Avstraliya torpaqlarının dərinliklərində gizlənən sirlər elm dünyasında böyük maraq doğurur. Adətən vəhşi təbiəti ilə diqqət çəkən qitə bu dəfə kilometrlərlə dərinlikdə yerləşən nəhəng geofiziki sirr ilə xəbərlərə mövzu olub.
Qaynarinfo xəbər verir ki, CSIRO tərəfindən aparılan yeni geofiziki tədqiqat Şimal Ərazisinin altında indiyədək görünməmiş aydınlıqda nəhəng "maqnit anomaliyası”nı xəritələşdirib. Kəşf göstərir ki, qitənin bu hissəsi qeyri-adi geoloji quruluşlara malikdir və regionun formalaşma tarixi barədə mühüm ipucları daşıyır. Maraqlıdır ki, yeraltı strukturun forması təsadüfən Avstraliya qitəsinin öz konturlarını xatırladır.
Tədqiqatın əsasını təşkil edən məlumatlar "Bonney Well” araşdırması çərçivəsində havadan toplanıb. Müasir sensorlarla təchiz olunmuş təyyarə ərazi üzərində sanki "otbiçən” dəqiqliyi ilə, bir-birindən cəmi 400 metr aralı paralel xətlər boyunca uçuşlar həyata keçirib. Əldə olunan yüksək dəqiqlikli maqnit məlumatları qabaqcıl kompüter alqoritmləri ilə emal edildikdən sonra Yer kürəsinin maqnit sahəsindəki qeyri-adi sapma üzə çıxıb.
CSIRO tədqiqat qrupunun rəhbəri doktor Kliv Foss bildirib ki, bu məlumatlar bir növ "rentgen” funksiyası yerinə yetirir. Onun sözlərinə görə, maqnit göstəriciləri sayəsində normalda tamamilə gizli qalacaq geoloji memarlığı torpağın altından görmək mümkün olub.
Yerin altındakı nəhəng maqnit: Əyilmənin mənbəyi nədir?
Yer kürəsinin maqnit sahəsi xarici nüvədəki ərimiş dəmir və nikelin hərəkəti nəticəsində formalaşır. Lakin bu sahə planetin hər nöqtəsində eyni gücə malik deyil. Səthin altındakı mineral yataqları və ya iri yeraltı strukturlar sahədə dalğalanmalara səbəb ola bilir.
Məsələn, Rusiyadakı Kursk maqnit anomaliyası zəngin dəmir filizi yataqları ilə izah olunur. Afrikadakı Bangui anomaliyasının isə meteorit toqquşması nəticəsində yarandığı ehtimal edilir. Avstraliyadakı yeni anomaliyanın isə səthin dərinliklərində yerləşən nəhəng geoloji qatlarla bağlı olduğu düşünülür. Təxminən 1,5 milyard il əvvəl formalaşmış "Hatches Creek” formasiyasındakı vulkanik laylar və qumdaşları tərkibindəki yüksək maqnit minerallara görə əsas şübhəli hesab edilir.
Bununla belə, mürəkkəb maqnit siqnallarını şərh etmək asan deyil. Avstraliya qitəsinin tektonik hərəkətlər nəticəsində tarix boyu Yer səthində yerini dəyişməsi və Yer kürəsinin maqnit qütblərinin müəyyən dövrlərdə çevrilməsi qayaların daxilində "kilidlənmiş” maqnit izlərini oxumağı çətinləşdirir. Qayalar yarandığı andan etibarən saxladıqları maqnit istiqamətini qoruyur və qitənin hərəkəti ilə bu istiqamətlər gözlənilməz tərəfləri göstərə bilir.
Doktor Foss vurğulayır ki, məlumatların dərinliyini və istiqamətini düzgün müəyyən etmək üçün yüksək səviyyəli ekspert şərhi tələb olunur. Alimlər indi qitənin altındakı bu nəhəng strukturun Avstraliyanın geoloji keçmişinə dair hansı itmiş hissələri tamamlayacağını araşdırmağa çalışırlar.
Aydın
Şərhlər