Sabah Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.
Bu barədə Qaynarinfo-ya Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.
Qeyd edək ki, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir. Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.
Seçki bülletenlərinin MSK-dan dairə seçki komissiyalarına verilməsi fevralın 4-dək, dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi fevralın 6-dək başa çatmalıdır.
Şərhlər