"Milli Məclisin formalaşmasından dərhal sonra seçki komissiyalarının tərkibi də mövcud nəticələrə müvafiq şəkildə təşkil edilməlidir. Lakin seçki komissiyalarının səlahiyyət müddətinin 5 il olması onların Milli Məclisə seçkilərdən dərhal sonra təşkil edilməsini istisna edir. Qanunvericiliyin bu müddəasından çıxış edərək deyə bilərik ki, hazırkı seçki komissiyaları 9 fevral 2020-ci ildə keçirilmiş Milli Məclisə seçkilərdən sonra formalaşdırıldığından səlahiyyət müddəti bitməyib".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas, Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov Milli Məclisə keçirilən seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası və Dairə Seçki Komissiyalarının formalaşmamasının hüququ tərəflərini izah edərkən deyib.
Ekspert bildirib ki, böyük ehtimalla qarşıdakı 3 ayda seçki komissiyaları yenidən təşkil ediləcək:
"Seçki komissiyalarının mövcud qaydada təşkilini uyğun hesab etmirəm. Bu, seçki komissiyalarının legitimliyi üçün ciddi risklər yaradır. Təsəvvür edək ki, növbədənkənar seçkilər keçirilir və bu seçkilərdə təmsil olunan bir partiya mandatını itirir, başqa bir partiya isə mandat qazanır. Bu halda mandat almayan siyasi partiya hansı əsasla 5 il tamam olana qədər fəaliyyət göstərməlidir? Yaxud da yeni təmsil olunan siyasi partiya nədən seçki komissiyalarının təşklində kənarda qalmalıdır? Bu, onun hüququnun pozulması deyilmi? Hesab edirəm ki, seçki komissiyalarının təşkilində səlahiyyət müddəti prinsipi deyil, Milli Məclisə seçkilər əsas götürülməlidir. Yəni, seçki komissiyaları Milli Məclisə seçkilərdən dərhal sonra mövcud təmsilçiliyə adekvat şəkildə formalaşmalıdır".
Mirəli Hüseynov əlavə edib ki, seçki məcəlləsinin tələblərinə görə ölkədə bütün növ seçki komissiyaları vahid prinsip əsasında təşkil olunur:
"Bu prinsipə əsasən mərkəzi, dairə və məntəqə seçki komissiyaları proporsional şəkildə Milli Məclisdə çoxluq və azlıq təşkil edən siyasi partiyaların və heç bir siyasi partiyaya mənsubiyyəti olmayan üzvlərin təqdim etdikləri namizədlərdən təşkil olunur. Qanunun mahiyyəti bundan ibarətdir ki, seçki komissiyaları Milli Məclisə hər seçkilərdən sonra orada təmsil olunan siyasi qüvvələrə mütənasib şəkildə yenidən təşkil edlməlidir. Bunu parlamentdə təmsil olunan siyasi qüvvələrin tərkibində baş verən və ya baş verə biləcək dəyişikliklər zəruri edir. Yəni mümkündür ki, təmsil olunan müəyyən siyasi partiya növbəti seçkidə mandat ala bilməsin və yaxud tamamilə yeni bir siyasi qüvvə mandat əldə etmiş olsun".
Bahar Rüstəmli
Şərhlər