Xəbər lenti

Kubada kritik vəziyyət: Küçələrdə nə avtomobil, nə də turist qalıb (FOTO)
Foto 12:12 13.02.2026

Kubada kritik vəziyyət: Küçələrdə nə avtomobil, nə də turist qalıb (FOTO)

ABŞ-ın uzun illərdir davam edən embarqonu daha da sərtləşdirərək adaya yönəlik neft tədarükünü hədəfə alması Kubada yanacaq böhranını dərinləşdirib. Nəticədə otellər bir-bir bağlanır, turistlər isə qruplar halında ölkəni tərk edir. Yerli sakinlər küçələrdə avtomobil qalmadığını bildirərək vəziyyətin kritik həddə çatdığını deyirlər.

Qaynarinfo xəbər verir ki, ABŞ administrasiyasının Kubaya neft daşıyan tankerlərə qarşı tətbiq etdiyi sərt blokada ölkədə misli görünməmiş enerji böhranına səbəb olub. Yanvar ayından etibarən ABŞ hərbi gəmilərinin Venesueladan gələn tankerlərin hərəkətinə mane olduğu, həmçinin Vaşinqtonun Kubaya ixrac həyata keçirən Meksika kimi ölkələrə gömrük rüsumları ilə hədələr göndərdiyi bildirilir. Bu addımlar adanın enerji təchizatını faktiki olaraq kəsib.

Otellər bağlanır, uçuşlar dayandırılır

AFP-nin əldə etdiyi Turizm Nazirliyinə məxsus daxili yazışmalar böhranın miqyasını ortaya qoyur. Sənədlərə əsasən, 30 otel və kurort müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hava limanlarında təyyarələr üçün yanacaq tapılmadığına görə aviaşirkətlər reysləri təxirə salır və ya ləğv edir. Kanada və Rusiya kimi ölkələr isə Kubada qalan vətəndaşlarını təxliyə etmək üçün adaya boş təyyarələr göndərir.

Kubanın qərbində səfərini yarımçıq qoyaraq paytaxt Havana şəhərinə qayıtmağa çalışan fransalı turist Frederik Monne vəziyyəti belə təsvir edib: "Yalnız bir taksi tapa bildim. Bir az da geciksəydim, yəqin ki, onu da tapa bilməzdim".

Amerikalı turist Liam Börnell isə hava limanında yanacaq çatışmazlığı səbəbindən ölkəsinə qayıda bilməmək qorxusu yaşadığını bildirib.

Küçələr boşdur, vəziyyət kritikdir

Turizm Kuba üçün ərzaq və dərman idxalı üçün zəruri olan valyuta axınının ikinci ən mühüm mənbəyidir. Lakin hazırda Havana küçələrində turistlərin maraq göstərdiyi açıq damlı klassik avtomobillər və faytonlar boş dayanır. Turist avtobusları demək olar ki, sərnişinsiz hərəkət edir. Yerli əhali isə dolanışıq çətinliyi ilə üz-üzədir.

Turistlərə xidmət göstərən klassik avtomobil sürücüsü, 34 yaşlı Xuan Arteaqa vəziyyəti belə ifadə edib: "Vəziyyət kritikdir, həm də çox kritik. Küçədə maşın yoxdur, çünki yanacaq yoxdur. Kimdə az miqdarda ehtiyat varsa, onu gizlədir. Çəndəki benzin bitəndə evə gedəcəyəm. Başqa nə edə bilərəm ki?"

Pandemiyadan sonra daha bir zərbə

Kuba iqtisadiyyatı 1962-ci ildən davam edən embarqo ilə yanaşı, pandemiya dövründə turizm gəlirlərində qeydə alınan 70 faizlik azalma səbəbindən artıq ciddi zərbə almışdı. Mövcud enerji böhranı isə vəziyyəti daha da ağırlaşdırır.

Bu arada Rusiyanın Kubaya neft tədarükünə başlamağa hazırlaşdığı bildirilir. Rusiyanın "İzvestiya” qəzetinin Havana şəhərindəki səfirliyə istinadən yaydığı məlumata görə, neft göndərişinin humanitar yardım formatında yaxın vaxtlarda başlaması gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov da Kubaya yardım variantları ilə bağlı məsləhətləşmələrin aparıldığını təsdiqləyib. Digər tərəfdən, Çili də Kubaya humanitar yardım göndərəcəyini açıqlayıb.

Aydın
--> -->