Hüseynbala Səlimov
Kiçik Corc Buşa qədər mənim ABŞ-a qarşı tamamilə fərqli münasibətim vardı. Hələ də neft qoxuyan və əqli göstəriciləri çoxunda şübhə doğuran (o, hətta İQ testindən keçməyə məcbur olmuşdu!) bu Texas balası çox şeyi "dəyişdi”, dünyada ABŞ-ı və onun prezidentini sevməyənlərin sayı birə-on artdı.
O vaxt bütün planet üzrə bu cür sorğular keçirilirdi və yadımadır, o sorğularda ABŞ-ı və onun yeni prezidentini yalnız və yalnız İsrail əhli sevdiyini bəyan etmişdi.
Bəli, bu adam durub Səddam Hüseyni niyə cəzalandırdığını deyəndən (demişdi ki, o, yəni Səddam mənim atamı təhqir etmişdi!) sonra ona qarşı hörmətim tamam-kamal yox oldu: əlbəttə, Səddam cəllad idi və cəzalanmalı idi, amma böyük Buşu "təhqir” etdiyinə görə yox, iraqlılara qarşı cinayətlərinə, öz ölkəsini belə dözülməz vəziyyətə gətirib çıxardığına, illərlə onu ağır avtoritar qaydalarla idarə etdiyinə və hətta vaxtilə İraq inqilabı zamanı əldə olunmuş bir-iki demokratik dəyəri belə ayaqlar altına atdığına görə...
Yox, demirəm ki, kiçik Corc Buşa qədərki prezident B.Klinton mələk idi, - əlbəttə ki, belə deyildi, o da arvadbazın biriydi və o vaxt demək olar ki, özünün eşq macarəlarına görə sarı mətbuatın gündəmindən düşmürdü.
Di gəl, mən onun əksər nitqlərini oxuyurdum və deyim ki, onları daim USİA-nın materiallarında dərc edirdilər. Bu nitqlərdə ABŞ, onun dünyada yeri və rolu, bu dövlətin missiyası daim duyulurdu. Əlbəttə ki, bizimçün neft maqnatı olan və xüsusən də Azərbaycana qarşı 907-ci düzəlişin qüvvəsini dayandırmış kiçik Buş daha anlaşıqlı və yaxın olmalı idi, di gəl, bir daha deyirəm ki, mən qeyri-demokratik liderləri sevmirəm və o ABŞ prezidentini təqdir edir və sevirəm ki, özünün hər bir sözünə dəyər verir, dünyada milyonlarla, bəlkə də milyardlarla insanın ABŞ-ı və onun cəmiyyətini nümunə kimi qəbul etdiyini bilir və bu ölkəni insanlığın indiyədək yarada bildiyi ən mükəmməl demokratiyalardan biri hesab edir...
Qərəz, kiçik Corc Buş bunların hamısının üstündən xətt çəkdi. Bundan sonra Barak Obama gəldi və bizim müxalifətçilərdən biri demişkən, Ağ Evi "professor”lar iadrə etməyə başladı. Barak müəllim hətta Nobel mükafatı belə ala bildi, dı gəl ki, bu adam ABŞ tarixinə yalnız və yalnız ilk qaradərili prezident kimi düşə bildi.
Ondan sonra gələn Tramp bütün problemlərdə onu suçlamağa və imkan daxilində bütün qərarlarını ləğv etməyə çalışdı ki, amerikalılar bir daha səhv edərək qaradərili insanı prezident seçməsin, o, hətta qəbirdən dirilib gəlmiş Martin Lüter Kinq olsa belə...
Beləcə, spontan şəkildə gəldik çıxdıq Donald Trampa. Bu adam haqqında vaxtında dəfələrlə yazmışdıq ki, onun dövrü "maraqlı” olacaq və bu ingilisdilli Jirinovski bizi, ümumiyyətlə, dünya əhlini darıxmağa qoymayacaq.
Belə də oldu. Deməyəcəm ki, bu adam mənə konkret olaraq kimi xatırladır, amma bunun əlindən nəyisə ləğv etməkdən, ölkəsini hansısa beynəlxalq sazişdən çıxarmaqdan və tənbəlləşmiş amerikalı obıvatelin və ya meşşanın rəğbətini qazanmağa çalışmaqdan savayı da bir şey gəlmir.
Çox adam, ümumiyyətlə, belə hesab edir ki, guya ki, proteksionizm yaxşı şeydir. Əlbəttə ki, o, yerli işçi qüvvəsini və iqtisadiyyatı "qoruyur”, amma onu həm də zəlil edir, çünki azad rəqabətdən məhrum edir,- rəqabət olmayan yerdə isə inkişaf mümkün deyil.
ABŞ cəmiyyəti bu vaxta qədər çox mobil cəmiyyət olub və bunun sayəsində də inkişaf edib. İndi Tramp amerikalılara onların amerikalı olmasını bir imtiyaz kimi təqdim etmək istəyir, onlarda bir növ meşşanlara xas olan bir "eqo” formalaşdırmağa cəhd edir və bununla da onları tənbəlləşidirir, boz kütləyə çevirir...
Tarix boyu ABŞ kimi möcüzənin yaranmasını insanlar azad fermerlərlə, öz dini azadlığını təmin etmək üçün bu qitəyə gəlmiş azad dindarlarla və o cümlədən də protestantlarla, hətta masonlarla izah ediblər. Hər nədirsə, əlbəttə, ABŞ bir möcüzədi - əlbəttə ki, Allahın yaratdığı möcüzə deyil və daha çox insanların möcüzəsidi, odur ki, tamamilə ideal da deyil. Amma bundan yaxşısı və mükəmməli də yoxdur.
Üstəlik bu, digər cəmiyyətlərə həm də bir nümunə olaraq mövcuddur. Tramp isə ya bunu nəzərə almır, ya da unudur. Əgər ABŞ-da hər hansı azadlıq şübhə altına alınırsa, xüsusən də söz və ifadə azadlığı ilə bağlı neqativ insident yaşanırsa, qalan ölkələrdə bu, dərhal özünü biruzə verir: insanlar o saat "Gördünüz? Hətta ABŞ-da...” - deyirlər.
Tomas Cefferson deyirdi ki, o, azad mətbuatı, yoxsa ki, hakimiyyəti seçmək məcburiyyətində qalsaydı, mütləq birincini seçərdi. Düşünmürük ki, onun mətbuatla münasibətləri tamam ideal idi, amma Cefferson bilirdi ki, ABŞ prezidenti yalnız belə deyə bilər və belə deməlidir, çünki bu ölkənin ƏN ALİ QANUNUNDA yazılıb ki, Konqres söz və ifadə azadlığını məhdudlaşdıran hər hansı qərar və yaxud da ki, akt qəbul edə bilməz...
Şərhlər