Xəbər lenti

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Neftçalada növbəti tədbir keçirib
Foto 10:53 22.07.2024

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Neftçalada növbəti tədbir keçirib

İyulun 17-də "Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclərdə tariximizə məhəbbət ruhunun möhkəmləndirilməsi” layihə çərçivəsində Neftçala rayonunda Mərkəzi Kitabxanada ictimai müzakirə keçirib.

İctimai müzakirədə layihənin rəhbəri "Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov mövzu ilə bağlı geniş məruzə edib.

K.İsmayılov məruzəsində Neftçala rayonun qədim tarixə malik olduğunu qeyd edərək bildirib ki, Neftçalada ölkə və yerli əhəmiyyətli abidələr olduqca çoxdur. Onun sözlərinə görə, rayonun təbiəti və coğrafi mövqeyinin əlverişliliyiı qədimdən bıırada insanların məskunlaşmasına şərait yaratmışdır. Ona görə də, bütövlükdə Neftçala rayonunun ərazisində tarixi keçmişimizi özündə əks etdirən yaşayış məskənləri, kurqanlar və s.günümüzə qədər gəlib çatmışdır.

Tədbirdə Neftçala rayon MKS-nin şöbə  müdiri, AYB-nin üzvü, "GÜNDOĞAR” Neftçala rayon qəzetinin baş redaktoru Bədirə Niftaliyeva çıxış edərək bildirib ki, vətənpərvərlik duyğuları ilə silahlanmış Vətənimizin Neftçala rayonunda tariximizə böyük məhəbbət vardır: "İstər birinci Qarabağ döyüşlərində, atəşkəs dövründə, 20 Yanvar faciəsində Neftçala gəncləri cəsurluğu ilə fərqlənib, qorxmazlığı, qəhrəmanlığı ilə tarix yazıb. İstər I Qarabağ döyüşlərində, istər atəşkəs dövründə, Aprel döyüşlərində, Vətən müharibəsində, antiterror tədbirlərində. xüsusi əməliyyatlarda qəhrəman  tarix  yazan  oğullar heç zaman unudulmayacaqdır. Biz onların əziz xatirəsini daim ehtiramla yad edirik”.

Sonra o diqqəti iyun ayının 20-də Bakı şəhərində S.C.Pişəvəri adına Respublika Humanitar fənlər gimnaziyasında "Azərbaycanda Elm və Təhsilə şagird baxışı”  mövzusunda keçirilən IV Şagird Respublika Elmi-praktik Konfransa yönəldib. B.Niftəliyevanın sözlərinə görə, bu konfransda Neftçala rayon Cəbrayıl Əhmədov adına Cəngan kənd tam orta məktəbinin tarix müəllimi, öz sənətini sevməkdən ayrı ona bir hörmətlə yanaşan, məsuliyyətini üstün bilən, ictimai, sosial fəallığını heç zaman əskiltməyən Şəhrəbanu müəllimə Əhmədova üç şagirdi və eyni zamanda ərazimizdən, xüsusən Kür çayı sahilindən topladıqları "Tarixi tapıntı”ları ilə iştirak edirdi: "Tarixi yaşatmaq çox böyük xidmətdir. Şagirdlərin çıxışını qiymətləndirən münsiflər sırasında həmyerlimiz, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə də iştrak edirdi. Bizim kiçik həmyerlilər çox möhtəşəm bir təqdimatla, sərbəst, inamlı, izahlı, səlist, ardıcıl bilgi verməklə çıxış edirdilər. Bu tariximizə sevginin əsl nümunəsi idi məktəblilərin simasında. Hərdən tarixi araşdırmalara bir şəxsi münasibətdə tənqidi hədəfləri də qeyd edirdilər. Məktəbli tarixçilərimiz elmi, eyni zamanda sadə izahla tariximizi nə qədər bildiklərini aydın göstərə bilirdilər. İnanın ki, bu kiçik yaşlı məktəblilər öz qətiyyətli, aydın nitqləri ilə hər kəsi məftun etdilər”.

Neftçala rayon MKS-in direktor müavini Gülxanım Abdulhüseynova isə çıxışında qeyd etdi ki, vətənimizin tarixinin araşdırılması və yetişməkdə olan gənc nəslə çatdırılması ölkəmiz üçün taleyüklü məsələdir. Direktor müavininin sözlərinə görə, Neftçala rayonu hər zaman vətənpərvər insanları ilə seçilib: "Torpaqlarımız uğrunda gedən müharibədə rayonumuzun şəhid sayına görə ölkə üzrə ikinci yerdə olması faktı bunu təsdiq edir. Rayonumuzda  3 Sovet İttifaqı Qəhrəmanı, 3  Milli Qəhrəman və 1 Vətən Müharibəsi Qəhrəmanı var. Həmçinin, 1918-ci ildə, 1990-cı ildə rayonumuz ölkəmizdə baş verən məlum hadisələrdən kənarda qalmamışdır. Neftçalanın Seyidlər kəndində 1918-ci ildə Azərbaycana köməyə gələn türk əsgərlərin məzar kompleksi var. Gənclərin vətənpərvərlik tərbiyəsi işi kitabxanalarımızın hər zaman diqqət mərkəzindədir. Azərbaycançılıq, ölkəşünaslıq xarakterli tədbirlər, tariximizi əks etdirən sərgilər təşkil olunur. Mərkəzi kitabxana və kitabxana filiallarımızda şəhidlərimizin, qəhrəmanlarımızın şəkillərindən ibarət foto-stendlər var. Şəhid ailələri və məzarları kitabxanaçılarımız tərəfindən fəal oxucularımızın iştirakı ilə daim ziyarət edilir. Hazırda kitabxanaçılarımız tərəfindən "Qəhrəman qazi və veteranlarımızı tanıyaq" layihəsi həyata keçirilir. Kitabxanamızda rayonumuzun tarixini əks etdirən muzey guşəsi də yaradılıb”.

Gülxanım Abdulhüseynova daha sonra əlavə edib ki, ötən il Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə "Abidələrimizi tanıyaq” layihəsi çərçivəsində rayonun tarixi abidələrinə ekskursiyalar təşkil edilib. Xıllı qəsəbə məscidi və nekropolu, Qoltuq kəndindəki xristian kilsəsi, Bankə Balıq Kombinatının inzibatı binası, Seyidlər kəndində Türk əsgərlərinin xatirə kompleksi və s. tarixi abidələr ziyarət edilib.

Tədbirdə layihənin eksperti, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev və Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov da mövzu ilə bağlı çıxış ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->