Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı müraciət ünvanlayıb. Qaynar.info müraciəti təqdim edir:
Hörmətli Milli Şura üzvləri! Hakimiyyətin və onun dəyirmanına su tökən kütləvi informasiya vasitələrinin uydurma təbliğatına baxmayaraq, deməliyəm ki, Milli Şuranın yaranması tarixi hadisədir və Azərbaycanın demokratik qüvvələrinin fövqəladə dərəcədə əhəmiyyətli naliyyətidir. Hakimiyyətin ruporu rolunu oynayan bəzi icmaçıların belə bir fikri də tamamilə əsassızdır ki, guya Milli Şura kifayət qədər aktiv deyil. Şuranın yaradılmasından bir gün sonra bizim Vaşinqtonda ABŞ-ın ali-siyasi rəhbərləri ilə görüşlərimiz başlanıb. Bəyan edirəm ki, bu ölkənin həm Dövlət departamenti, həm də ABŞ Konqresi uzun illərin uğursuz cəhdlərindən sonra müxalifəti ilk dəfə belə geniş formatda birləşdirmiş Milli Şuranı çox nüfuzlu təşkilat kimi qəbul edir. Amma təəccüb doğuran odur ki, Vaşinqton görüşlərinin nəticələri bizdə ictimai diqqəti lazımınca cəlb etməyib.
Hazırda mənim Bakıya qayıtmağımla bağlı bəzi KİV-lərdə qızğın müzakirə olunan məsələyə də münasibətimi bildirmək istəyirəm. Mən əvvəldə Vaşinqtonda başlanmış işlərin davam etdirilməsinin vacibliyi barədə bəhs etdim. Təəssüf ki, geniş beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı vəziyyətə cəlb etməyin önəminin lazımınca qiymətləndirilməməsi ona gətirib çıxarıb ki, hakimiyyətə lobbilik edən strukturlar xaricdəki bəzi dairələrdə indiki rejimin qondarma müsbət obrazını yarada biliblər. Müxalifətin bu istiqamətdəki aktiv işi situasiyanı əhəmiyyətli dərəcədə dəyişə bilər. Ona görə də mən başlanmış prosesi tamamlamaq üçün Bakıya dönməmişdən əvvəl Avropaya və Türkiyəyə səfər etmək niyyətindəyəm.
Və nəhayət, sonuncu məqam. Mən dəfələrlə demişəm ki, rəhbərliyini məmnuniyyətlə qəbul etdiyim Milli Şuranı yaratmaq təşəbbüsünü irəli sürərkən özümün prezident seçkilərində mütləq iştirakımı nəzərdə tutmamışam. Mən heç vaxt vəzifəyə can atmamışam. Hətta ən yüksək vəzifə olsa belə, heç indi də bunun üçün çalışmıram. Əminəm ki, Milli Şuranın tərkibində müxalifəti seçki kampaniyasında yüksək səviyyədə təmsil edə biləcək layiqli ziyalılar (mən tanınmış siyasi partiya və hərəkat liderlərindən ona görə danışmıram ki, keçid dövrü üçün prezidentliyə namizəd müstəqil şəxs olmalı və bütün siyasi qüvvələrin dəstəyini almalıdır) kifayət qədərdir. “Öz namizədim var” deyərkən mən, məhz bu məqamı nəzərdə tuturdum. Lakin təkrar etməyi vacib bilirəm ki, Milli Şura bütün hallarda mənim namizədliyim üzərində dayanarsa, bu təklifi qəbul edər və qarşıda bizi hansı çətinliklər gözləməsindən asılı olmayaraq, xalqımız qarşısında öz borcumu yerinə yetirərəm!
