Göytürklər 552-ci ildə Jujan Xaqanlığını süquta uğratdılar, bundan sonra bu boyların bir hissəsi qərbə doğru çəkildi. Qərbə çəkilənlərin əksəriyyəti hun və uar soylarından gələn iki qəbilədən ibarət idi. Uarlar monqollarla qarışıq tayfaydı. Qərbə çəkilən bu qəbilələrdən biri "apar” adlandırıldı. "Müqavimət göstərən” mənasını verən bu türk mənşəli sözə "abar” və "avar” da deyilirdi.
Avarlar vaxtilə hunların hökmranlıq etdiyi Şərqi Avropada müxtəlif türk boyları ilə birləşərək çoxaldılar. Avarlar öz ölkələrini Mərkəzi Avropada – Frank dövləti və Bizans imperiyası arasında qurdular. Avarlara dövlət quruculuğunda hunlar, bulqarlar və sabirlər kimi müxtəlif türk qəbilələri dəstək vermişdilər. Bu, german və slavyan kimi böyük qəbilələri iki əsrdən çox öz hakimiyyəti altında saxlayan, 250 il Avropa siyasətinə öz təsirini göstərən Avar Xaqanlığı idi.
Vəd edilən torpaqlar
558-ci ildə Bizansa öz elçilərini göndərən avarlar dostluq əlaqələri qurmaq və yerləşmək üçün torpaq istədilər. Bəzi tayfaların Balkan yarımadasına hücumlarından bezmiş Bizans avarlardan bununla bağlı kömək istəmiş və anlaşma əldə etmişdi. Bizans avarlara istədikləri torpaqları Qafqazdakı düşmənlərinə qarşı döyüşmək razılığı müqabilində vermişdi. Avarlar bir çox tayfa və sabirlərlə döyüşərək qalib gəlmişdilər. 560-cı ildə Dunayın mənbəyinə qədər enən avarlar Bizansın icazəsi ilə Dobrujada yerləşdilər. Beləliklə, slavyanlara təzyiq göstərməyə başladılar. Rus mənbələri avarların istədikləri zaman slavyan qadınlarını aldıqlarını və arabalarına at yerinə slavyan qadınlarını qoşduqlarını yazırlar.
Slavyanların yaşadıqları əraziləri ələ keçirən avarlar 562-ci ildə Bizans sərhədlərinə doğru axın etdilər. Slavyanlar bu basqınlar nəticəsində Balkan yarımadasına çəkilməli oldular. Bizansdan Qafqaz müharibəsində vəd etdikləri torpaqları istədilər. Bizansın təklif etdiyi bəzi torpaqları bəyənməyən avarlar onu düşmən elan etdilər. Üsyan edən slovenlər və digər tayfaları məğlub edən avarlar Elba çayının sahilindəki döyüşdə Frank ordusunu məğlub etdilər.
Gepidlərin sonu
Avarlar bu müharibələr və hücumların sonunda 565-ci ildə bir əsr əvvəl mövcud olmuş Avropa Hun İmperiyasının ərazilərində Avar İmperiyasını qurdular. Timişoaranı paytaxt elan etdilər. Avar İmperiyasının qurucusu və ilk hökmdarı Bayan Xaqandır. O, 565-602-ci illərdə - 37 il hökmranlıq edib. Avarlar ən parlaq dövrünü Bayan Xaqanın dövründə yaşadılar.
Dunay çayının qərbində yaşayan german tayfalarından olan lombardlar avarlardan gepidlərə qarşı apardıqları müharibədə kömək istədilər. Avarlar heyvanlarının onda birini onlara vermək müqabilində lombardların istəklərini qəbul etdilər, eyni zamanda, müharibədə qələbə qazansalar qənimətlərin yarısını və bütün gepid torpaqlarını alacaqdılar. Bizansdan kömək ala bilməyən gepidlərə qarşı müharibə çox qanlı oldu və Macarıstanda yaşayan gepidlərin suverenliyinə son qoyuldu. Beləliklə, avarlar Macarıstanın böyük hissəsini ələ keçirdilər. Bundan sonra lombardların İtaliyaya köç edərkən geridə buraxdıqları ölkələrini Panoniyanı və bütün Macarıstanı öz ərazilərinə qatdılar. Avar dövləti böyük bir imperiyaya çevrildi.
