"Şarl Mişelin bu səfəri 44 günlük müharibədən sonrakı mənzərəni aydınlaşdırmağa xidmət edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaza başlanan səfərinin məqsədlərini dəyərləndirərkən deyib. Həmsöhbətimiz düşünür ki, Aİ Cənubi Qafqazla bağlı siyasətinin yeni konturlarının cizgilərini hazırlayır:
"Aİ yüksək çinli rəsmisinin bu səfərilə özünün Qafqazla bağlı siyasətinin yeni konturlarının nədən ibarət olacağını, qurumun yeni mənzərədə Bakı və İrəvana münasibətində baxışının necə olacağını aydınlaşdırmağa çalışır. Digər tərəfdən, Qarabağ münaqişəsinin həllində Aİ-nin üzərinə mütəmadi olaraq müəyyən missiyalar qoyulub. Madrid prinsiplərində Aİ üzərinə xüsusi öhdəliklər qoyulmuşdu. Münaqişənin həllindən sonra quruculuq prosesinə Aİ töhfə verməlidir. Burada söhbət həm texniki, həm də maliyyə töhfəsindən gedirdi. Bu quruculuq işlərində Aİ lokomotiv rol oynamalıdır. Amma hazırda bunu görmürük”.
Bununla belə, ekspert bildirib ki, bölgədəki quruculuq işlərinə maddi, texniki, diplomatik dəstək verilməsində Aİ-nin daha fəal iştirakı üçün hazırda müəyyən imkanlar yaranıb. Şarl Mişelin səfəri də buna xidmət edə bilər:
"Avropa İttifaqı Cənubi Qafqaza xüsusi önəm verir. Bunu bir neçə müstəvidə görmüşük. Avropanın ümumi təhlükəsizliyi, enerji təhlükəsizliyi, yaxın qonşuluq, şərq tərəfdaşlığı formasında Aİ daim Cənubi Qafqazla münasibətlərə xüsusi önəm verib. Geridə qalan müddətdə həm Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya çatdırılması üzrə əhəmiyyətli layihələr reallaşıb, eyni zamanda bu layihələrə risk yaradan vacib münaqişə, Qarabağ problemi əhəmiyyətli dərəcədə həll edilib. Bütün bunlardan sonra Aİ-nin Ermənistan və Azərbaycanla münasibətlərinə, həm də ümumilikdə Qafqazdakı maraqlarına yenidən baxması zərurəti yaranıb”.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel iyulun 16-dan başlayaraq Cənubi Qafqaz bölgəsinə səfərə çıxıb. Hazırda Ermənistanda olan Aİ rəsmisi oradan Bakıya gələrək, Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcək. İyulun 19-da isə o, Batumidə beynəlxalq konfransda iştirak edərək, Gürcüstan, Ukrayna və Moldova prezidentləri ilə görüşəcək.
Rüfət Sultan
Şərhlər