Ölkə 12:07 30.11.2020

Şagirdlər tezliklə internet və avadanlıqlarla təmin olunmasa... (EKSPERT)

"Bakı-Abşeron-Sumqayıtda orta məktəblərdə təhsil alan şagirdlərin yalnız 75%-i məsafədən distant təhsilə qoşula bilib".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, hazırda orta məktəblərdə təhsil alan şagirdlərin hamısı məsafədən distant təhsilə qoşulmaq imkanı əldə etməyib:

"Bakı-Abşeron-Sumqayıtda təhsil alan şagirdlərin internetə qoşulması II-IX siniflər arasında müşahidə olunur. I siniflərdə bu o qədər də effektli deyil. Məktəbəqədər təhsil pilləsində isə məsafədən təhsil yox dərəcəsindədir. X-XI-ci siniflərdə də internetə qoşulma faizi çox aşağıdır. Çünki həmin siniflər daha çox müəllim yanına və hazırlıq kurslarına gedirlər".
 
 

Kamran Əsədov qeyd edib ki, şagirdlərin internetə qoşulması Bakı-Abşeron-Sumqayıtda 75 faizdirsə, regionlarda bu rəqəm 30-40% arasındadır:

"Bu da internetin, kompüterun, telefonun, planşetin olmaması ilə əlaqədardır. Digər tərəfdən internetin qiymətinin baha, sürətinin isə aşağı olması da buna öz təsirini göstərir. Artıq keyfiyyətdə  kifayət qədər enmələr var. Ayda bir dəfə sınaq imtahanları keçirilir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə hazırda olan nəticələr çox aşağıdır. Əgər keçən il 80% şagird doğru cavab verirdisə, indi bu, 55%-ə kimi düşüb. Bəzən II-IV sinif şahirdlərinin testlərdə cavabları keçən illə müqayisədə çox aşağı olur".

Kamran Əsədov bildirib ki, şagirdlər qısa müddətdə internet və avadanlıqlarla təmin olunmasa, get-gedə bu rəqəmlər daha da enəcək.

Bahar Rüstəmli