Qızılbalıq qida maddələri ilə zəngindir, lakin onun da güclü rəqibləri var.
Qaynarinfo-nun məlumatına görə, diyetoloqlar bildirirlər ki, bu balıq hər nə qədər omeqa-3 yağ turşuları və zülal baxımından dəyərli olsa da, bəzi digər soyuq sularda yaşayan balıqlar – sardina, skumbriya, siyənək və forel – tərkib baxımından ondan geri qalmır, hətta bəzi hallarda onu üstələyir.
Niyə qızılbalıq "super məhsul” sayılır?
Omeqa-3 yağ turşuları qızılbalığın "super məhsul” statusu almasının əsas səbəblərindən biridir. Araşdırmalara görə, omeqa-3 ürək sağlamlığı, "pis” xolesterinin və qan təzyiqinin azalması, beyin və yaddaş funksiyalarının dəstəklənməsi baxımından vacibdir. Həmçinin, bu maddələr göz sağlamlığı üçün faydalı sayılır, quru göz sindromunun qarşısını alır və oynaq sağlamlığını dəstəkləyərək osteoporoz riskini azaldır.
Diyetoloq Kristen Lorens qeyd edir ki, qızılbalıq iltihab əleyhinə mexanizmləri dəstəkləyir və əzələ kütləsini qorumağa kömək edir, bu da xüsusilə yaşlandıqca əhəmiyyət kəsb edir. Digər diyetoloq Eşli Koff isə bildirir ki, bu balıq D vitamini, B qrupu vitaminləri (xüsusilə B12, niasin, B6) və antioksidant astaksantinlə zəngindir. Bundan əlavə, kalsium, selen və zülal baxımından da dəyərlidir. Zülalın toxluq hissi yaratması çəki nəzarətində üstünlük sayılır.
Digər faydalı balıqlar
Qızılbalıq hər nə qədər məşhur olsa da, omeqa-3 baxımından rekordçu deyil. Onun əsas rəqibləri skumbriya, siyənək, alabalıq və sardinalardır.
Diyetoloq Emili Miçellin sözlərinə görə, bu balıqlar həm omeqa-3 baxımından zəngindir, həm də civə kimi zərərli maddələri az miqdarda ehtiva edir. Onlar ürək və beyin sağlamlığını qorumaq, iltihabı azaltmaq və ümumi rifahı yaxşılaşdırmaq üçün ideal seçimdir.
Miçell bildirir ki, sardinalar xüsusilə kalsium, D vitamini və selenlə zəngindir, buna görə də sümük sağlamlığı üçün çox faydalıdır. Bəzi tədqiqatlarda skumbriyada omeqa-3 səviyyəsinin qızılbalıqdan daha yüksək olduğu da müəyyən edilib. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) Qidalanma Məlumat Bazasında skumbriya, qızılbalıq və siyənək ən faydalı balıqlar sırasında ilk yerləri tutur; duzlu skumbriya isə DQK (dokozahheksaenoik turşu) baxımından lider sayılır.
Hansı qızılbalıq daha faydalıdır?
Miçell qeyd edir ki, təbii (yabanı) qızılbalıqda yağ miqdarı daha az, omeqa-3 səviyyəsi isə daha yüksəkdir – xüsusilə EPK və DQK turşuları baxımından.
Eşli Koff əlavə edir ki, qızılbalıqda civə kimi ağır metalların miqdarı ton balığı və qılınc balığı ilə müqayisədə az olsa da, mikoplastik çirklənməsi baxımından tam təhlükəsiz sayılmır. Onun sözlərinə görə, əvvəllər yalnız yabanı qızılbalıq daha faydalı hesab edilirdisə, indi keyfiyyətli təsərrüfat şəraitində yetişdirilmiş qızılbalıq da azı onun qədər, bəzən daha çox qida dəyərinə malikdir.
Aydın
Şərhlər