Xəbər lenti

Ekonomiks 19:47 07.11.2019

"Sberbank" ilə Azərbaycan bankı arasında borc məsələsinin aqibəti bəlli oldu

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə Rusiyanın "Sberbank”ı arasında borc məsələsinə son qoyulub.

"Report” "Reuters”ə istinadən xəbər verir ki, bu barədə hər iki tərəfin yüksək səviyyəli nümayəndələri bildiriblər.

2017-ci ildə ABB 3,3 milyard ABŞ dolları məbləğindəki borcunun restrukturizasiyası ilə bağlı plan təklif edərək həmin vəsaitin 93,9 faizinə haqqı olan kreditorların razılığını almışdı. Azərbaycan qanunları əsasında keçirilən restrukturizasiya çərçivəsində London Məhkəməsi tərəfindən icazə olmadan kreditorlara hər hansı tədbir görməyi qadağan edən moratorium verilmişdi.

Məbləğin 20 milyon dollarlıq hissəsinə haqqı çatan və kreditorlar arasında restrukturizasiyaya yeganə razılıq verməmiş "Sberbank” ABB ilə münasibətlərinin Böyük Britaniya qanunları ilə tənzimləndiyini bildirib. 2018-ci ilin dekabr ayında London Apellyasiya Məhkəməsi "Sberbank”ın xeyrinə qətnamə çıxarıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr əvəzi İbrahim Alışovun dediyinə görə, tərəflər arasında cari ilin 14 iyun tarixində razılıq əldə olunub: "Barışıq sazişinə əsasən, Azərbaycan bankının borc öhdəliklərinin restrukturizasiyası çərçivəsində Sberbankın borc öhdəliyi məbləğində, yəni 20 milyon dollar həcmində qiymətli kağızlar buraxıldı”.

Bundan sonra "Sberbank”ın London məhkəməsindəki iddiasını geri çəkdiyini bildirən İ.Alışov Moskva Arbitraj Məhkəməsinin də ABB aktivlərinə moratoriumunu ləğv etdiyini diqqətə çatdırıb.

"Sberbank” tərəfindən də borcun bütövlüklə restrukturizasiya keçmədiyi bildirilib. Problemli aktivlər departamentinin rəhbəri Maksim Deqtaryev qeyd edib: "Sazişə görə, ABB "Sberbank”a, həqiqətən, 20 milyon dolları ödəyib”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->