Şahin Cəfərli
Siyasət 18:42 30.07.2020

Belarus ətrafında çirkin siyasi planlar: Batka oyunu poza biləcəkmi? (TƏHLİL)

 Şahin Cəfərli
 
Belarusda avqustun 9-da keçiriləcək prezident seçkiləri öncəsi maraqlı hadisələr baş verir.

Dünən dövlət informasiya agentliyi BELTA paytaxt Minsk şəhəri yaxınlığında xarici özəl hərb şirkətlərindən birinin 30-dan çox döyüşçüsünün yaxalandığı barədə xəbər yayıb. Az sonra agentlik dəqiqləşdirib ki, söhbət Rusiyanın məşhur "Vaqner” özəl hərbi şirkətinin əməkdaşlarından gedir. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin "Alfa” xüsusi təyinatlı dəstəsi OMON-un köməyi ilə "vaqnerçi”ləri zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirib. Onlardan 32-si Minsk ətrafındakı sanatoriyada, 1-i isə ölkənin cənubunda yaxalanıb.

Məlumata görə, rusiyalılar iyulun 24-dən 25-nə keçən gecə Minskə gələrək otellərdən birinə yerləşiblər, lakin ayın 27-də paytaxt yaxınlığındakı sanatoriyaya gediblər. "Gəlmələr rusiyalı turistlər üçün xarakterik olmayan davranışları və hərbi stildə, eyni tipdə geyimləri ilə diqqəti cəlb ediblər. Spirtli içki qəbul etməyiblər, əyləncə məkanlarına baş çəkməyiblər”, – deyə xəbərdə bildirilir.

BELTA əməliyyatın fotolarını və yaxalanan 33 nəfərin siyahısını da yayıb. Onlardan ən yaşlısı 1971-ci il təvəllüdlüdür.

Ümumilikdə prezident seçkiləri zamanı Belarusda qeyri-sabitlik yaratmaq məqsədilə Rusiyadan 200-dən çox döyüşçünün göndərildiyi bildirilir. Rusiyalı yazıçı-publisist, Donbasda Ukrayna ordusuna qarşı döyüşlərdə iştirak etmiş Zaxar Prilepin tutulanların arasında onun batalyonunda döyüşmüş 2-3 nəfərin olduğunu təsdiqləyib. O qeyd edib ki, məqsəd Belarusda sabitliyi pozmaq yox, Minskdən dünyanın müxtəlif yerlərinə getmək olub.

Daha əvvəl prezident Aleksandr Lukaşenko güc strukturlarının rəhbərləri ilə müşavirəsində düşmənlərinin meydanlarda dava-dalaş salacaq silahlı qruplar yarada biləcəkləri barədə iddia irəli sürmüşdü. O, iyulun 24-də 5-ci əlahiddə xüsusi təyinatlı briqadanın hərbi qulluqçuları qarşısındakı çıxışında ölkədə etiraz aksiyalarına xarici özəl hərb şirkətlərinin döyüşçülərinin cəlb olunması və Maydan hadisələrinin baş verməsi təhlükəsindən bəhs etmişdi: 

"Bunlar xüsusi hazırlanan peşəkar hərbçilər, quldurlardır və müxtəlif ölkələrdə böyük pullar qazanırlar”.

Qeyd edək ki, "Vaqner” qruplaşmasına Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (məşhur QRU) keçmiş zabiti Dmitri Utkin rəhbərlik edir. Bu qurum "Putinin aşpazı” kimi tanınan, Rusiya prezidentinə yaxın iş adamı Yevgeni Priqojin tərəfindən maliyyələşdirilir. Moskva bu şirkət və onun fəaliyyəti ilə bağlılığını inkar etsə də, "Vaqner”in Rusiyanın xarici siyasət məqsədlərinin həyata keçirilməsində istifadə olunduğu sirr deyil. Aydındır ki, heç kim özbaşına bu qədər keçmiş ordu və polis zabitini yığıb, silahlandıraraq başqa ölkələrə apara bilməz. Qrupun döyüşçüləri Ukraynada, eləcə də Orta Şərq və Afrika coğrafiyasındakı konfliktlərdə (Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və s.) iştirak ediblər və edirlər.

Belarus seçkilərində mövcud prezidentin əsas rəqiblərinin "Belqazprombank”ın sabiq rəhbəri Viktor Babariko, Belarus Yüksək Texnologiyalar Parkının keçmiş rəhbəri, xarici işlər nazirinin sabiq 1-ci müavini, ABŞ-da səfir olmuş Valeri Tsepkalo və tanınmış bloger Sergey Tixanovski olacağı gözlənilirdi. Lakin S.Tixanovski və V.Babariko həbs edildi, V.Tsepkalonun namizədliyinin qeydiyyatından isə imtina olundu. Tsepkalo bir qədər sonra ölkəni tərk edərək Rusiyaya getdi və bunu həbs təhlükəsi ilə izah etdi. Sergey Tixanovski həbs olunduqdan sonra onun həyat yoldaşı Svetlana Tixanovskaya namizədliyini irəli sürüb və qeydə alınıb. Babariko və Tsepkalo isə Tixanovskayanı dəstəkləməyə başlayıblar. Ölkə boyu izdihamlı görüşlər keçirən Svetlana gözlənilmədən Lukaşenkonun real alternativi halına gəlib.

