Siyasət 18:09 26.01.2022

Rusiya Ukrayna ilə yanaşı, daha hansı bölgədə təhdidlərini artıra bilər? (ŞƏRH)

"Ukrayna ilə yanaşı, Moskva Mərkəzi Asiyada da təhdid istiqamətində "aktivliyini” artıra bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın Ukraynaya hücum təhdidi ilə eyni zamanda, daha hansı postsovet məkanında anoloji müstəvidə aktivləşə biləcəyinə dair sualı dəyərləndirərkən deyib:

"Rusiya Ukraynaya hücum təhdidi fonunda digər postsovet ölkələrini də təhdid edir. Bu mənada Ukraynadan başqa Moskvanın təhdidi ilk növbədə Mərkəzi Asiyaya yönələcək. Çünki Kreml Cənubi Qafqazda etmək istədiyinin böyük hissəsini reallaşdırıb. Rusiya üçün "xam torpaq” Mərkəzi Asiya bölgəsidir. Həmçinin, Mərkəzi Asiya geostrateji maraqları baxımından da daha əlverişli məkandır. Ona görə də Ukraynaya yönəlik təhdidlə yanaşı, Rusiyanın bu sayaq aktivliyi özünü həm də Mərkəzi Asiyada göstərəcək. Rusiya həmçinin, Qazaxıstan istiqamətində öz cəhdlərini daha da artıracaq. Oradakı "xəmir”i Rusiya yoğurmuşdu və oradakı niyyətləri hələ tam başa çatmayıb”. 

Bu mənada ekspertə görə, hələlik Cənubi Qafqaz Ukrayna və Mərkəzi Asiyada olduğu kimi, Kremlin elə də ciddi "diqqət mərkəzində” deyil:

"Hələ ki, Cənubi Qafqazda Rusiyanın vəzifəsi bölgədə sülhün tənzimlənməsi işlərinə mane olmaqdan ibarətdir. Bölgədəki rus sülhməramlıları qatı ermənipərəst mövqe tutmaqla Rusiyanın neoimperalist siyasətini həyata keçirirlər. 

Amma bununla belə, hazırda Rusiya əsas zərbəsini Ukrayna istiqamətinə yönəldib. Onun burada öz istəyinə nail olub-olmayacağı sualına isə birmənalı nə "hə”, nə də”yox” demək mümkündür Eyni zamanda, Moskva digər bölgələrdəki təsirinin də mövcd status-kvo şəklində qalmasını istəyir”.

Rüfət Sultan