Dünya 15:58 16.12.2019

Sanna Marin Finlandiya ilə Estoniya arasında gərginliyə səbəb oldu

Ötən həftə dünyanın ən gənc baş naziri kimi fəaliyyətə başlayan Finlandiyanın yeni baş naziri Sanna Marinə qarşı fikirlər ölkəsi ilə Estoniya arasında gərginliyə səbəb olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Estoniyanın daxili işlər naziri Mart Helme onun və Finlandiya hökuməti barəsində tənqidi fikirlər səsləndirib. O, sosial demokrat Marinin qurduğu hökumətin uğursuz olacağını və bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini deyib.

"Vladimir Leninin mətbəxdə xidmətçi olaraq çalışanların belə nazir ola biləcəyini söylədiyi sözləri xatırlayıram. İndilərdə isə bir kassirin baş nazir olduğunu və eyni zamanda küçə fəalları və cahil adamların hökumətə girdiyini görürük", - deyə Helme ERR radiosuna açıqlamasında bildirib.

Estoniya daxili işlər nazirinin açıqlamasından sonra çox sayda Finlandiya vətəndaşı sosial şəbəkədə sanki savaş başladıb. İstifadəçilərin əksəriyyəti Helmenin açıqlamalarının əsassız olduğunu deyərək, onu sərt şəkildə tənqid edib. Yaşanan gərginlikdən sonra Sanna Marin də mübahisəyə qoşulub.

"Finlandiya ilə qürur duyuram. Burda yoxsul bir ailənin uşağı yaxşı təhsil alıb həyatda bir çox şeyə nail ola bilər. Hətta kassir belə baş nazir olar. Finlandiya işçiləri olmadan həyatda qala bilməzdi", - deyə Marrin yazıb. Onun bu açıqlaması rəğbətlə qarşılanıb.

Baş verənlərdən Finlandiya mətbuatına açıqlama verən Estoniyanın daxili işlər naziri dediklərinin subyektiv fikirləri olduğunu və bunun Estoniya hökumətinin mövqeyi olmadığını dilə gətirib. O, iki ölkə arasındakı əməkdaşlıq, dostluq və isti münasibətlər barədə heç bir fikir yürütmədiyini və iki ölkənin qardaş olduğunu bildirib.
 
Çingiz