Rəşad Mahmudov: Tanrı tərəfindən göndərilən həkim

Rəşad Mahmudov: Tanrı tərəfindən göndərilən həkim

Ürəyimizin adamı, loğmanı, allahı demək daha doğru olar bu gözəl mütəxəssis üçün, alim üçün, millət vəkili olmuş insan üçün! Biz çiçəklənən, inkişaf edən Azərbaycanda bundan sonra çox Rəşad Mahmudov kimi sevimli həkimlər, əziz insanlar görəcəyik, tanıyacağıq – amma heç biri Rəşad Mahmudov olmayacaq! O, bizim ürəklərimizin – illərlə əzizlərimizi, doğmalarımızı, dostlarımızı ürəyindən alıb aparanların xilaskarı olaraq ilkimizdir! Bizim üçün Klivlenddir, Gülhanədir, Tokiodur, Tehrandır, Moskvadır! Hamının əvəzidir bizim ağır günlərimizdə! Varlı-kasıb bilməyən, nəzərə almayan ürək adamıdır ürək həkimi! İnsanlığın ürəyi – göz deyil ki, çıxarıb yaşayasan, əl deyil ki, kəsib atasan, ayaq deyil ki, əvəzində protez qoyasan yerinə! Heç diş də deyil ki, ağzını dodağınla ört-basdır edəsən! Ürəkdi ürək!

Və elə biz o ürəyimizə görə "ürəkdir e, ürək ” dediyimiz Rəşad Mahmudovu xatırladırıq! Çünki…

Rəşad həkim hər ürəyi əməliyyat edəndə, müalicəsini aparanda  o ürəyin ağrı-acısını, əzabını, o ürəyi daşıyanların yaşadığı duyğuları da hər çırpıntısında könlünə, qəlbinə transplantasiya edir.Ta o vaxtacan ki… Bu, o vaxta qədər davam ki, ürək özünü ürək kimi aparır, ürək ürək olur, əvvəlki ritmində, əvvəlki ahəngində döyünür. O ürək şıltaqlığıyla vidalaşanda, əvvəlki məcraya qayıdanda, Rəşad həkim də bir dinclik tapır, sanki dünyanın bütün var-dövlətinə, naz-nemətinə sahib olur, yaşamaq-yaratmaq həvəsi, eşqi coşub-kükrəyir.

Ürəklər ürək kimi döyünəndə yaşayanda Rəşad həkim də rahatlıq tapır – ürəklərin sağlamlığından rahatlıq tapır ürəyi əziz insanımızın!

…Nə gizlədək, çox vaxt ürək ağrıyanda, dincliyini itirəndə günahı özümüzdə, qeydimizə qalmamaqda, sağlamlığımıza laqeyd, biganə yanaşmaqda görürük. Bu, həqiqətdir, amma o da sirr deyil ki, əslində, ürəyimizə düşmən özümüzdən daha çox, sağ-solumuzda dayanan bəndələr qənim kəsilir. Bu yerdə Cabir Novruzun şeirindən bir  misranı xatırlayıram: "... bir-birinizin ürəyini qoruyun”. Qoruyuruqmu?!. Yox, bir də yox. Qoruyan, ağır, çətin əməliyyatlar hesabına ürəyimizə məlhəm qoyan,  yaşam verən, onu amansız xəstəlikdən xilas etməyə cəhd göstərən, əksər hallarda isə buna nail olan və ömür dediyimiz karvan yolu mənzilinə ağrı-acıcız çatacağımıza yardım edən, bir sözlə, belə çətin, son dərəcə məsuliyyətli missiyanı vicdanla, şərəflə gerçəkləşdirən neçə-neçə həkim sırasında Rəşad Mahmudovun adı hər zaman iftixarla, sevgiylə çəkilir.

*

…İlahidən həkim Rəşad Mahmudova insanları sevmək, çətin, dar məqamlarda onların harayına yetmək, dərdinə çarə tapmaq vergisi verib.     

Allah Rəşad həkimin alnına ona üz tutan bəndələri sağlam, xoşbəxt gələcəyə aparan yola yönləndirmək qisməti yazıb.

Allah  Rəşad həkimə ürəkləri duymaq, ürəklərdə gizlənən dərd-kədəri oxumaq, ürəklərdən süzülən işıq selinin bənd-bərəsini açmaq, məcrasına yönəltmək istedadı verib. 

İlahidən həkim Rəşad Mahmudova fitri istedadı ilə nəinki dogma Azərbaycanında, eləcə də dünyada böyük kardioloq–cərrahlardan biri kimi tanınmaq xoşbəxtliyi,  bəxtəvərliyi bəxş edib. 

*

Ürək döyüntüsü bəxş etdiyi insanlar həkim Rəşad Mahmudovu Allahın verdiyi ömür həddini yaşayanadək,  hər zaman minnətdarlıqla xatırlayır, doktora olan dualarını əsirgəmirlər. Rəşad həkimin  o insanları o dünyanın sərhədlərindən geri qaytardığına görə doktora Ulu Tanrıdan hər zaman yardımçı olmağı diləyirlər, Allah-təalanın bəndəsi üçün xəlq elədiyi bütün yaxşılıqları, xoşbəxtlikləri doktora arzulayırlar.

