"Yaxın 2 həftədə diqqət Britaniya, Belçika, Balkanlar, Rusiya və Türkiyəyə yönələcək".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyandan danışarkən deyib. Onun fikrincə, virus mərəzinin ən pis tərəflərindən biri odur ki, ölkələri dalğa-dalğa vurur:
"Bir ölkə pik nöqtəni keçən kimi digər ölkədə yayılma sürəti artır. Son həftələr dünyada diqqət İtaliya, ABŞ, Fransa və İspaniyada idi. Yaxın 2 həftədə diqqət Britaniya, Belçika, Balkanlar, Rusiya və Türkiyəyə yönələcək. Sonra Yaponiya, Skandinaviya, Belarus diqqət mərkəzinə düşəcək. Ardınca Latın Amerikası, Hindistan, Banqladeş və Afrika gündəm olacaq - bu zəhrimar virus dalğa-dalğa gedib-gəldikcə dünyada əndişə azalmayacaq, sərhədlər tam açılmayacaq.
Nəticədə dünya iqtisadiyyatının işə düşməsi gecikəcək. İqtisadiyyatın gec işə düşməsi dünyaya virusdan heç də az ziyan vurmayacaq - nə isə, əcəb işdi, 4 mlrd. tarixi olan Planetin sanki "sezon finalını" yaşayırıq. Sinqapurda ikinci dalğa başlandığı deyilir - bu gün karantini çox sərtləşdiriblər. Amma Vuhanda da tam sərbəsrlik veriblər - məncə, Çin virusdan çox iqtisadiyyatın daha dərin çökməsindən qorxur deyə bayram havası yaradır. Bəlkə də düz edir - bilmirəm".
Natiq Cəfərli Azərbaycanda yoluxma sayının artdığını deyib:
"Lütfən, bütün izolyasiya və şəxsi gigiyena qaydalarına əməl edin, özünüzü və yaxınlarınızı qoruyun, görək bu işin axırı nə olacaq".
Bahar Rüstəmli
Şərhlər