Bizansın məğlubiyyəti
Avarlara qarşı bütün Avropanın diqqətini çəkən ilk hücum 569-cu ildə göytürklərdən gəldi və bəzi ərazilər bunun nəticəsində itirildi. Frank ordusu 570-ci ildə hücuma keçərək avarları məğlub etdi. Avarlar Sirmium (Mitrovitsa) şəhərini bizanslılardan tələb edəndə, iki ölkə arasında müharibə başladı. Bizans komandanı I Tiberinin komandanlığındakı ordu avarlara hücuma keçdi. Lakin nizamlı avar ordusu bizanslıları məğlub etməyi bacardı. Bizans bu müharibənin sonunda Avar dövlətinə 80 000 qızıl ödədi və avarlar Sirmium şəhərini istəməkdən əl çəkdilər.
İki ölkə arasındakı münasibətlər 579-cu ildə yenidən bu şəhər üzündən pisləşdi və avarlar üç illik müqavimətdən sonra Bizansın sərhəd qalaları olan Belqrad və Sirmiumu mühasirəyə aldılar. Qalalar 582-ci ildə tamamilə ələ keçirildi. Nəticədə Bizans avarlarla onların şərtləri daxilində barışmaq məcburiyyətində qaldı. Üstəgəl, son üç ildə ödəmədiyi 80 000 qızıl vergisini ümumilikdə 240 000 qızıl olaraq ödəməli oldular. Avarlar müharibələr nəticəsində sayları azalmağa başladıqda, şərqdən bəzi tayfaları öz ölkələrinə gətirdilər. Bayan Xaqan 582-ci ildə qisas almaq üçün frankların ərazilərinə girdi və onları məğlub edərək Frank kralını əsir götürdü. Daha sonra onu qənimət qarşılığında buraxdı. Avarlar Bizansdan illik 80 000 qızıl vergisini 100 000 qızıla qədər artırmağı tələb etdilər və bu qəbul edilmədikdə Belqrad şəhəri yenidən mühasirəyə alındı və ağır itkilərə baxmayaraq müharibədə qalib gəlindi. Bizans 100 000 qızıl vergisini qəbul etdikdən sonra Bayan Xaqan zəngin qənimətlərlə ölkəsinə döndü.
Slavyanlara hücum
Avar sarayındakı nüfuzlu bir din adamının xaqanın hərəmindəki bir qadınla əlaqəsi üzə çıxanda Bizansa sığındı. O, burada slavyanların Bizans torpaqlarına hücum etməsini Bayan Xaqanın istədiyini söylədi. Bundan sonra bizanslılar vergi almağa gələn Avar elçisini 6 ay saxladıqdan sonra avarlar Bizansa hücuma keçdilər. 586-cı ildə bir çox Bizans şəhərini məhv etdilər. Bundan sonra Bizans ordusu Balkan dağlarındakı avarlara hücuma keçərək, onları məğlubiyyətə uğratdı. Bu müharibədə avarlar böyük itki və əsir verdilər. Bir müddət sonra yenidən güclənən avarlar qəfil Bizans ordusuna hücuma keçdilər və əsirlərini xilas etdilər. Amma Bizansın növbəti hücumunda məğlub oldular. Müharibəyə qatılan 3 Bizans ordusu gecə bir-birini axtararkən qəflətən avarların hücumlarına məruz qaldı. Ordunun bir çox hərbçisi və komandiri meşəyə qaçdı, lakin əsir götürüldülər, amma pul müqabilində sərbəst buraxıldılar.
Bizans üzərindəki qələbə ilə mənəvi üstünlük də qazanan avarlar Trakiyaya doğru irəlilədilər, Ədirnə qalasını mühasirəyə aldılar, lakin heç bir nəticə əldə olunmadı. Bu mühasirədə ağır zərbələr alan Bizans avarlarla 5 illik dostluq müqaviləsi bağladı. Bizans 581-ci ildə slavyanlardan keçmiş illərin qisasını almaq üçün avarlardan kömək istədi və 60000 nəfərlik avar ordusu slavyanlara hücuma keçdi və onları məğlub etdi. Slavyanlar ölkələrini tərk edərək meşə və mağaralara qaçdılar, slavyanlar avarların ölkələrini qarət etməsinə müqavimət göstərə bilmədilər. 5 illik Bizans-Avar dostluq müqaviləsinin bitməsindən bir neçə il sonra avarlar yenidən bizanslıların ölkələrinə hücum edərək Salonikini mühasirəyə aldılar, lakin bu heç bir nəticə vermədi. 597-ci ildə frankların ərazilərinə növbəti dəfə hücuma keçərək, onları məğlub etdilər. Avarlar bu vaxt Don çayından Qaliyaya, şimalda slavyan ərazilərindən İtaliyaya qədər geniş torpaqlarda öz hökmranlıqlarını qurmuşdular.
