Dünya 14:35 06.09.2022

Rusiya Şimali Koreya silahlarına möhtac oldu

Rusiya Şimali Koreyadan milyonlarla artilleriya mərmisi və kiçik və orta mənzilli raketlər alır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” ABŞ kəşfiyyatının məxfilikdən çıxarılan məlumatlarına istinadən yazır

Oxşar məlumatı CNN-ə müsahibəsində adı açıqlanmayan amerikalı məmur verib.

ABŞ hakimiyyət orqanlarının nümayəndələri tədarüklərin təfərrüatlarını, o cümlədən Pxenyanın Moskvaya hansı növ silahları, hansı həcmdə və hansı müddət ərzində ötürdüyünü açıqlamayıblar. Bununla belə, anonim ABŞ rəsmisinin sözlərinə görə, gələcəkdə Rusiyanın Şimali Koreyadan hərbi texnika da ala biləcəyi gözlənilir.

"The New York Times” yazır ki, jurnalistlərin müstəqil mənbələr vasitəsilə bu məlumatı yoxlamaq imkanları hələlik yoxdur. 

Şimali Koreya sursatlarının alınması ilə bağlı kəşfiyyat məlumatı Rusiya tərəfindən İranın hücum PUA-larının ilk partiyasını almasından bir həftə sonra məxfilikdən çıxarılıb. Eyni zamanda, "The Washington Post”un mənbələrinə görə, ilk sınaqlar zamanı İran PUA-ları dəfələrlə sıradan çıxıblar, buna görə "ruslar narazı qalıblar”.

"New York Times” qəzetinin ABŞ rəsmiləri arasında olan həmsöhbətləri bildirirlər ki, Rusiyanın İran və Şimali Koreyaya müraciət etmək qərarının Qərbin sanksiyalarının onun Ukraynada döyüşən Rusiya ordusu üçün sursat əldə etmək imkanlarına təsir etdiyini göstərir.

Qəzet yazır ki, Moskva, həmçinin Pekinin sanksiyaları pozacağına və Rusiya ordusunu təchiz edəcəyinə ümid edirdi. Bununla belə, ABŞ rəsmilərinin sözlərinə görə, Çin indiyədək ixrac məhdudiyyətlərinə riayət edib və Rusiyaya hərbi texnika və ya onun yaradılması üçün komponentləri satmağa cəhd etməyib. Bundan əvvəl Vaşinqton Pekinə Moskvaya yardımın mümkün nəticələri barədə xəbərdarlıq etmişdi.

Amerika Sahibkarlıq İnstitutunun hərbi eksperti Frederik Kaqanın fikrincə, Şimali Koreyaya müraciət belə deməyə əsas verir ki, Rusiya, görünür, müstəqil şəkildə ən sadə hərbi texnikanı belə istehsal etmək iqtidarında deyil.

"Kremlin Şimali Koreyadan və ya başqa ölkədən artilleriya mərmiləri və ya raketlər almağa məcbur olmasının yeganə səbəbi Putinin Rusiya iqtisadiyyatını hətta ən sadə səviyyədə belə müharibəyə səfərbər etmək istəməməsi və ya bacarmamasıdır”, - Kaqan deyib.

Müharibənin Tədqiqi İnstitutunda (ISW) Rusiya panelinə rəhbərlik edən Meyson Klark "Kreml Şimali Koreyadan, ümumiyyətlə, nəsə almaq məcburiyyətində qaldığından narahat olmalıdır", - deyib. 

"The New York Times” həmçinin qeyd edir ki, İran və Şimali Koreya silahlarının tədarükü Rusiyanın öz silah ehtiyatının tükənməsinin əlaməti ola bilər.

Nizami Bağırov