Ölkə 12:19 10.04.2021

Saxta vaksinasiya sənədi verən həkimləri hansı cəza gözləyir? - Hüquq müdafiəçisi açıqladı

Vətəndaşlara saxta sənəd verən həkimlər 2 ilədək azadlıqdan məhrum edilə bilər.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşlara saxta sənəd verən 12 həkimin cəzalandırılmasından danışarkən deyib.
 
 

Hüquq müdafiəçisinin sözlərinə görə, əgər söhbət sənəd saxtalaşdırılmasından gedirsə, bu onlarla əmək müqaviləsinin xitam verilməsinə deyil, həmçinin də cinayət məcəlləsi ilə məsuliyyət daşımasına apara bilər:

"Konkret olaraq cinayət məcəlləsində 320-ci maddə var. Orada rəsmi sənədlər, dövlət təltifləri, möhür, blank, ştamp və s. saxtalaşdırılması,  qanunsuz hazırlanması, satılması və ya saxta sənədlərdə istifadə edilməsinə görə məsuliyyət var. Bu həkimlər 3 min manata kimi cərimə oluna bilər. Bundan əlavə ya 2 ilədək müddətə islah işləri və 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyə bilər".

Xatırladaq ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi ilə bağlı 12 həkim işdən çıxarılıb. 


Bahar Rüstəmli