Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin günün ikinci yarısında arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.
Noyabrın 13-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Şərhlər