Putin və Lukaşenko arasındakı problemlərin səbəbi

Sual yaranır ki, Rusiyanın Lukaşenkoya münasibətinin soyumasına səbəb nədir?

Qərbdə "Avropanın son diktatoru” epiteti ilə damğalanmış "Batka”nın 26 ildir hakimiyyətdə qala bilməsində Moskvanın dəstəyi xüsusi rol oynayıb. Belarus Rusiyanın postsovet dövründəki inteqrasiya layihələrinin fəal iştirakçılarından biri olub. İlk baxışdan belə görünürdü ki, Belarusun geosiyasi seçimi aydın və qətidir, onun Rusiya ilə inteqrasiyası həll olunmuş məsələdir və bunu heç bir qüvvə əngəlləyə bilməz. Lakin Rusiya tərəfinin münasibətləri yeni səviyyəyə qaldırmaq təklifini gündəmə gətirməsindən sonra məlum oldu ki, Belarus bu səviyyəli tərəfdaşlığa hazır deyil. Moskva ilk dəfə olaraq öz "kiçik qardaş”ından yox cavabı aldı. Putin öz siyasi planlarını reallaşdırmaq üçün B planına keçmək zorunda qaldı.

Təklifin mahiyyəti bundan ibarət idi ki, Putin 1999-cu ilin sonlarında elan olunmuş, ancaq kağız üzərində qalmış Rusiya-Belarus İttifaq Dövləti çərçivəsində real inteqrasiyaya nail olaraq bu dövlətin lideri olmaq istəyirdi. Bu, həm Krımdan sonra keçmiş SSRİ coğrafiyasının geostrateji əhəmiyyəti böyük olan daha bir hissəsini ələ keçirməyə (bu dəfə sülh yolu ilə), həm də Putinə 2024-cü ildə səlahiyyət müddəti başa çatdıqdan sonra da hakimiyyətdə qalmaq vəzifəsini həll etməyə imkan verəcəkdi. 2019-cu il dekabrın 7-də Putin və Lukaşenko arasında Soçidə keçirilən görüşdə inteqrasiyanın dərinləşdirilməsi haqqında razılaşma əldə olunacağı gözlənilirdi. Anlaşma Rusiya-Belarus İttifaq Dövlətinin yaradılmasının (8 dekabr, 1999) 20-ci ildönümünə həsr olunacaqdı. Lakin 5,5 saatlıq görüşün sonunda hər hansı sənəd imzalanmadı. Dekabrın 20-də Sankt-Peterburqda aparılan danışıqlar da nəticəsiz qaldı. Bu görüşlər ərəfəsində iki tərəf arasında iqtisadi inteqrasiyaya dair 31 "yol xəritəsi” müzakirə olunurdu. Sonuncu – 31-ci yol xəritəsində ittifaq dövləti haqqında müqaviləyə uyğun olaraq dövlətlərüstü orqanların yaradılması əksini tapmışdı. Putin açıq bildirmişdi ki, Belarusa iqtisadi dəstək yalnız bu tip ümumi idarəetmə orqanlarının yaradılacağı təqdirdə veriləcək. Dövlətlərüstü orqanlar Putinin rəhbərliyi altında bir mərkəzdən hər iki ölkəni idarə edəcəkdi. Lakin Belarus prezidenti bu təklifi rədd etdi, mövqeyini belə əsaslandırdı ki, tarixdə ilk dəfə olaraq qurulan, öz əlləri ilə yaratdığı müstəqil Belarusu məzara qoya bilməz. Planları alt-üst olan Putin bundan sonra Belarusa qarşı təzyiq metoduna əl atdı, 2020-ci ilin yanvarından etibarən bu ölkəyə güzəştli qiymətlərlə neft ixracını dayandırdı. Belarus isə bundan sonra üzünü Qərbə çevirdi, Norveçdən və ABŞ-dan (həmçinin, Azərbaycandan və Səudiyyə Ərəbistanından) neft almağa başladı. Fevralda ABŞ dövlət katibi Pompeonun Minskə tarixi səfərindən sonra tərəflər 12 illik fasilədən sonra qarşılıqlı səfir təyinatı həyata keçirdilər. Bu göstərir ki, Belarus artıq Rusiya ilə münasibətlərdə "kiçik qardaş” rolundan imtina edir və müstəqil xarici siyasət aparmaqda qərarlıdır.

İndi rusiyalı muzdluların həbsi və bunun açıq mətnlə bütün dünyaya elan olunması ilə Lukaşenko Qərbə nümayiş etdirməyə çalışır ki, Rusiyanın ciddi basqısı altındadır. "Batka” mesaj verir ki, Belarusun suverenliyinin və daxili sabitliyin yeganə qarantı o özüdür, bu səbəblə Qərb onun 9 avqust seçkilərində ənənəvi üsullarla daha bir qələbəsinə göz yummalı və bunu qəbul etməlidir. Əks halda, Moskva ölkədə qarışıqlıq yaradaraq öz adamını iqtidara gətirə bilər, bu halda Belarusun Rusiyanın tərkibinə keçməyəcəyinə heç kim təminat verə bilməz.