Şura sədri həmçinin sabah keçiriləcək ilk sessiyaya ilə bağlı fikirlərini bölüşüb. Milli Şuranın növbəti iclasının bütün iştirakçılarını ürəkdən salamlayıram! İşçi qrupların və komissiyaların tərkibi ilə bağlı təklifləri dəstəkliyərək, prezident seçkilərində müxalifətdən olan vahid namizədin yerinə yetirəcəyi tələblərlə bağlı mülahizələrini Sizinlə bölüşmək istərdim. İlk növbədə vahid namizəd müəyyən olunacaq şəxs əvvəlcədən öz razılığını bildirməlidir. Əgər namizədliyi rəsmi qaydada irəli sürülüb elan olunarsa, həmin şəxs seçkiqabağı kompaniyada iştirak etmək üçün mütləq Azərbaycanda olmalıdır. Bu kampaniyanın aparılmasına başlamaq üçün vahid namizəd müvafiq işlər görməli, o cümlədən Azərbaycanda demokratik dəyişikliklərdə marağı olan beynəlxalq güclərin dəstəyini qazanmaq üçün zəruri fəaliyyət göstərməlidir. Öz növbəsində Milli Şura irəli sürdüyü vahid namizədin Mərkəzi Seçki Komissiyyasında əsassız olaraq qeydiyyata alınmaqdan imtina edilməsi ilə bağlı zəruri fəaliyyəti nəzərdə tutmalıdır. Şura mümkün geniş ictimai etirazı dəstəkləməyə hazır olmalıdır.
Seçkilərin saxtalaşdırılması nəticəsində yaranmış mübahisəli situasiya da xalqın ictimai etirazına səbəb ola bilər. Ona görə də vahid namizəd keçmişdə baş vermiş səhvlərin təkrarlanmaması üçün sonadək xalqın etirazçı hissəsinə rəhbərlik etməyə hazır olmalıdır.
Seçkilərdə qələbə çaldığı təqdirdə vahid namizəd öz öhdəliklərini iki ildən çox icra etməməyə razılıq verməlidir. Seçkidən sonrakı ilk aylarda aşağıdakı addımlar gerçəkləşdirilməlidir:
- Demokratik Qüvvələrin Milli Şurasının kadr bazası əsasında müvəqqəti “Milli Etimad Hökuməti” formalaşdırılır;
- büdcədən maliyyələşdirilən bütün kütləvi informasiya vasitələri (o cümlədən televiziya və radio) senzuradan azad edilir;
- özəl televiziya və radio kampaniyalarının yaradılması üçün maneələr aradan qaldırılır;
- bütün səviyyələrdə müstəqil məhkəmə icraatının yaradılmasının əsası qoyulur;
- 6 ay müddətində indiki parlament buraxılır (Prezidentin buna konstitusiya hüququ olmadığı üçün referendum da nəzərə alınmaqla, digər qanuni metodlardan istifadə edilməlidir);
- hakimiyyətin müxtəlif qolları arasında real balansın təmin olunmasını, dövlət idarəçilik sisteminin islahatını, proporsional-mojaritar qarışıq sistem əsasında keçirilən parlament seçkiləri nəticəsində hökumətin formalaşmasını, yerli özünüidarə orqanlarının səlahiyyətlərinin genişləndirilməsini, şəhər bələdiyyə şuralarının və icra hakimiyyəti başçısının seçkilər yolu ilə müəyyənləşdirilməsini və s. nəzərdə tutan konstitusiya islahatına dair referendum keçirilir;
- bir il ərzində yeni parlament seçilir və seçkinin nəticələrinə uyğun olaraq ali qanunverici orqan qarşısında hesabatlı olan hökumət formalaşdırılır;
- parlament seçkilərindən təxminən 3 ay sonra prezident seçkisi elan olunur.
Keçid dövründə Prezident Milli Şuranın Təsis Bəyannaməsinə uygun xarici siyasət xətti yeridir. Bu siyasətin prioritet istiqamətini isə Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsi və Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarıılması təşkil edir.
Beləliklə, keçid dövrünün əsas vəzifəsi ölkədə bütün partiya və hərəkatlara bərabər imkanlar verən vətəndaş cəmiyyətinin yaradılmasından ibarət olur. Konstitusiyaya hakimiyyətin seçkiləri saxtalaşdırmaq üçün hər hansı imkandan istifadəsini mühakimə edən maddə əlavə olunur.
Qaynar.info
Şərhlər