənbə: BBC

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->