Hüseynbala Səlimov
Siyasət 12:55 17.05.2021

Rusiyanın siyasi skeleti: çekistokratiya...

Hüseynbala Səlimov

Bəli, qorxu avtoritar siyasətçinin arsenalında heç də ən etibarlı resurs, onun heç də ən vəfalı rəfiqi – yol yoldaşı deyil. Bir gün o, siyasətçini tək qoyaraq onu büsbütün tərksilah edir.

Bu baxımdan Rusiya siyasəti də qəti istisna deyil. Hiss olunur ki, qorxu rus siyasətindən tədricən çəkilir, Rusiya siyasət platformasının buzu tədricən əriyir, siyasi təhlilçilər artıq ölkə siyasətində çekistlərin rolundan, siyasi idarəçilik modeli kimi çekistokratiyadan yazırlar, özü də kifayət qədər sistemli şəkildə.
Səbəb də budur ki, müasir Rusiyanın həqiqi müxalifətinin təmsilçiləri, yəni həbsdə olan Aleksey Navalnının tərəfdarları son vaxtlar gizli fəaliyyət göstərmək və öz siyasi fəaliyyətlərini qeyri-leqal şəkildə həyata keçirmək məcburiyyətində qalıblar. Beləliklə, avtoritar Rusiya hakimiyyəti mədəni və dinc siyasət fəallarını əsl inqilabçı olmağa sövq edir.

Burada yadımıza bir detal düşür. Bir neçə il bundan əvvəl bir seminarda bəzi post-sovet ölkələrində siyasi proseslərin təkamülünü və hakimiyyətin transformasiyasını təhlil edirdik. Müzakirə də əsasən gənc siyasi fəallar və onların siyasi proseslərə qoşulması haqqında idi. 

Hələ onda qeyd elədik ki, bir sıra post-sovet ölkələrində sivil siyasi mübarizə və sivil siyasi fəaliyyət şəraiti yoxdur, bu ölkələrdə ancaq və ancaq inqilabçı olmaq mümkündür, amma dərhal sual yaranır: Buna dəyərmi? Axı vəziyyətin dramatikliyi də ondadır ki, qəhrəmanlar hətta cəmiyyətlərə və ya xalqlara belə lazım deyil!..

Əlbəttə, avtoritar hakimiyyətlə mübarizə həm də vicdan məsələsidir. Amma bunun üçün Mahatma Qandinin siyasi mübarizə fəlsəfəsi və ya təlimi var. Burada Aleksandr Soljenitsının da bəzi fikirlərini xatırlamaq olardı. O yazırda ki, yalan maşınına qoşulmayın, yalanı tirajlamayın və onu yaymayın – güman ki, bunu hər bir vətəndaşın siyasi seçimi üçün   kafi meyar hesab etmək olar.

Rusiya xüsusi, irrasional bir ölkədir. Son vaxtlarda bu ölkədə bir məsələ çox ciddi müzakirə olunurdu. Söhbət Feliks Dzerjinskinin, "dəmir Feliks”in heykəlinin əvvəlki yerinə qaytarılmasından gedir. Amma burada sual yaranır: Dzerjinski kim idi? Kütləvi terror, total siyasi təqib və qırmızı terror naziri! Əslində Rusiyada əski kommunist liderlərinin fəaliyyətinə qiymət verilməli idi. Amma bunu etmədilər, ona görə ki, bu ölkədə heç vaxt əsl azadlıq uğrunda mücadilə olmayıb. Ona görə də bir sıra post-sovet ölkələrində, ilk növbədə də Rusiyada proseslər yarımçıq oldu. Yox, biz demirik ki, burada xüsusi "Dekommunizasiya aktı” qəbul olunmalı idi, yox bunun üçün şərait yetişmədi. Təsadüfi deyil ki, birinci yenidənqurma zamanı Rusiya daha çox bir imperiya kimi çökdü, amma onun ideoloji bazisi, ideya fundamenti dəyişməz qaldı.

Həqiqi demokratiyaya aparan yol çətin və çox uzundur. Bəli, biz də tərəddüd etmirik ki, demokratiya Rusiya gerçəkliyinə də yol tapacaqdır. Ona görə ki, azadlıq qarşısında bütün ideyalar acizdir, tarix boyu o yolu üstündəki bütün zir-zibili süpürüb atıb. Ola bilsin, ihdiki Rusiya hakimiyyətinin strategiyası bolşevizimdən fərqlidi, amma onun taktikası əsl çekist taktikasıdır.

"İnqilablar müdafiə olunmağı bacarmalıdır” – vaxtilə V.Lenin belə deyirdi, özü də tez-tez. 

Lenin bu gün də xüsusi mavzoleydədir və Rusiyanın indiki hakimiyyəti hələ də bilmir ki, Rusiya fironun qalıqları ilə nə etsin?

Bu o deməkdir ki, Putin və komandası ideoloji planda hələ tamam müəyyənləşməyiblər və bu gün də ilanla kirpini cütləşdirməyə çalışırlar. Amma tarixin öz inkişaf məntiqi var: siyasi şpaqata oturmaq və biri-birilə əks tendensiyaları sintez etməyə çalışmaq yaxşı heç də vəd etmir...