Siyasət 14:58 13.06.2013

Rüstəm İbrahimbəyov Azərbaycana qayıdır - AÇIQLAMA

“Milli Şuranın sədri Rüstəm İbrahimbəyov iyunun 20-si 25-i arasında Azərbaycana qayıdacaq”. 

Bu sözləri Modern.az saytına Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev deyib. Onun sözlərinə görə, R.İbrahimbəyov Azərbaycana qayıdaraq Milli Şura ilə bağlı proseslərdə özü şəxsən iştirak edəcək.

“Ayın axırında Rüstəm İbrahimbəyov Bakıya dönəcək. Rüstəm bəyin ayın 20-si 25-i arası qayıdacağı nəzərədə tutulub. O dönəndən sonra Milli Şuranın daha geniş formatda görüşləri keçiriləcək”.

Z.Quliyev daha sonra Milli Şurada təmsil olunan liderlərin – Eldar Namazov, Əli Kərimli və İsa Qəmbərin dünən mətbuata qapalı keçirilən görüşündən danışıb. Bildirib ki, görüşdə əsasən Milli Şuranın İcra Aparatının formalaşması və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Milli Şuranın növbəti sessiyasının vaxtı da açıqlanıb. Z.Quliyev bildirib ki, sessiya iyunun 18-də keçiriləcək.

“Dünən Əli Kərimli  İsa Qəmbər və Eldar Namazovun görüşü keçirildi.  Daha sonra İctimai Palatanın Koordinasiya Şurasının iclasında da Əli Kərimli görüş haqqında danışdı. Danışıqlarda həm Milli Şura İcra Aparatının formalaşması ilə bağlı, eyni zamanda Milli Şuranın növbəti toplantısı ilə bağlı razılıq əldə edildi. Milli Şuranın növbəti toplantısı ayın 18-ə təyin olundu. İkinci sessiyada hansı məsələlərin müzakirə olunacağı, toplantının harada keçiriləcəyi haqda fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, bu görüşlər mütəmadi xarakter daşıyacaq. Görüşlər bu gün də, sabah da başqa partiyaların nümayəndələri ilə davam edəcək”-deyə Milli Şura üzvü vurğulayıb.

Qaynar.info