Şahzadə Romhilda
Avarlar 600-cü ildə Bizansla müharibənin sonunda Dunayın sol sahilini itirdilər. Bayan Xaqan 601-ci ildə 4 oğlunu Bizansın üstünə göndərdi və özü də döyüşlərdə iştirak etsə də, bizanslılar bu müharibədə qalib gəldi. Xaqanın 4 oğlu döyüşərək öldü. Oğullarının köməyinə tələsən Bayan Xaqan özünü xilas edərək, Tisa çayı sahillərinə qaçmışdı. Bu müharibədən sonra avarlar geri çəkildilər. Bayan Xaqan 602-ci ildə vəfat etdikdə onun yerinə 5-ci oğlu keçdi. Lakin onun adı məlum deyil. Bəzi mənbələrdə adı "II Bayan Xaqan” adlandırılır.
602-ci ildə yenidən Bizansla barışıq təmin edildi və 610-cu ilə qədər sülh yaşandı. Avarlar 610-cu ildə Lombard şahzadəsi Gisulfun idarə etdiyi Friol şəhərini mühasirəyə alıb, onu öldürdülər. Şahzadənin arvadı Romhilda 8 uşağı ilə qalaya geri çəkildi. Bu qalanı da mühasirəyə alan avarlar mühasirə uzun müddət nəticə vermədikdə geri çəkilmək istədilər, amma bu vaxt Romhilda Avar xaqanı ilə evlənmək şərtiylə qalanın təslim olacağı xəbərini göndərdi. Avarlar bu yolla qalanı ələ keçirdikdən sonra xaqan "Vətəninə xəyanət edən birindən bizə fayda gəlməz”, deyərək, şahzadəni 12 avar gözətçisinə təhvil verdi. Qalanı talan edən avarlar Panoniyaya doğru geri çəkildilər. Bu vaxt Romhildanın uşaqları qaçanda Avar xaqanı onu öldürdü.
İmperatorun qaçışı
610-cu ildə imperator olan I İrakli 616-cı ildə elçiləri vasitəsilə avarlarla dost olmaq istədiyini bildirdi. Bizans imperatoru Avar xaqanı ilə görüşmək istədiyini söylədi, bundan sonra iki hökmdar Selimbriya və Herekleya arasında görüşmək qərarına gəldi. Avarlar bu görüşdə Bizansa hücum edib imperatoru əsir almağı planlaşdırırdı. Bizans imperatoru bunu son anda öyrəndi və qaçmağı bacardı. Avarlar bizanslılara hücum edərək onları tutsalar da, imperatoru tapa bilmədilər. Atası və qardaşlarının qisasını ala bilməyən Avar xaqanı Konstantinopolu mühasirəyə aldı, lakin ələ keçirməyə müvəffəq olmadı. Bu, Konstantinopolun ilk mühasirəsi idi.
Konstantinopolun ikinci mühasirəsi
Avar Xaqanlığı və Sasanilər Konstantinopolu ikinci dəfə mühasirəyə almaq üçün razılaşdılar. Sasanilər bütün Anadolunu keçərək, boğazların Anadolu tərəfinə gəldikdə, avarlar slavyanlar və bulqarların dəstəyi ilə Balkan yarımadası və Trakiyanı keçərək Konstantinopolun ətrafında dayandılar. 626-cı ildə Sasanilərlə birlikdə başlayan mühasirə 5 gün davam etdi. Avarların çox güclü silahları və inanılmaz ox yağışına baxmayaraq, Konstantinopol yaxşı müdafiə olundu. Avar gəmiləri Bizans gəmilərini məğlub edə bilmədi, beləliklə, mühasirə nəticəsiz qaldı. Bizanslılar mühasirədən xilas olduqları üçün bayram elan etdilər və Məryəm Anaya dua oxudular. Bu uğursuz mühasirədən sonra avarlar zəiflədilər.
