Xəbər lenti

Roma Statutunu ratifikasiya edən Ermənistanı Rusiya necə cəzalandıracaq? (ŞƏRH)
Dünya 18:05 04.10.2023

Roma Statutunu ratifikasiya edən Ermənistanı Rusiya necə cəzalandıracaq? (ŞƏRH)

"Roma Statuna cavab olaraq, Rusiya Ermənistana verdiyi qazın qiymətini artıra, ölkəsində yaşayan xeyli sayda ermənini ərazisindən çıxara bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov İrəvanın Roma Statunu ratifikasiya etməsi fonunda Rusiyanın Ermənistana qarşı atacağı cəza mexannizmləri və sanksiyalardan danışarkən deyib.

Politoloq bildirib ki, Rusiya dəfələrlə Ermənistana Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunu təsdiq etməsinin münasibətlərdə ciddi problemlər yaradacağı ilə xəbərdarlıq edib:

"İrəvan isə özünü eşitməməzliyə vurur. Bu fonda təbii ki, Moskva İrəvanı cəzalandırmaq üçün mütləq müəyyən addımlar atacaq. İlk addım artıq atıldı. Qarabağdan rus sülhməramlıları ermənilərin gözlədiyi və istədiyi aktivliyi nümayiş etdirmədi və Azərbaycan Ordusuna heç bir maneəçilik  yaratmadılar. Bundan sonra Ermənistana qarşı bir  sıra digər addımlar da atılacaq. Moskva Yuxarı Laz məntəqəsində konyakla dolu 50-dən artıq Ermənistan maşınını saxlayaraq, onları yoxlayır. Ermənistandan Rusiyaya ixrac edilən digər məhsullara da birmənalı şəkildə bu cür münasibət göstəriləcək. Ermənistan iqtisadiyyatına zərbə vurmaq üçün Moskva əlindən gələni edəcək. Nəzərə alaq ki, ötən il Rusiyada işləyən ermənilər Ermənistana böyük məbləğdə - 3 milyard 600 milyon dollar vəsait göndərib. İrəvanın atdığı addım fonunda Rusiyada yaşayan ermənilərin bir hissəsinin bu ölkədən çıxardılması istiqamətində artıq müəyyən planlar mövcuddur. Bu isə Ermənistana daha ciddi problemlər yaradacaq”. 



Həmsöhbətimizə görə, Rusiya Ermənistana göndərdiyi mavi qazın qiymətinin qaldırılması məsələsini də gündəmə gətirəcək: 

"Ermənistan iqtisadiyyatının böyük hissəsi Rusiyanın nəzarətindədir. Ermənistan əsasən kənd təsərrüfatı ölkəsidir. Ölkə sənayesinin aparıcı sahələri Rusiya şirkətlərinin əlindədir. Qazpaylayıcı sistem "Qazprom”un nəzarətindədir. Hərbi-sənaye kompleksinə daxil olan müəyyən hərbi məhsul  istehsal edən müəssisələr də şimal ölkəsinin əlindədir. Dəmir yolu 30 il müəddətinə Rusiyanın ixtiyarına verilib. Görürük ki, Ermənistan Rusiyadan çox asılıdır. Ona görə də yaranmış vəziyyətdə Rusiya  bundan maksimum istifadə edərək, Ermənistanı cəzalandırmaq üçün əlindən gələni edəcək. Qarşılığında Ermənistan heç nə edə bilməyəcək. Rusiyanın Gümrüdəki 102-ci bazasına çıxara bilməyəcək. Çünki müqavilə əsasında həmin baza 49 illiyə Rusiyaya verilib”. 

Qeyd edək ki, Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib. Deputatlardan 60-ı layihənin lehinə, 22-si əleyhinə səs verib. Bu əsasda  Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa məsələyə münasibət bildirərkən deyib ki, Roma Əsasnaməsinin ratifikasiyasını təşviq edən və  rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyalar tətbiq edilə bilər. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->