(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb)
Azərbaycanda bəzi bizneslər müştəri kütləsi formalaşdırdıqdan sonra qiymətləri artırır, bəziləri isə məhsul və xidmət keyfiyyətini əvvəlki səviyyədə saxlaya bilmir. Restoranlarda porsiyaların kiçilməsi, gözəllik salonlarında xidmət haqlarının yüksəlməsi, avtomobil təmiri və geyim mağazalarında qiymət-keyfiyyət nisbətinin dəyişməsi müştərilərin narazılığına səbəb olur.
Belə hallarda sahibkarların müştərini itirməsi nə dərəcədə xərclərin artması ilə, nə dərəcədə isə biznes strategiyası ilə bağlıdır?
İqtisadçı Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, sahibkarlar da məhsul və xidmət keyfiyyətinin yüksək olmasında maraqlıdırlar. Lakin artan xərclər və inflyasiya şəraitində biznesi qorumaq üçün müxtəlif qərarlar verməli olurlar:
“Xərclər artır, inflyasiya mühiti var. Sahibkar biznesini qorumaq üçün iki yoldan birini seçə bilər: ya qiymətləri artırmalıdır, ya da xərcləri qarşılamaq üçün başqa çıxış yolu tapmalıdır. Xərclər davamlı artdığına görə qiymətlərin də yüksəlməsi zərurəti yaranır.
Sahibkar qiymətləri artırır və bunun müştərilərə necə təsir etdiyini yoxlayır. Görür ki, müştərilərin sayı azalır. Amma xərclər artmaqda davam etdiyindən və mənfəətini qorumaq istədiyindən porsiyaları azaltmağa, məhsulun və ya xidmətin keyfiyyətini aşağı salmağa çalışa bilər. Bu yanaşmanı da sınaqdan keçirir. Halbuki keyfiyyətin pisləşməsi müştərilərin davamlı şəkildə itirilməsi riskini yaradır”.

İqtisadçının sözlərinə görə, sahibkarın məqsədi keyfiyyətli məhsul və xidmət təqdim etməklə yanaşı, müəyyən etdiyi qiyməti də müştəriyə qəbul etdirməkdir. Lakin burada bazardakı rəqabətin səviyyəsi mühüm rol oynayır:
“Sahibkar da istəyər ki, hər şey yaxşı olsun, məhsulun və xidmətin keyfiyyəti yüksək səviyyədə qalsın. Amma bunun müqabilində müəyyən etdiyi qiymətləri də müştəri ödəməlidir. Burada bazardakı rəqabətin sıxlığı əsas məsələlərdən biridir.
Bütün sahibkarlar eyni cür davranmır. Biri qiymətləri artırır, digəri isə müştərini qorumaq üçün müəyyən müddət qiymət artımından çəkinir. Ancaq davamlı olaraq qazanc əldə etmədən biznesi idarə etmək mümkün deyil. Bəzi sahibkarlar isə yaranmış vəziyyətdən çıxa bilməyərək müflis olur və fəaliyyətlərini dayandırırlar”.
Xalid Kərimli hesab edir ki, qiymət artımı və keyfiyyətin aşağı salınması sahibkarların xərcləri qarşılamaq üçün seçdiyi üsullardan ola bilər. Ancaq bu qərarların nəticəsi konkret biznesin vəziyyətindən və bazardakı rəqabətdən asılıdır.
Günay İlqarqızı
Material Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.

Şərhlər