Zahir Əzəmət
Siyasət 13:50 05.01.2020

Seçkiyə inamı necə qaytarmalı?

Zahir Əzəmət

Son bələdiyyə seçkiləri və fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinin ilkin mərhələsi çox ciddi problemləri ortaya çıxarır. 

Bu problemlərin aktiv ictimai müzakirəsinə ehtiyac var. 

Hərçənd sosial şəbəkələrdə çoxluq lağ-lağıya və qonşu ölkələrin mövzularını müzakirə etməyə köklənib, ağıllı insanların səsi bu küydə eşidilməz olub.

Amma nə etməli, biz yenə cəhd edək.

SEÇKİ İNSTİTUNA İNAM İTİB!

Son bələdiyyə seçkilərində inzibati resursların səfərbər edilməsinə baxmayaraq, seçici fəallığı cəmi 30 faiz civarında oldu. 

Mənim də hazırda aktiv qoşulduğum parlament seçkilərinin ilkin mərhələsi də eyni mənzərəni ortaya qoyur. Təkcə bizim dairəmizdə deyil, digər dairələrdən aktiv namizədlərin yazdıqlarına da dayanaraq, açıq şəkildə etiraf etməliyik ki, xalqın seçki prosesinə, onun şəffavlığına, effektivliyinə inamı sarsılıb.

YAP-ın açıqladığı namizdlər siyahısı isə bu inamın az qala tamamilə itməsinə səbəb oldu. İslahatlara adekvat olmadığı üçün özünü buraxan köhnə parlamentin spikerindən tutmuş, dövlətin vergi məmurlarını ailəlikcə yığışıb şapalaqlayan, adı cinayət işinə qarışan deputata qədər - ən qalmaqallı isimləri yenidən eyni siyahıda görən xalq haqlı sual verir: nə dəyişdi ki?

Proses göstərdi ki, köhnədən qalan seçki məcəlləsi və MSK-nın təlimatları da yeni dövrə, islahatlara adekvat deyil. Dövlət babanın öz bildiyi - rəsmi gəlirlər, əmlak arayışı, iş yerindən arayış kimi bilgiləri təkrar namizəddən soruşması absurddur, lazımsız bürokratiyadır. İlkin məlumatların da analizi göstərir ki, xeyli sayda şəxsin namizədliyi məhz bu arayışlarda yaranan kiçik uyğunsuzluqlara görə ləğv edilib. 

Digər tərəfdən isə rəsmi qurumlar arasında seçki ilə bağlı koordinasiyanın olmaması da mütləq qeyd edilməlidir. Məsələn, MSK namizədlərdən əmlak haqqında arayış istəyir, Əmlak Komitəsi isə az qala 10 günlük bayram tətilinə buraxılır. Bəs namizəd bu arayışı hardan əldə etsin? 

Pulsuz efir vaxtı ləğv olunub, namizədlərə dövlətin ilkin maddi dəstəyi yoxdur. Bununla da parlament seçkiləri xalqın təmsilçilərinin yox, oliqarxların seçki yarışına çevrilmiş olur.

Bölgələrdən isə icra strukturlarının yenə prosesə müdaxilə etməsi ilə bağlı siqnallar gəlməyə başlayıb. Bir çox dairələrdə icra strukturları əhaliyə açıq şəkildə alternativ namizədlərə imza verməkdən imtina etməyə səsləyib. Amma ədalət üçün onu da əlavə edim ki, Bakı, Sumqayıt və Abşeron kimi mərkəzi şəhərlərdə icra strukturlarının ilkin mərhələdə prosesə açıq müdaxilə faktlarına rast gəlinmir. Bununla belə, təkcə 45 saylı Abşeron seçki dairəsində bir neçə şəxsin namizədliyinin yuxarıda sadaladığım "arayış uyğunsuzluğu" kimi süni və bürokratik əngəllər hesabına ləğv edilib. 

Bütün bu faktorlar, təkcə seçicinin deyil, elə namizədlərin də prosesə inamını öldürür və məyusluq doğurur.

VƏZİYYƏTİ NECƏ DƏYİŞMƏLİ?

Seçici narazıdır. Sosial problemlər məngənəsindədir. Neft buruqlarının cəmi bir neçə kilometrliyində yerləşən Bakı, Abşeron kəndləri belə yolsuzluqdan, suyun fasiləli verilməsindən, telefon xəttlərinin və internetin olmamasından, qaz-işıq limitindən, işsizlikdən, dolanışıqdan şikayətçidir. Bölgələrdə durum daha ağırdır. XXI əsrdir, az qala 30 ildir müstəqil dövlətik. Kosmosa peyk buraxırıq, amma burdan-bura təbiətin bizə pulsuz bəxş etdiyi suyu insanların qapısına çatdıra bilmirik. Mərkəzi yolları aşandan sonra sanki başqa bir Azərbaycanla üz-üzə qalırsan. Bəs bu 30 ildə icra hakimiyyətləri, bələdiyyələr, dövlət qurumları və millət vəkilləri nə işlə məşğul olub? Seçici narazı və küskün olmasın, nə etsin? 

Möhtərəm Prezidentimiz İlham Əliyev də seçici ilə həmrəydir: "Bəzi hallarda, mən bilirəm, deputat seçilir, ondan sonra öz dairəsinə heç baş çəkmir, heç maraqlanmır. Sonra da növbəti seçkilər yaxınlaşanda başlayır ki, mənə dəstək verin..." 

Seçici görəndə ki, 15 il onun küçəsində, qapısında nəfəsi belə durulmayan eyni şəxsi yenidən deputat etməyə çalışırlar- onu seçkiyə necə inandırasan? "Seçilən seçilib" deyib boynunu bükən vətəndaşın üzünü necə güldürəsən? 

Məsələn, son bələdiyyə seçkilərində səsverməyə getməyən 70 faiz seçicinin nə düşündüyünü, hansı ideya və platformaları dəstəklədiyini hardan biləsən? Bu, elə dövlət üçün də təhlükə deyilmi?

Xalqın səsverməyə getməsi, öz vətəndaşlıq mövqeyini ortaya qoyması həm də ona görə vacibdir ki, dövlət baba real analizlər aparmaq üçün dataya sahib olsun (əgər bunu istəyirsə). 

Xalqın gerçək səsinin parlamentdə təmsil olunması, ölkədə başlayan islahatların daha da dərinləşməsi, səmimiyyət qazanması üçün də önəmlidir. 

Elə isə vəziyyəti necə dəyişməli?

Seçicini necə və nəyə inandırmalı? Sonrakı məyusluqdan necə qaçmalı?

Radikallar artıq indidən sual verməyə başlayıb: "Hər şey təkrarlanacaqsa, formal olacaqsa, 10 fevralda seçiciyə nə deyəcəksiniz?"

Bu suallar müzakirə edilməli və ağıllı cavablar tapılmalıdır.

Fikrimcə, hələ də prosesə və ölkədəki islahatların səmimiyyətinə inananan namizədlərin üzərinə böyük yük düşür, onlar qapı-qapı düşüb, hər bir ailə ilə fərdi iş aparmalı, onları seçkiyə və islahat prosesinə dəstək verməyə inandırmalıdır. Seçicilərin səsinə sahib çıxmaq isə dövlət babanın məsuliyyətidir.