Macarıstanda 12 aprel tarixində keçiriləcək kritik seçkilər öncəsi siyasi gündəm "gizli kaset" iddiası ilə sarsılıb.
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, müxalifət lideri Piter Maqyar 2024-cü ildə keçmiş tərəfdaşı ilə yaşadığı şəxsi anların gizlicə çəkildiyini bildirərək, bunun seçkilər öncəsi üzərinə yönəldilmiş "Rus tərzi şantaj cəhdi" olduğunu açıqlayıb.
Aparılan sorğularda 12 aprel seçkilərində partiyası Tisza-nın açıq üstünlükdə olduğu görünür. Maqyar sosial media hesabında sözügedən münasibətin razılığa əsaslandığını bildirib. Hadisənin baş verdiyi mənzildə qanunsuz maddələrin tapılması ehtimalını qəbul etsə də, Maqyar həyatında heç vaxt narkotik istifadə etmədiyini vurğulayıb.
Macarıstan mediasında bir otel otağını xatırladan, içində yataq olan otağın fotosu geniş şəkildə yayılıb. İddialara görə, bu görüntünün davamında bir videonun da yayımlanacağı bildirilir ki, bu da seçki atmosferini gərginləşdirib.
Magyar fotonun 2024-cü ilin avqust ayında Tiszada keçirilən yay əyləncəsindən olduğunu iddia edərək, bunu "klassik rus üslubunda şantaj" adlandırıb. Onun açıqlaması zamanı iddia edilən video hələ yayımlanmamışdı.
Video mesajında Baş nazir Viktor Orbana müraciət edən Maqyar bildirib: "Məni təhdid edə bilməzsiniz, məni şantaj edə bilməzsiniz".
Hökumət və iqtidar partiyası rəsmiləri iddia edilən videoyla hər hansı əlaqələrinin olmadığını açıqlayıb. Baş nazirlik ofisi isə Maqyarın ittihamlarına dair elektron poçtla göndərilən sorğuya dərhal cavab verməyib.
"Gizli kaset" iddiaları "Telex" xəbər saytının bazar ertəsi günü yayımladığı xəbərdən sonra gündəmə gəlib. Xəbərdə, milli təhlükəsizlik araşdırmasına əsaslanaraq, Budapeştdə yerləşən bir batareya müəssisəsində yüksək toksiklik səviyyəsi olduğu və iqtisadi səbəblərlə müəssisənin bağlanmadığı iddia edilib.
Xəbərdə həmçinin minlərlə işçi və ətraf sakinlərinin risk altında qaldığı bildirilir. Hökumət iddiaları rədd edib, batareya şirkəti isə müəssisənin zəruri qaydalara uyğunlaşdırıldığını açıqlayıb. Kaset iddiaları bu xəbərdən dərhal sonra ortaya çıxaraq hökuməti müdafiə mövqeyinə sürükləyib.
Piter Maqyar uzun illər Orbanın iqtidar partiyasında çalışdıqdan sonra 2024-cü ildə Tisza Partiyasını qurub. Qısa müddətdə parçalanmış müxalifəti bir araya gətirməyə nail olan Maqyar həyat səviyyəsinin aşağı olması, iqtisadi idarəçilik və korrupsiya iddiaları üzərindən geniş seçici dəstəyi toplayıb.
16 ildir fasiləsiz hakimiyyətdə olan Orban üçün 12 aprel seçkiləri ən çətin sınaqlardan biri sayılır. Seçkilərə bir neçə həftə qalmış ortaya atılan "gizli kaset" iddiası Macarıstanda artıq gərgin olan seçki kampaniyasını daha da gərginləşdirib. İndi gözlər iddia edilən görüntülərin yayımlanıb-yayımlanmayacağına çevrilib.
Aydın
Şərhlər