Misli Premyer Liqasında "Şamaxı" - "Qarabağ" (1:2) qarşılaşmasının ardından keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun toxunduğu mövzulardan biri də komanda üzvlərindən birinə gələn təklif olub. Təcrübəli mütəxəssis "bu gün də bir futbolçum mənə yaxınlaşıb deyir ki, yaxşı təklif var, nə düşünürsünüz, getməyim və ya qalmağımla bağlı" ifadələrini işlədib. Artıq həmin oyunçunun kimliyi dəqiqləşib.
Qaynarinfo Qol.az-a istinadla xəbər verir ki, sözügedən futbolçu braziliyalı yarımmüdafiəçi Pedro Bikalyodur.
24 yaşlı dayaq yarımmüdafiəçisi ötən ilin yay transfer pəncərəsində Braziliyanın "Palmeyras" klubundan Ağdam təmsilçisinə keçid edib. O, nümayiş etdirdiyi inamlı oyunla qısa müddətdə komandanın əsas heyətində möhkəmlənməyi bacarıb.
Bikalyo UEFA Çempionlar Liqası çərçivəsində baş tutan "Benfika" - "Qarabağ" qarşılaşmasının ən yaxşı oyunçusu adına layiq görülüb. Son zamanlar mətbuatda onun adı tez-tez müxtəlif klublarla hallanır və transfer təklifləri aldığı barədə məlumatlar yayılır.
Xatırladaq ki, braziliyalı legionerin "Qarabağ" klubu ilə mövcud müqavilə müddəti 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Şərhlər