Xəbər lenti

Sağlamlıq imkanları məhdud olan uşaqlara dövlət ödənişləri niyə gecikir?
Ölkə 16:58 07.08.2020

Sağlamlıq imkanları məhdud olan uşaqlara dövlət ödənişləri niyə gecikir?

"Sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara dövlət tərəfindən ödənişlərin verilməsində iki aya yaxındır ki, problem yaranıb". 

Bunu Qaynarinfo-ya Binəqədi rayon sakini Amal Abuşov deyib. Amal Abuşov bildirib ki, sağlamlıq imkanları məhdud olan uşaqlar böyük əlillər kimi 3 ildən bir Tibbi Sığorta Ekspert Komissiyasında müayinədən keçirlər: 

"Koronavirus pandemiyasına görə, mart ayından xüsusi karantin rejimi elan olunandan bu komissiyaların fəaliyyəti dayandırılıb. Çünki xəstə uşaqlar müayinədən keçmək üçün müxtəlif xəstəxanalara getməlidir. Qərar verilib ki, komissiya vaxtı bitənlərin də ödənişi dayandırılmayacaq. Bizdə may ayının 20-də komissiyanın vaxtı bitib. Amma müvafiq qurumlara müraciət edəndə deyiblər ki, "narahat olmayın, karantin bitənə kimi ödənişlər olunacaq, komissiya aparılmayacaq”. 

İyun 23-də də Baş nazir Əli Əsədovun xususi karantin rejimində ödəmələrlə bağlı qərarı var. Orada qeyd olunub ki, 18 yaşı tamam olmamış uşaqların müavinətləri davam etdirilsin. Həmin qərar qəbul olunanda karantin rejimi 5 iyula qədər nəzərdə tutulmuşdu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Binəqədi şöbəsi də bunu əlində bayraq edir ki, Baş nazir həmin qərarı verəndə karantin 5 iyula kimi idi. Biz də 5 iyula kimi ödəniş edirik. Bu müddətə kimi 5 günü hesablayıblar, 200 manatı 6 yerə bölüb 32 manat ödəniş olunub, vəssalam...” 

Amal Abuşov məsələ ilə bağlı dəfələrlə nazirliyin Binəqədi rayon şöbəsinə getdiyini qeyd edib: "Nazirliyin əməkdaşı Fazil Talıblı ilə telefonla danışmışam. Dedi ki, məsələni araşdıracaq. Amma heç nə araşdırılmayıb. 5 iyuldan sonra 3 dəfə karantin rejimi uzadılıb. Amma hələ də müavinəti ala bilmirəm”. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, müavinətlərlə bağlı bütün ödəmələr hər ay vaxtından tez verilir:

"Gecikmə yoxdur. Tədbirdəyəm, sonra baxacağam”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->