Orxan Saffari
Bu, dəyişməz bir qaydadır. Zaman-zaman cəmiyyətlərdə gedən proseslər o qədər adiləşir, o qədər sıradan olur ki, hamının bildiyi, dediyi həqiqəti üzdə olan bir adam dilə gətirən kimi, xalqın qəhrəmanı olur.
Amma əsl həqiqəti indi nəinki demək, heç yanından keçmək də olmur. Lap yanından keçmək də bir yana, sən həqiqət olan küçəyə girə də bilməzsən. Yəni ki, proseslər "həqiqətən də" bu yerə qədər gəlib çıxıb.
Belə vəziyyətlərdə də həmişə ortaya psevdo qəhrəmanlar, pafos aşiqləri çıxır. Biz də cəmiyyət olaraq qəhrəmana ac millətik, axı.
Bunun müxtəlif səbəbləri var. İstər siyasi, istər sosial, istərsə də mədəni və sairə.
Ən ali həqiqətlər də bəzən elə adamın dilindən eşidilir, elə adam onu deyir ki, həqiqət adamın gözündən sevmədiyin adam kimi düşür. O dəqiqə həqiqətlərə qarşı mövqeyin dəyişir və bu da ciddiyyətini itirməklə müəyyən problemlərə yol açır.
Mən hazırda onlarca belə qəhrəman adı saya bilərəm ki, hamısı sıradan sözləri, hamının bildiyi məsələləri qırmızı xəttə toxunmadan elə deyiblər ki, xalqın saxta sevgisini də qazana biliblər.
İndi çoxlu adam adı çəkməyə də ehtiyac yoxdu. Bu, bir yazılıq mövzu deyil.
Sözümün canı-cəsədi, mustafası, bizim gözəl el ağsaqqalı, professor, həkimliyini daim "kənd toyuğu yeyin, kənd qızı alın" fonunda gördüyümüz, hərdən bir də altdan-altdan "siyasi doktorluq" edən, ikinci dərəcəli məsələlərdə öz ziyalı mövqeyini daim üstündə gəzdirən Rəşid Mahmudovdur.
Bəli. Rəşid doktor zəmanəmizin, cəmiyyətimizin qəhrəmanı, ziyalısı, "hərşeyşünasıdır".
Elə bir mövzu, elə bir məsələ yoxdur ki, onu Rəşid doktordan soruşsunlar, o da cavab verməsin, verə bilməsin.
İnanın inanmadıqlarınıza, ciddi deyirəm.
Məsələn, desən ki, maşında nasazlıq var, yağ yeyir, nə edə bilərəm? Deyəcək, mütləq ustaya getmək lazımdır. Camaat da deyəcək, sən öləsən, kişi düz deyir.
Açığı, Rəşid doktor öz sahəsindən başqa demək olar ki, hər şeydən danışır. Bir də gördün efirdə dedi ki, maaşlar azdır, dolana bilmirəm. Xalqı niyə bu günə qoymusuz? Təsəvvür edirsiz? Bu, bəlkə də sizə təəccüblü gələ bilər. Ay nə bilim, efirdə belə söz demək zad. Amma düşünmək lazımdır ki, necə olur heç kim deyə bilmir, amma Rəşid doktor anarxistlik edir?
Məncə, bunu düşünün. Cavabı çox sadədir, ümid edirəm, tapa biləcəksiniz.
Adicə bir "maaş azdır" deməklə Rəşid doktor qəhrəman olur. Sanki, maaşın az olduğunu heç kim bilmirdi, heç kim demirdi.
Onlarca, yüzlərcə belə misal çəkmək olar.
Bir dəfə də gördüm ki, doktor yenə də öz ziyalı mövqeyini ortaya qoyub, kənd qızı almağa eyham vurur. Təxminən, kənd qızları qeyrətli olur, kənd yeməyi də xeyirlidir janrında öz qızıldan qiymətli tövsiyyələrini xalqımızla bölüşür. Adamların münasibəti isə birmənalı idi.
"Kişi düz deyir, əsl ziyalı, kənd yeməyi, kənd toyuğu xeyirlidi. Kənd qızları da yaxşıdı. Şəhər qızlarının çoxunun zibili çıxıb, əşi".
İndi mən deyiləm, sizsiz. Ya da siz deyilsiz, siz olsaz, elə doktora haqq verəcəksiniz. Burda nə var ki? İnsanı bu sözlərə görə ziyalı sayıb, qəhrəman edərlərmi?
Və yaxud da bu sözlərin nə mahiyyəti var? Kənd qızları qeyrətli olur, kənd qızı alın ziyalı sözüdürmü?
Özü də, Rəşid doktor bu kimi söhbətləri özündən asılı olmayaraq qəribə bir pafos, enerji ilə deyir ki, adam istəyir ayaq üstə alqışlasın, tez bazara qaçıb, qəşəng bir kənd çolpası da götürsün.
Sarımsağın xeyirli olduğunu bilməyən adam yoxdur. Rəşid doktorun isə özünəxas intonasiyada "ay camaat, ay insanlar, hər gün sarımsaq yeyin, vallah, heşcəciyiniz qalmayacaq. Tərli-tərli soyuq su içməyin. Sulu yeməyinizə də fikir verin" deməyi kifayətdir ki, o, artıq qəhrəman olsun.
Yaxud da siyasi mövzularda.
7-dən 77-yə hər kəsin rahat tənqid edə biləcəyi, söyə biləcəyi məmur haqqında alovlu bir çıxış edir, hansı ki, kim həmin məmur haqqında nə deyir desin, heç bir şey olası deyil, heç bir basqı olmayacaq. Amma Rəşid doktor olur qəhrəman, ziyalı.
Rəşid doktorun hər şeydən başı çıxsa da, hərdən yaxşı bilmədiyi məsələlərdən danışmağı da özünə borc, öhdəlik bilir. Məsələn, bir dəfə "Xural"-a müsahibəsində deyir ki, bəs, sən demə talışlar türk imiş, özü də farslar onları aldadıb. Vallah, belə də dedi. O tərəf bu tərəfi yoxdur. Tarixi bilgisinin bu qədər gülməli və biabırçı olmağını bir qırağa qoyuram. Ən marağlısı o idi ki, fikirlərini əsaslandıranda mənbə göstərmək istədi, dedi, "qədim şeylərdən oxuyun". İndi məni dərd götürüb. Xalqımızın qəhrəmansızlıqdan yaratdığı süni qəhrəman Rəşid müəllim dediyi bu "qədim şey" nədir? Bəlkə, kiminsə kitabxanasında qədim şey olar? Bizimkilər müasirdi.
Sonda isə xalqımıza pafosdan, klassikadan uzaq əsl qəhrəman arzu edirəm.
Şərhlər