Şahin Cəfərli

Blogger
Yazılar
20
Rusiya sülhməramlılarını Qarabağa yerləşdirmək olarmı? (ŞƏRH)

Rusiya sülhməramlılarını Qarabağa yerləşdirmək olarmı? (ŞƏRH)

Şahin Cəfərli
Politoloq

C.Osetiya və Abxaziya nümunələri göstərir ki, Rusiya sülhməramlıları bir göz qırpımında işğal gücünə çevrilə bilər.

Ona görə də, Rusiya hərbi gücünün sülhməramlı, ayırıcı qüvvə və s. adlar altında Qarabağda (ümumiyyətlə, Azərbaycan ərazisində) təkrar yerləşdirilməsinə yol vermək olmaz.

Cənubi Osetiya müharibəsinin növbəti ildönümündə başqa nələr söyləmək olar?

Rusiyanın əvvəlcə Gürcüstana, daha sonra Ukraynaya hücum edəcəyi hələ 2008-ci ilin aprelində NATO-nun Buxarest zirvəsində bəlli olmuşdu. Putinin şantajı ilə Merkel və Sarkozi ABŞ-ın Gürcüstan və Ukraynaya Üzvlük üçün Fəaliyyət Planı - MAP (NATO-ya üzvlüyün yekun mərhələsi) verilməsi təklfinə şiddətlə qarşı çıxmışdılar. Toplantı zamanı ABŞ və Fransa-Almaniya cütlüyü, eləcə də bu cütlüklə Şərqi Avropa ölkələri arasında kəskin mübahisələr baş vermişdi. Sonra Gürcüstan və Ukraynaya MAP verilməməsi, sadəcə yekun Bəyannamədə bu iki ölkənin bir gün mütləq NATO-ya qəbul olunacağı barədə təəhhüdün yer alması barədə kompromis əldə olunmuşdu. (Avropa indi də mövqeyində qalır.)

Toplantıya tərəfdaş ölkənin lideri qismində dəvət olunmuş Putin çıxış edərək NATO-ya sərt xəbərdarlıq etmişdi. (Biabırçılıq idi.) O bildirmişdi ki, Ukrayna NATO-ya qoşulacaqsa, Krım və şərq vilayətləri olmadan qoşulacaq və parçalanacaq. Putin bu hədələrini 4 ay sonra Gürcüstanda, 6 il sonra Ukraynada gerçəkləşdirdi. Qərb seyr etdi.

Almaniya və Fransanı bu hadisələrdə Moskvanın suç ortaqları adlandırmaq olar. ABŞ isə ilk anlarda tərəddüd sərgiləyərək qərar qəbul etməkdə xeyli gecikdi. Prezident Buş Osetiyada müharibə başlayanda Pekində - Olimpiya Oyunlarının açılışında idi. O, yalnız Vaşinqtona döndükdən və Saakaşvilinin telefonda onu danlamasından sonra bəyanatla çıxış edərək avqustun 13-də Gürcüstana humanitar əməliyyat adı altında hərbi nəqliyyat təyyarələri və gəmilər göndərmişdi.

Yazını avropalı siyasətçilərin Putin qarşısındakı "podxalimliyi" və korrupsionerliyi barədə bir faktla tamamlamaq istəyirəm. Saakaşvili hakimiyyətə gəldikdən sonra ilk xarici səfərlərindən birini Almaniyaya gerçəkləşdirir. Federal kansler Gerhard Şröderlə görüşündə o, Rusiyanın siyasətindən şikayətlənir. Bir neçə gün sonra Rusiya səfiri əlində görüşün stenoqramı ilə Saakaşvilinin qəbuluna gəlir və onun sözlərindən narazılığını bildirir. Şröder Saakaşvili ilə görüşünün stenoqramını Putinə göndəribmiş. İndi bu adam "Rosneft" ASC-nin Direktorlar Şurasının sədri qismində Putindən yüksək maaş alır...

OXŞAR XƏBƏRLƏR