Qərbin, xüsusilə ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyada iqtisadi-siyasivəziyyəti müəyyən qədər çətinləşdirir və ölkə rəhbərliyi də daxildə vəziyyəti tənzimləmək üçün miqrantlara qarşı yürütdüyü siyasəti sərtləşdirir. Həmçinin bu il Rusiyada keçiriləcək prezident seçkiləri və futbol üzrə Dünya çempionatı ilə əlaqədar olaraq da miqrantların sayının azaldılması istiqamətində siyasət həyata keçirilir. Miqrantların ölkədən çıxarılması hallarının artması və əmək rüsumlarının artırılması Rusiyadakı azərbaycanlıların da fəaliyyətinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, soydaşlarımız Rusiyadan çıxarılsalar belə, ölkədə iş yerləri ilə təmin olunacaqlar:
"Ümumiyyətlə Rusiyada son zamanlar aparılan siyasət bir qədər müəmmalıdır. Çünki Rusiyanın özünü də sıxışdırırlar. ABŞ Konqresin qəbul etdiyi sanksiyalar çox ciddidir. Həm oliqarxlara, həm Rusiyanın dövlət məmurlarına qarşı olan bu sanksiyalar bir müddət də davam edərsə, 2018-ci ildə Rusiyanın iqtisadi-siyasi həyatında çox ciddi problemlər yarana bilər. İkincisi, rus idmançıları dopinq məsələsinə görə yarışlara buraxmırlar. Bu barədə danışıqlar aparılsa da, hələ ki, bir nəticə vermir və s. Ümumiyyətlə Rusiya dövlətinin apardığı siyasət özü üçün müəyyən qədər problem yaradır. Ukraynadakı işğalı, ondan əvvəl Gürcüstanda baş verən hadisələr və s. dünya ictimaiyyəti tərəfindən yaxşı qarşılanmır, ona görə də iri dövlətlər sanksiyalar tətbiq etməyə başlayır. Rusiya da daxildə yaranmış vəziyyəti müəyyən qədər stabilləşdirmək üçün çalışır ki, ölkəyə gələn miqrantların qarşısını alsın. Bizim də soydaşlarımız Rusiyaya gedib-gəlirlər. Bütün mənalarda Rusiya bizim üçün strateji əhəmiyyətli bir dövlətdir. Biz istəmərik ki, orada iqtisadi-siyasi vəziyyət pis olsun. Buna baxmayaraq görürük ki, orada yaşayan soydaşlarımız üçün ciddi problemlər yaranır. Hələ son dövrlər Rusiyadakı diaspora təşkilatımızın bağlanması bir daha sübut etdi ki, mövqelərdə çox ciddi problemlər var. Dövlət başçımızın apardığı müstəqil siyasət də bəzi dairələrin xoşuna gəlmir. Deportasiya məsələsi hər zaman olub. Amma indi Azərbaycanda da, Rusiyada da seçki ilidir. Düşünürəm ki, hələ belə hadisələr çox olacaq. Hər dəfə bizdə seçki ili olanda belə problemlər yaratmağa çalışırlar. Amma bilməlidirlər ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Artıq müəyyən qədər iqtisadi gücümüz var və heç kim bizi qorxuda bilməz. Azərbaycanda hazırda çox ciddi iqtisadi islahatlara start verilib. Miqrantlar oradan çıxmalı olsalar belə, onlar ölkədə işlə təmin olunacaqlar".
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, indiki halda mövcud rüsumlarının artırılması əmək miqrantlarının vəziyyətinə ciddi təsir etməyək. Lakin 400 min işçi qüvvəsi Azərbaycan bazarı üçün ciddi bir rəqəmdir:
"Sanksiyalar tətbiq edildikdən sonra Rusiyada da miqrantlara qarşı sərt siyasətin yürüdülməsi müşahidə olunur. Xüsusən nəzərə alsaq ki, orada yaşayan azərbaycanlıların sayı Rusiyanın rəsmi statistikasına görə 2 milyona yaxındır və onların da 400 mini birbaşa əmək miqrantlarıdır, bu baxımdan Rusiyada əmək fəaliyyəti, o cümlədən miqrantlarla bağlı qanunvericilik Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki bu, orada yaşayan azərbaycanlıların gəlirinə təsir göstərir. Təbii ki, indiki məqamda əmək fəaliyyəti ilə bağlı mövcud rüsumların artırılması Rusiyadakı əmək miqrantlarının vəziyyətinə ciddi təsir göstərməyəcək. Ona görə ki, artımlar ciddi deyil. Bununla belə müşahidə olunan reallıq ondan ibarətdir ki, əmək miqrantları ilə bağlı qaydalar sərtləşdirilir. Bu da arzuolunan deyil. Qaydalar daha da sərtləşərsə, nəticə etibarilə bu azərbaycanlıların orada qalıb işləməsinə mənfi təsir göstərəcək. Qeyd edim ki, il ərzində Rusiyadan Azərbaycana göndərilən remitensilərin həcmi 2 milyard dollara yaxındır. Onun da böyük bir qismi Azərbaycanın regionlarında yaşayan ailələrə göndərilir. Qaydaların sərtləşdirilməsi orada yaşayan azərbaycanlıların bir qisminin Rusiyanı tərk etməsinə gətirib çıxara bilər. Eyni zamanda 400 min əmək miqrantı Azərbaycan əmək bazarı üçün ciddi bir rəqəmdir".
Çingiz Səfərli
Şərhlər