Britaniya şahzadəsi, York hersoqu Endryunun başı bəladadır. Buna səbəb, seks trafikinqində ittiham olunmuş, mərhum maliyyəçi Ceffri Epsteynlə əlaqədar qalmaqallı açıqlamalar olub.
59 yaşlı şahzadə, 18 il əvvəl, Epsteynin vasitəsilə yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olmaqda təqsirləndirilir.
Vircinia Roberts (hazırda Virginia Qyuffre) adlı 35 yaşlı amerikalı qadın 2001-ci ildə Ceffri Epsteyn vasitəsilə Londona gətirildiyini və 17 yaşında ikən şahzadə Endryuda daxil, bir neçə şəxslə cinsi əlaqəyə məcbur olunduğunu iddia edir. O, həmin iddiaları BBC-nin Panorama proqramının efirində təkrarlayıb.
Britaniya taxt-tacına sayca səkkizinci namizəd olan şahzadə iddiaları dəfələrlə rədd edib.
Vircinia Qyuffre BBC-nin Panorama proqramına müsahibə verib
Vircinia Qyuffre-nin sözlərinə görə, 2011-ci ildə o, şahzadə Endryu ilə Londondakı gecə klublarından birinə baş çəkəndən sonra bir evə gedərək orada sekslə məşğul olublar.
"O, nəyin baş verdiyini bilir, mən nəyin baş verdiyini bilirəm. Ancaq ikimizdən yalnız birimiz həqiqəti deyir."
Şahzadə Andrew Vircinia Qyuffre ilə hər hansı cinsi əlaqənin olduğu barədə iddiaları qətiyyətlə qəbul etmir. BBC-yə verdiyi müsahibədə o, Ceffri Epsteynin işlərindən bixəbər olduğunu, Vircinia Qyuffre adlı şəxsin yadına düşmədiyini deyir.
2008-ci ildə, seks trafikinqdə ittiham olunan Ceffri Epsteyn 18 aylıq həbs cəzasını çəkəndən sonra maliyyəçi ilə britaniyalı şahzadə arasında əlaqələr bərpa olundu.
Ceffri Epsteyn-in oturub-durduğu adamlar arasında bir vaxtlar Donald Tramp da olub
İyun ayında seks trafikinqin təşkili və şahidlərin susdurulmasında ittiham olunan Ceffri Epsteyn yenidən həbsə alındı. Avqust ayında isə, o, saxlanıldığı kamerada ölü tapıldı.
Bu hadisə yüzlərlə səhifə məhkəmə sənədləri dərc edildikdən, Ceffri Epsteynə və onun yüksək rütbəli tərəfdaşlarına qarşı yeni ittihamlar ortaya çıxdıqdan bir gün sonra baş verib.
Maliyyəçinin Nyu Yorkda, həbsxana şəraitində necə öldüyünü araşdırmaq məqsədilə istintaq davam edir.
Qüdrətli dostlar
Nyu Yorkda doğulan Epsteynə qarşı cinayət işi açıldıqdan əvvəl o, öz sərvəti və yüksək rütbəli şəxslərlə əlaqə qurduğuna görə tanınırdı.
Onunla britaniyalı şahzadənin bir yerdə olması nadir səhnə sayıla bilməz: Epsteyn tez-tez varlı və qüdrətli adamlarla oturub-dururdu. Onların arasında Donald Tramp və Bill Klinton kimi adlar qeyd olunur.
Şahzadə Endryu amerikalı maliyyəçi ilə ziddiyyətli tanışlığına görə təəssüf keçirdiyi deyib.
1990-cu illərdə təməli qoyulan bu əlaqələrin qalmaqallı nəticəsi səbəbindən York hersoqu ictimai səlahiyyətlərindən imtina etməli olub. Bir sıra fond və qurum əməkdaşlığını dayandırıb. 2011-ci ildə şahzadə Endryu ölkəni xaricdə təmsil edən ticarət elçisi vəzifəsindən istefa vermişdi.
Şahzadə Endryu Böyuk Britaniya taxt-tacına sayca səkkizinci namizəddir
Şahzadə Endryu və Azərbaycan
Şahzadə Endryu Britaniyanın Ticarət və İnvestisiya üzrə xüsusi nümayəndəsi olub və bu vəzifəsi daxilində dəfələrlə Azərbaycana səfər edib. 2012-ci ildə belə səfərlər barədə "The Telegraph" nəşri yazıb.
"Hersoq Azərbaycana o qədər tez-tez səfər edir ki, yerli media onun regionda biznes əlaqələri, o cümlədən Xəzər Dənizi sahilində qolf kurortuna sahib olmasına dair spekulyasiyalar edib. Buckingham sarayı bu iddiaları rədd edir".
59 yaşlı Şahzadə Endryunun rəsmi, işgüzar və qeyri-rəsmi təmasları geniş olub. Vaxtilə media, onun "Ərəb baharı"nın ardınca devrilən Liviya və Tunis liderlərinin qohumları ilə müntəzəm təmasları barədə yazıb.
Onun Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayevlə əlaqələri də qeyd olunub. Məlumatlara görə, 2010-cu ildə cənab Kulibayev şahzadə Endryunun Berkşire qraflığında yerləşən evini dəyərindən daha üstün qiymətə almışdı.
İsveçrə prokurorluğu, Kulibayevin əməliyyatlarını çirkli pulların yuyulması üzrə aparılan işlə bağlı araşdırmışdı.
Timur Kulibayev Qazaxıstanın energetika sektorunda ən nüfuzlu şəxslərdən biri hesab olunur
Britaniya kral ailəsinin üzvünə qarşı heç bir ittiham irəli sürülməyib.
Lakin Epsteynin işi ilə bağlı ABŞ-da araşdırma aparan hüquqşünaslar onu aydınlıq gətirməyə səsləyirlər.
"Endryu və Buckingham sarayı üçün bu hadisə getdikcə daha da ciddiləşəcək", - Newsnight proqramına danışan, BBC-nin sabiq kraliyyət müxbiri bildirir. - Çünki ABŞ məhkəməsində ən azı bir, bəlkə də bir neçə araşdırma aparılacaq."
Mişel Koul hesab edir ki, bu işi Sotland Yard (Londonda polis qərargahı -red.) daxilində ört-basdır etmək mümkün olmayacaq.
Mənbə: BBC
Şərhlər