Vergilər Nazirliyinin şairlərdən vergi verməyi tələb etmək təklifinə müsbət yanaşıram. Onsuz da vergi verilmiş şairlər öz vergilərinin haqqını gözəl əsərləri ilə Vergilər Nazirliyinə deyil, vergini verən mənbəyə ya sağlığında, ya da dünyasını dəyişəndən sonra qaytaracaqlar.
Qaynarinfo kult.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa şairlərdən vergi tutulması haqda məsələyə münasibət bildirərkən sarkazmla söyləyib. O, bunun istedadsız şair və yazarların əsərlərindən xilas olmaq üçün bir vasitə olduğunu deyib:
"Burada vergisiz şairlərin vergi ödəməsindən söhbət gedir ki, bu da külli miqdarda dövlət büdcəsinə çatacaq vəsait deməkdir. Ancaq ümumi şəkildə "yazar" sözünü işlətmək daha doğru olardı. Deyək ki, yüzlərlə vergisiz şairdən canımız dincəldi, bəs bu vergisiz nasirlərlə necə baş edəcəyik? Dərd burasındadır ki, bu vergisiz yazarların çoxu hekayə də yazmır, qələmi götürən kimi roman yazır. Bu kitabların heç olmasa, çəkisinə vergi qoymaq lazımdır ki, adamlar romandan əl çəkib hekayəyə baş vursunlar.
Bunların içində dramaturqları da nəzərə almaq lazımdır. Vergisiz dramaturqun söz yığınını əzbərləməkdən təngə gələn aktyorların canını da bəlkə bu yürüdülən vergi siyasəti qurtara bilər".
Qeyd edək ki, Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov açıqlamasında şairlərin vergi ödəməli olduğunu deyib.
Şərhlər