Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının "Xudat” sərhəd dəstəsinin "Yuxarı Tahircal” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
DSX-dən Qaynarinfo-ya verilən məlumata görə, mərasimdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Xidmətin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidmət və məişət şəraitinin yaradıldığını qeyd edib.
Mərasimdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Xudat” sərhəd dəstəsinə dörd dəfə səfər etməsinin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vurğulanıb.
Tədbirdə xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.
Müasir tələblərə cavab verən sərhəd zastavasında şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, mebel və avadanlıqlarla təmin edilmiş mənzillər və digər tikililər sərhədçilərin istifadəsinə verilib.
Şərhlər