Dünya 10:09 25.03.2020

Rusiyalılar karantin zamanı kommunal ödənişdən azad edilə bilər

Rusiyalılar karantin zamanı mənzil və kommunal xidmətlər üçün ödəmə məcburiyyətindən azad ola bilərlər.

Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü RİA Novosti agentliyi yazıb.

Rusiya parlamentinin aşağı palatasında Liberal Demokrat Partiyasını təmsil edən Dövlət Dumasının deputatı Vasili Vlasov Rusiya Federasiyası vətəndaşlarını yeni növ koronavirus səbəbiylə karantin müddəti üçün kommunal ödənişlərdən azad etməyi təklif edib.

Parlament üzvü bu fikirlərini Rusiyanın İnşaat və Mənzil və Kommunal Xidmətlər naziri Vladimir Yakuşevə açıqlayıb.

Qanunverici qeyd edib ki, evdə uzun müddət qalması səbəbi ilə rusiyalılar daha çox enerji istehlak edir, bunun sayəsində kommunal xərclər artır, halbuki həmin vaxt gəlirləri azalır.

"Bunun nəticəsində çox sayda rusiyalının maddi rifahı əhəmiyyətli dərəcədə zərər görəcək. Kommunal ödənişlərdən azad olmaq, Rusiya vətəndaşlarına çətin iqtisadi vəziyyətdə qismən kömək edəcək", - təklif məktubunda deyilir.

Deputatın sözlərinə görə, pandemiya nəticəsində rusların rifahı düşəcək, kommunal ödənişlərdən azad edilmək çətin iqtisadi vəziyyətdə olan insanlara kömək edəcək.

Bundan bir qədər əvvəl Anatoli Çubays deyib ki, Rusiya iqtisadiyyatını koronavirus pandemiyası üzündən çökməkdən Sabitləşdirmə Fondu və hökumətin düşünülmüş siyasəti xilas edə bilər.

"Koronavirus səbəbindən Rusiya iqtisadiyyatına vurulan zərbə trilyonlarla rublla ölçüləcək... Ancaq ölkəmizin bir böyük üstünlüyü var - dəfələrlə lənətlənmiş və söyüşlərə məruz qalan Sabitləşmə Fondu. Ancaq indi bu "kiçik yumurta" Rusiyanı xilas edəcək", - Çubays deyib.
 
Alpər