Həkim Rəşad Mahmudov gün ərzində orta hesabla 7-10 ton arasında qan vuran ürəyə bir rahatlıq, dinclik bəxş edəndən sonra, o ürəyi təkcə yenidən döyünənə, yenidən yaşayıb-yaratmaq eşqinə qovuşana qədər deyil, həm də sonrakı günlərdə, aylarda, hətta illərdə də tək-tənha qoymur, qəlbi o ürəklə birgə döyünür, o ürəkdə arzuların çiçəklənməsinə,  bar-bəhər verməsinə çalışmaqdan,  can yandırmaqdan usanmır. 

*

Rəşad  həkim bu peşəyə təsadüfən yiyələnməyib, bu, ona genlə,   qanla keçib, dədə-babalarından ötürülüb. Eşitdiyimə görə, nəsil-nəcabətində insanlara şəfa verən, onları sağlamlıqlarına qaytaran həkim az olmayıb. 

O, bu peşədə, həm də ona görə uğur qazanıb orta və ali məktəbdə təhsil alanda, ürək–damar cərrahiyyəsi aspiranturası və doktoranturası proqramına yiyələnəndə, ixtisaslaşmada çalışanda seçdiyi sahənin məsuliyyətini dərindən dərk edib. Ən bəsit anadangəlmə ürək qüsurlarından ta ən mürəkkəb ürək transplantasiyası və süni ürək transplantasiyasına qədər bütün əməliyyatların aparıldığı vaxtlarda tanınan, böyük nüfuz qazanan professorların bilik və təcrübələrindən qədərincə bəhrələnib.   

Diqqətçəkən bir də o məqamdır ki, doktor  o insanları, ona dayaq duran, heç bir təmənna güdmədən həyatda mövqe qazanmağında  yardımçı olan o alimləri bu gün də unutmur.

Azərbaycanda özəl səhiyyənin ilk təşkilatçısı, mərhum həkim Fəxrəddin Cavadovu özünün respublikamıza gəlişinin ən böyük səbəbkarı hesab edir, xeyixahlığını minnətdarlıqla xatırlayır,  səhiyyəmizin dirçəlişindəki rolunu yüksək dəyərləndirir.

*

Həkim Rəşad Mahmudovun Azərbaycan səhiyyəsində ən böyük xidmətlərindən biri ürək əməliyyatları aparılması sahəsində   məktəb yaratmasıdır. Bildiyim qədər hazırda doktorun  əməliyyatlarının  təxminən 20 faizi tələbələri tərəfindən aparılır. Rəşad həkim bununla bağlı fəxr etməkdə haqlıdır. Bu barədə dedikləri ilə tanış olsanız, mənimlə razılaşarsınız: "İyirmi üç yaşımda Tibb Universitetini bitirdikdən sonra qardaş Türkiyənin  bir universitetində aspirantura və doktorantura zamanı mənə bu sənəti öyrədən çox tanınan, dünyaca məhşur, bu ölkədə   aorta cərrahiyyəsinin atası sayılan Suat Buketin yanında 7 il işləmişəm və onun tələbəsi olduğum illər yaddaşımda xoş xatirələrlə dərin iz salıb. Suat Buketinə olan sevgimi bundan sonra da öyrədəcəyim yüzlərlə tələbəmin birindən nə vaxt hiss etsəm, duysam, o zaman böyük bir rahatlıq tapacam və "yaşamaq nə gözəldir” deyib, öldükdən sonra da ruhən dünyaca yaşayacağıma əmin olacam...”.

*

Barəsində düşüncələrimi bölüşdüyüm doktor doğma Vətənə, Azərbaycana qəlbən bağlıdır. Əgər belə olmasaydı, bir çoxu kimi, o da daha çox qazanmaq, varlanmaq istəyilə xarici ölkələrdən birinə üz tutar, sərbəst şəkildə ürək cərrahı işləyərdi.   Amma, etiraf edək ki, bütün çətinlik və problemlərə rəğmən indiyədək bunu etməyib, həkim, millət vəkili olaraq, xalqa xidməti hər şeydən üstün tutub. Səhiyyəmizin sabahının bu gündən daha da inkişafda olacağı inamı ilə yaşayıb. Hansısa qarşılaşılan problemin tezliklə həlinə ümid bəsləyib və artıq bu  istəkləri gerçəkləşməyə başlayıb. Bax, Rəşad həkimə olan sevginin, rəğbətin bir səbəbi də məhz bu amillə bağlıdır. Rəşad Mahmudov sıralarında olduğu hakim Yeni Azərbaycan Partiyasına dərin hörmət və ehtiramla bağlıdır. Siyasi arenada, istər partiyasına, istər dövlətinə və Prezidentinə sədaqəti nümunəvidir. Məhz bunun nəticəsi olaraq, bu gün Parlamentə keçiriləcək seçkilərdə Rəşad Mahmudovun adı YAP-ın namizədləri sırasındadır.

... İlləri yola verəcəyik. Hər şeyi yaddaşımız unutsa da, gözümüzü görməsə də belə, ürəyimizin toxunuşundan, yaxınlaşan addımlarının səsindən duyacağı, tanıyacağı bir insan olacaq bu dünyada: Rəşad Mahmudov.

Dünyada bütün hər şey – söz, sevgi, duyğu, istək, arzu, nə varsa, ürəkdən və ürəklə olanda möhtəşəm olur!

Rəşad Mahmudovu ürəkdən istəyirlər, ürəyə görə istəyirlər və ürəklə istəyirlər!

Həyat belə istisnalarıyla gözəldir – çünki yalnız ürəklə istədikdə paxıllıq olmur!

Qənirsizliyiniz mübarək olsun, Doktor!

Siz ürəksiniz – ürəklərdə!

V.Əliyev, yazıçı
XƏBƏRLƏR
BLOGLAR