Sabah Heydər Əliyev Mərkəzində "Beynəlxalq innovasiyalar həftəsi” çərçivəsində "Qlobal İnfluenser Günü”-ə (Global İnfluencer Day) həsr olunmuş tədbir keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, bunun bağlı "Qafqaz City Hoteli"ndə mətbuat konfransı keçirilib. Konfransda çıxış edən "Keepface” şirkətinin həmtəsisçisi Vaqif Abbasov sabah baş tutacaq tədbir haqda geniş məlumat verib.
Onun sözlərinə görə, tədbir açılış mərasimi və konfrans olmaqla iki hissədən ibarət olacaq:
"Mərasimdə 1300 nəfərin iştirakı gözlənilir. Tədbirdə robot Sofiyanın xüsusi açılış nitqi olacaq. Daha sonra süni intellekt barədə suallar cavablandırılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan "Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq".
Tədbirdə həmçinin "Keepface" şirkəti 2019-cu ildə çıxarmağı planlaşdırdığı "keepkoin" kriptovalyutasının hazırlanma mərhələlərini də açıqlayacaq.
"Daha öncə kriptovalyuta yaratmağa cəhdlər oldu, lakin beynəlxalq bazarda kriptovalyutaların dəyəri aşağı düşdüyündən planımızı bir müddətliyə təxirə saldıq. Artıq beynəlxalq bazarı daha geniş araşdırmışıq və 2019-cu ildə "keepkoin"i bazara çıxarmağı hədəfləmişik", - deyə Vaqif Abbasov bildirib.
"Keepface" şirkəti 2016-cı ildə təsis edilib. Şirkət hazırda Şimali Afrika, ərəb ölkələri, keçmiş sovet məkanı və latın Amerikası daxil olmaqla, 35 ölkədə fəaliyyət göstərir və 2019-cu ildə isə ABŞ və Çin kimi böyük bazarlara daxil olmağı planlaşdırır.
Çingiz Səfərli
Şərhlər