Siyasət 18:22 25.11.2021

Şarl Mişellə Putinin telefon danışığı: Onlar nəyi bölürlər? - Politoloq

"Şarl Mişellə Putin arasında danışıqların əsasında Avropa və Rusiyanın üst-üstə düşən mənafelər ətrafında bir araya gəlmək məqsədi dayanır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edərkən deyib:

"ABŞ dünya düzənini dəyişdirmək istəyir. Hazırda ABŞ bəzi dünya dövlətləri, xüsusən də Avropa İttifaqını tədricən sıxışdırıb bazardan çıxarır. Aİ başa düşüb ki, anqlosakson mafiyası qurumun əliylə Rusiya ilə qarşıdurma yaradaraq, onları üz-üzə qoyub. Avropada onu da başa düşürlər ki, hər hansı müharibə baş versə, yenə də ayaq altında onlar, ABŞ isə kənarda qalacaq. Bütün bunlar "köhnə dünya”nı narahat edir. Avropa İttifaqının Azərbaycan və Ermənistan rəhbərləri arasında danışıqları Avropa müstəvisinə keçirməsi Moskvanı qıcıqlandırıb, həm də quduzlaşdırıb. Belarusla bağlı da onlar arasında ciddi problemlər var. Avropa gördü ki, Belarus üzərindən Qərbə göndərilən miqrantlar onlara ciddi problemlər yaradır. Digər tərəfdən, bu məsələdə Rusiyanın əli ilə Belarus Avropanın demokratik imicinə zərbə vurmağı bacardı”.
 


Ekspertə görə, telefon danışığı onu göstərir ki, Aİ ilə Rusiya müəyyən məsələlərdə ortaq məxrəcə gəlməyə çalışırlar: 

"Şarl Mişelin Putinə zəng etməsinin arxasında yuxarıda qeyd etdiyim sözügedən problemlər ətrafında bir razılaşma, ortaq məxrəcə gəlmə niyyəti var. Başa düşürlər ki, konfrantasiya böyüdükcə hər iki tərəf ziyan çəkəcək. Bu səbəbdən çalışırlar ki, hazırkı mərhələdə gərginliyi söndürsünlər. Bir sözlə, Mişellə Putin arasında danışıqların məğzində Avropa və Rusiyanın üst-üstə düşən mənafelərdə bir araya gəlmək məqsədi dayanır. Təbii ki, onlar arasında maraqların kəsişmədiyi nöqtələr də çoxdur”. 

Rüfət Sultan