"Azərbaycanda sosial yardım qanunvericiliyi ilə bağlı dəyişikliklər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib".
Bu sözləri Sputnik Azərbaycan-a eksklüziv açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin müdiri Babək Hüseynov söyləyib. O, bildirib ki, ilin sonuna kimi ünvanlı dövlət sosial yardımı üçün müraciət daha da asanlaşdırılacaq: "Ünvanlı dövlət sosial yardımının daha şəffaf olması, ehtiyacı olub kənarda qalan faktorların tam aradan qaldırılması nəzərdə tutulur".
B. Hüseynov həmçinin qeyd edib ki, sosial yardımla bağlı qanunvericilikdə ediləcək dəyişikliklərlə ehtiyacı olmayıb ünvanlı sosial yardım alanların sayı minimuma endiriləcək və 0 həddinə çatdırılacaq: "Hesab edirəm ki, payızda bu dəyişiklik öz təsdiqini tapacaq".
Şöbə müdiri onu da bildirib ki, hazırda 60 mindən çox ailə ünvanlı dövlət sosial yardımı alır: "Onların orta ailə tərkibi 4 nəfərdən ibarətdir. Ailəyə düşən ünvanlı yardım məbləği artıq 200 manatı keçib. Adambaşına düşən ünvanlı sosial yardım məbləği 50 manatdır. Hazırda sosial yardım qanunvericiliyində dəyişikliklər üçün müvafiq nazirliklərin müsbət rəyi alınır".
Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımı alanların 50 faizi 18 yaşınadək uşaqlardır: "50 faizdən çoxunu isə gender aspektindən baxsaq, qadınlar təşkil edir".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2006-cı ildən tətbiqinə başlanılan ünvanlı dövlət sosial yardımının verilməsi prosedurlarında indiyədək dəfələrlə dəyişikliklər olub. Amma subyektiv hallar aradan qalxmayıb: "Mən inanmıram ki, yerlərdə 330 manat əmək haqqı alan işçilər tamahlarını yığışdıracaqlar. Ona görə də ünvanlı dövlət sosial yardımının verilməsi üçün elektron sistemi daha da təkmilləşdirməklə, eləcə də müxtəlif dəyişikliklər etməklə ünvanlılığı tam təmin etmək mümkün olmayacaq. Mənim fikrimcə, ünvanlı dövlət sosial yardımı ilə bağlı ən yaxşı dəyişiklik bu məbləğin uşaq pulu kimi ailələrə verilməsi olardı. Artıq xeyli müddətdir ki, ictimaiyyətdə uşaq pulu məsələsi müzakirə olunur. Uşaq pulunun bütün ailələrdə doğulan uşaqlara şamil olunmasındansa, aztəminatlı ailələrdə doğulan uşaqlara verilməsi daha yaxşı olardı. Onsuz da ünvanlı sosial yardımın aztəminatlı ailələrə verilməsinin əsas məqsədi o ailələrdə doğulan uşaqların qidalanmasına, ehtiyaclarının qarşılanmasına dəstək verməkdir. Bizdə əvvəllər uşaq pulu adı altında verilən müavinətlər də sırf uşağın özünə xərclənmirdi. Yenə valideynlər bu pulu uşağın, bütünlükdə ailənin qidalanmasına, qəndə, çaya xərcləyirdilər. Ona görə də bundan sonra ünvanlı dövlət sosial yardımı ilə bağlı sistemi yüz dəfə də dəyişsək, ünvanlılığı tam təmin etmək mümkün olmayacaq. Odur ki, elə bu yardımın uşaq pulu formasında ailələrə verilməsi daha yaxşı olardı".
"Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev isə bildirib ki, ünvanlı dövlət sosial yardımın verilməsi ilə bağlı sənədlərin azaldılması çox vacibdir. Onun sözlərinə görə, hazırda ünvanlı dövlət sosial yardımına müraciətlə bağlı insanlar çətinlik çəkirlər: "Elə sənədlər var ki, onların tələb edilməsinə ehtiyac yoxdur. Bu gün bir sıra qurumlardan həmin sənədlərin doğruluğunu elektron sistem vasitəsilə yoxlamaq və əldə etmək mümkündür. Mən çox istərdim ki, ünvanlı dövlət sosial yardımının verilməsi zamanı bəzi süni əngəllər də aradan qalxsın. Rayonlarda elə ailələr var ki, torpaq payları olsa da, onu əkib-becərə bilmirlər. Buna maddi baxımdan imkanları yoxdur. Belə ailərin önünə torpaq sahəsinin olmasını əngəl olaraq qoymaq düzgün deyil. Bəzi insanların isə atasından qalan mülkü, avtomobili ola bilər. Əgər ailənin gəliri aşağıdırsa, evin, avtomobilin olmasını da əsas gətirərək ünvanlı dövlət sosial yardımının verilməsinə mane yaratmaq olmaz. Bundan əlavə, bəzi ailələr var ki, imkanları olmadığı üçün oğlu, qızı evlənəndə bankdan istehlak krediti götürür. İstehlak kreditini həmin ailənin çarəsizlikdən götürdüyü məqamı da nəzərə alınmalıdır. Ünvanlı dövlət sosial yardımının verilməsi mexanizminin elektronlaşdırılması məmurlarla aztəminatlı ailələrin canlı ünsiyyətini azaldıb. Amma bəzən ailənin durumuna yerində baxış zamanı müəyyən sui-istifadə hallarına yol verilir. Çalışmaq lazımdır ki, ehtiyacı olmadığı halda ünvanlı dövlət sosial yardımının ayrılması halları minimuma endirilsin. Çünki bəzən ehtiyacı olmayanlar lazımi sənədləri əldə etməklə bu yardımdan bəhrələnirlər. Bundan əlavə, ünvanlı sosial yardımın ayrılması üçün yerində ailənin durumuna baxış zamanı bələdiyyələr də bu prosesə cəlb olunmalıdırlar. Eyni zamanda ünvanlı sosial yardımın ayrılması ilə bağlı müraciətlərə cavab vermə müddəti qısaldılmalıdır. Amma ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımının ayrılmasında ünvanlılığı təmin etmək cəhdlərini alqışlayıram. Doğurdan da, nazirliyin bu yardımın ayrılması üçün yaratdığı VEMTAS sistemini daha da təkmilləşdirməsi, yardımın ayrılmasında sui-istifadəyə yol verən əməkdaşlarına qarşı barışmaz mövqeyi təqdirəlayiqdir. Mən inanıram ki, sosial yardımla bağlı qanunvericilikdə ediləcək dəyişikliklər sadaladığımız maneələrin aradan qaldırılmasına imkan yaadacaq".
Şərhlər