Sonuncu xaqan
630-cu ildə Avar xaqanının ölümündən sonra Bizans avarların hakimiyyəti altında yaşayan tayfaları üsyanlara təhrik etdi. Üsyanlarda torpaqlarının bir hissəsini itirən Avar dövləti iqtisadi cəhətdən də zəiflədi. Avarlar uzun bir sükutdan sonra - 736-cı ildə Bavariyaya daxil oldular və bu 20 illik müharibədə taqətdən düşdülər, hətta Avstriyadakı torpaqlarını germanlara vermək məcburiyyətində qaldılar. 788-ci ildə İtaliyaya hücuma keçərək, Friol əhərini qarət etdilər, bundan sonra franklara məğlub oldular.
Son – yeddinci Avar xaqanı II Tudun 791-803-cü illərdə hökmranlıq etdi. Bu vaxt Frank ordusu avarlara hücuma keçdi və onların qalarlarını yandırdı. Avar xaqanı Frank kralının yanına elçilərini göndərdi, özü və xalqının xristian olacağını bildirdi və bu hücumların dayandırmasını istədi. Bu təklifi qəbul etməyən franklar Avar ölkəsinin içərisinə doğru hərəkətə keçdilər. Avarlar 796-cı ildə paytaxtlarını itirdikdən sonra şamanlıqdan imtina edərək, xristianlığı qəbul etdilər. II Tudun Frank kralı ilə görüşdü və dini mərasimlə xristian oldu. Frank kralının avarlara qarşı düşmənçiliyi davam etdikdə Tudun Xaqan yenidən şamançılığa qayıdaraq, Bavariyaya hücuma keçdi və Frank kralının qaynı, qraf Ceraldı məğlub etdi və onu öldürdü. Avarlar davam edən müharibələrin sonunda - 803-cü ildə tamamilə dağıldılar. Parçalanmış avar boyları frankların zülmündən xilas olmaq üçün Şərqi Macarıstan və Balkan yarımadasına üz tutular. Xristianlığı qəbul edən avar xalqı tədricən Avropada əriyib yoxa çıxdı. Bu gün Macarıstanda avar nəsillərinin davam etdiyinə inanılır.
Saç hörən türk tayfası
Avar dövlətinin başçısı "xaqan” adlanırdı. Ordu sıralarındakı avar və bulqarlar süvari, slavyanlar, germanlar və digər tayfalar isə piyada kimi döyüşürdülər. Avarlar köçəri həyatı yaşayırdılar. Bəzi avarlar daimi məskunlaşmışdı və ticarətlə məşğul idilər. Bizansdan alınan qızılların hesabına o dönəmdə dünyakı qızıl ehtiyatlarının üçdə ikisi avarların əllərində cəmləşmişdi.
Avarlar hörülmüş saçları ilə digər xalqlara da təsir etmişdilər. Çinli tarixçilər avarları "Saç hörən türk tayfası” adlandırır. Çünki avar kişiləri də saçlarını uzadıb hörürdülər. Avarlar digər türk boyları kimi şamançılığa inanırdılar. Lakin sonrakı illərdə frankların təzyiqləri nəticəsində aralarında xristianlıq yayılmışdı. Axirət dünyasında ac qalmasın deyə avarlar məzarlara yemək qoyurdular.
Tədqiqatlarda avarların sənətə olan marağı da müəyyən edilib. Avarların oxlar, yaylar, qılınclar, üzəngilər, tökmə alətlər, üzərlərində rəsmlər həkk olunmuş qoşqular, bəzəkli kəmərlər və metal lövhələr düzəltdikləri məlumdur. Avarların mədəniyyəti slavyan, german və bizanslılara da təsir etmişdi. Hunlardan sonra avarların suverenliyini qəbul edən slavyanlar onlardan əkinçiliyi öyrənmişdilər. Avarların sərhəd qalalarının qalıqları və Böyük Çin Sədlərinə bənzər divarları bu gün də heyranlıq doğurur. Zərgərlik sahəsində inkişaf etmiş mədəniyyətə sahib olan avarlar qızıl və gümüş qablardan istifadə edirdilər və gözəl geyimləri ilə tanınırdılar.
Mənsur Rəğbətoğlu
Teleqraf.com
Şərhlər